Politicon.co

Roza Otunbayeva ilə müsahibə (Birinci hissə): SSRİ-dən Qırğızıstana

Roza Otunbayeva ilə müsahibə (Birinci hissə): SSRİ-dən Qırğızıstana

Görkəmli dövlət xadimi və diplomat Roza Otunbayeva Qırğızıstanın müasir tarixinə böyük təsir göstərmiş və hətta 2010-cu ildən 2011-ci ilədək prezident vəzifəsini icra etmişdir. 2017-ci ilin noyabr ayında Kristian Ekker (Christian Eccher) ilə Bişkekdə baş tutan bu eksklüziv müsahibədə Otunbayeva gərgin siyasi həyatı və ölkəsinin yaxın gələcəkdə qarşılaşa biləcəyi çətinliklər haqqında danışır.

Müsahibənin birinci hissəsi SSRİ-nin dağılmasından sonra Qırğızıstanın yaranmasını və demokratiya yolunda atdığı ilk çətin addımları əhatə edir.

Ekker: Nə vaxt siyasətlə məşğul olmağa ehtiyac hiss etdiniz? Bu, olduqca maraqlıdır, çünki siyasətə girdiyiniz zaman Sovet İttifaqının siyasi həyatında o qədər də çox qadın yox idi. 

Otunbayeva: Biz hələ də bir növ müasir Sovet İttifaqında yaşayırıq. Qırğızıstan SSRİ-nin tərkibində olduğu dövrdə hamı siyasətlə məşğul idi. 

Mən Moskva Dövlət Universitetini bitirdim və Qırğızıstan Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləməyə başladım. 1979-cu ildə partiya işinə qəbul oldum və Bişkekin Lenin rayonunda işə başladım. 

1986-cı ildə partiya komitəsindən Qırğızıstan SSR hökumətində işə keçirildim; orada üç il baş nazir müavini və xarici işlər naziri vəzifələrində çalışdım. Bütün Sovet respublikalarının öz Xarici İşlər Nazirlikləri var idi, lakin bu qurumlar formal funksiya daşıyırdı, çünki bütün qərarlar Moskvada verilirdi.

1989-cu ildə Eduard Şevardnadze məni Moskvaya, Sovet İttifaqı Xarici İşlər Nazirliyinə dəvət etdi. Mən üç il Sovet İttifaqının YUNESKO-da nümayəndəsi və YUNESKO Komissiyasının sədri kimi fəaliyyət göstərdim. 

Bu, Sovet İttifaqının xarici siyasətində də Yenidənqurma (Perestroyka) dövrü idi. Almaniya yenidən birləşir, SSRİ Əfqanıstandan çəkilir, bütün Mərkəzi və Şərqi Avropa Sovet təsir dairəsindən çıxırdı. 

Qorbaçov məni Malayziyaya səfir təyin etmək fikrində idi. O, bununla bağlı fərmanı 1991-ci ilin oktyabrında imzalamışdı, amma Sovet İttifaqı dekabrda dağıldı. Mən bir müddət havada qaldım. Tezliklə, Bişkekdən Qırğızıstana qayıtmaq və Xarici İşlər Nazirliyinə rəhbərlik etmək üçün dəvət aldım. 1992-ci ilin fevralında geri qayıtdıqda Nazirliyi, demək olar ki, çox gənc və təcrübəsiz heyət ilə sıfırdan yaratmalı, bütün ölkələrlə münasibətlər qurmalı idik. Başqa sözlə, biz ölkəmizi dünya xəritəsinə salırdıq. Çox məsuliyyətli bir vaxt idi və bacarıqlı diplomatların əhəmiyyətli dərəcədə yoxluğu ilə üzləşmişdik. 

İqtisadiyyat çox zəif idi: Rusiya ilə bütün əlaqələr pozulduğundan, indi necəsə öz başımıza həyatda qalmalı idik. Alınan kreditlər və maliyyə mənbələri üçün Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna ehtiyacımız var idi. Prezident Əsgər Akayev məni 1992-1994-cü illərdə Qırğızıstan səfiri kimi ABŞ-a göndərdi. Vaşinqton bizim üçün açar idi, çünki lazım olanı oradan ala bilərdik. Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna qoşulduq. ABŞ Qırğızıstana böyük miqdarda humanitar yardım ayırdı.

Qırğızıstanın birinci prezidenti Əsgər Akayev

Mən orada daha uzun müddət işləyə bilərdim, amma Qırğızıstan hökuməti mənim olmadığım müddətdə yeni Xarici İşlər Naziri təyin etməkdə çətinlik çəkdi. Beləliklə, 1994-cü ildə Bişkekə qayıtdım və 1997-ci ilə qədər nazir kimi çalışdım. Ancaq bu yeni müstəqil olmuş bir dövlət üçün gərgin dövr idi. Təməl işlərin, dövlət aparatının, beynəlxalq əlaqələrin qurulması həyati əhəmiyyət daşıyırdı. Həm daxili, həm də xarici olaraq bir çox problemlə üzləşirdik. Heç bir təbii sərvətimiz olmadığından, daha çox çalışmalı, öz inkişaf yolumuzu tapmalı idik. 

Akayevin etdikləri mənim üçün qəbul olunmaz idi. Mən Qırğızıstanı qərbdə və Amerikada demokratik bir ölkə olaraq qəbul etdirmək üçün əlimdən gələni edirdim. Əslində Akayev də erkən prezidentlik dövründə demokratiyaya sadiqdi. Demokratik bir ölkə kimi tanınmaqdan ötrü mümkün və qeyri-mümkün hər şeyi edirdik. İndi Akayevi retrospektiv olaraq qiymətləndirərək iddia edə bilərəm ki, o, hakimiyyət sınağından keçə bilmədi. Maddi məsələlər ona qalib gəldi. O, sadəcə Elmlər Akademiyasının üzvü, sonra isə prezidenti olmuş bir alimdi. Bir müddət sonra Akayev partiyaya və Qorbaçovun parlamentinə qoşulmuş və nəhayət presidentliyə gəlib çıxmışdı. Bəlkə də, o, bu hakimiyyətə hazır deyildi. 

Xalq ona, onun islahatlarına inanırdı. Düşünürdülər ki, Akayev islahatlara başlayıb və onları tamamlayacaq. Biz bazar iqtisadiyyatı, demokratiya, söz azadlığı yaradırdıq. Lakin 1997-ci ildə bizim hələ ona etiraz edəcək həqiqi müxalifətimiz yox idi. Bir məqamda mən artıq onunla işləyə bilməyəcəyimi anladım. Baxmayaraq ki, Akayev məni buraxmaq istəmirdi, öz xahişimlə, Londondakı missiyamıza səfir olaraq göndərildim. 2000-ci ildə o, yenidən prezident seçildikdə başa düşdüm ki, onun yanına qayıtmağın mənası yoxdur. 2002-2004-cü illərdə mən Gürcüstan-Abxaziya münaqişəsi üzrə BMT-nin sülhməramlı missiyasının tərkibində işləmişəm. 

2004-cü ildə evə qayıtmağa qərar verdim. Məni qarşıdan gələn parlament seçkilərində iştirak etməyə çağırırdılar. 2004-cü ilin sonlarında mənim həmsədr olduğum “Ata-Jurt” (Ata Yurd) hərəkatını yaratdıq. Seçkilərə yaxşı hazırlaşmışdıq. Amma mandatım məndən alındı, Akayevin qızı isə parlamentdə düşdü. O, məndən fərqli olaraq, heç vaxt Qırğızıstanda işləməmişdi; mən isə bütün karyeram boyu universitetdə, partiyada və hökumətdə işləmişdim. Bu hərəkət hakimiyyətin sırf bir ailə işinə çevrildiyini göstərdi. Ancaq biz müxalifət olaraq mübarizə apardıq və bu mübarizə 2005-ci il inqilabı ilə sona çatdı.

Akayevin istefaya göndərilməsi üçün bütün səylərimizi göstərdik, lakin daha sonra başqa bir müxalif qrupun planı olan Kurmanbek Bakiyev gəldi. Bakiyev əvvəlcə fərqli bir hərəkata rəhbərlik etmişdi, lakin sonradan o, bizimki ilə birləşdi.

Bildiyiniz kimi, Bakiyev cənubdan idi. Akayevin 14 illik idarəçiliyindən sonra cənublular Akayevin (şimal bölgənin nümayəndəsi) istefaya göndərilməsi və başqa bir adamın gəlməsi üçün çox təşəbbüs göstərdilər. Hamımız müxalif hərəkatda çox fəal olsaq da, Bakiyev və tərəfdarları daha çox maliyyəyə sahibdilər. Onlar kütlələrlə işləyərək dəstək qazandılar və Bakiyevi zirvəyə qaldırdılar.

O prezident seçiləndə, hamımız hakimiyyətə gəldik. Məsələn, mən Xarici İşlər Naziri oldum. 2005-ci ilin mart ayı idi. Sentyabrda isə səlahiyyətim ləğv edildi. Belə ki, mən onları narahat edir və istədiklərini etmələrinə mane olurdum. Onlardan bəziləri artıq korrupsiya ilə məşğul olmağa başlamışdılar. 

Əndican hadisəsi baş verdikdə, Əndican qaçqınları ilə dolu bir təyyarəmiz vardı. Aramızda onlarla nə edəcəyimizi müzakirə edən qızğın müzakirələr getdi. Bakiyev hadisəyə heç əhəmiyyət vermədi və İssık-Kula yollandı. Mən isə Təhlükəsizlik Şuramızda bir həll yolunun tapılması ilə bağlı təkid göstərdim və qaçqınları Rumıniyaya göndərməyi bacardım; beləliklə, biz onları zülmdən xilas etdik. 

Konstitusiya davamlı şəkildə pozulduğuna görə görə, rejimlə mübarizə aparmaq üçün müxalif Qırğızıstan Sosial-Demokrat Partiyasına keçdim. Bakiyev partiyasından 89-a qarşı 11 nəfərdik. Tədricən mən fraksiya liderinə çevrildim və mütəmadi şəkildə Bakiyevə və onun rejiminə qarşı çıxışlar etdim.

Otunbayeva və Atambayev

2009-cu ildə prezident seçkilərində biz Almazbek Atambayevin namizədliyini irəli sürdük. Uduzduğu seçkilər Atambayev üçün uğursuz bir cəhd oldu. Amma 2010-cu ilin aprelində Qırğızıstanda ikinci inqilab baş verdi. Düşünürdük ki, Bakiyevlə mübarizə uzun çəkəcək, çünki onun rejimi olduqca sərtdi və xeyli möhkəmlənmişdi. Hər şeyin birdən belə dağılacağına inanmırdıq. Lakin rejim meydanda qan gölü yaradara bir çox insanın ölümünə səbəb oldu. Beləliklə, aprelin 7-dən 8-nə keçən gecə, hakimiyyəti ələ almaqdan başqa çarəmiz qalmadı.

Hakimiyyət etirazçılara qarşı atəş açaraq qanlı faciə yaratdı. Mən iki dəfə Baş Nazir Daniar Usenovla görüşmək üçün Hökümət Evinə yollandım. Mən hökumətin istefasını tələb edəndə, o və digər nazirlər məsləhətləşmək üçün bir az vaxt istədilər. Yarım saatdan sonra geri qayıdaraq istefalarını təqdim etdilər. Bakiyev isə ölkədən qaçdı. O gecə məsuliyyəti üzərimizə götürməyə qərar verdik və müvəqqəti bir hökumət yaratdıq. Ölkədə nizam-intizam qurmaq vəzifəsini boynumuza götürdük. Üç aydan sonra yeni bir konstitusiya hazırlayacağımızı, parlament idarəetmə formasına keçəcəyimizi, prezident səlahiyyətlərini bir 6 illik müddətlə məhdudlaşdıracağımıza söz verdik. 

Altı aydan sonra - oktyabr ayında parlament seçkiləri keçirdik. Addım-addım, üç hakimiyyət qolunu yenidən qurduq. Əvvəlcə konstitusiya, sonra referendum və parlament seçkiləri. Bir il sonra prezident seçkiləri təşkil etdik və bundan sonra mən vəzifəmi varisimə təhvil verdim.

 

Mətnin orijinalı burada.


DİGƏR YAZILAR