Politicon.co

Bolqar radikal sağ partiyaları

Bolqar radikal sağ partiyaları

Avropaya son bir neçə onillikdə Yaxın Şərq başda olmaqla bir sıra regionlardan sürətlə artan miqrant axınları və buna bənzər səbəblər qoca qitənin bir sıra ölkələrində İkinci Dünya müharibəsindən sonra ilk dəfə sağ partiyaların nəzərə çarpacaq dərəcədə yüksəlişinə gətirib çıxartmaqdadır. 2022-ci ilin martında Fransada keçirilən və ikinci tura qalan prezident seçkilərində radikal sağ partiyanın namizədi Marin Le Penin ümumi səslərin 41%-ni alması, həmin il sağ qrupların Alman hökümətinə qarşı çevriliş cəhdi və İsveçdə sağ partiyaların dəstəyi ilə hökümətin qurulması Avropada miliyyətçi abu-havanın son illərdə artmaqda olduğunu göstərir. Bəhsi keçən tendensiya Qara dənizin sol sahillərində yerləşən Bolqarıstanda da müşahidə olunur. 

1989-cu ildə Berlin divarının dağıdılması, sonrasında isə Sovet İttifaqının çöküşü Bolqarıstan tarixində mühüm dönüş nöqtəsi oldu və yeni siyasi partiyaların ortaya çıxmasına şərait yaratdı. Bolqarıstanın ilk sağ partiyaları da ölkənin kommunist idarəçiliyindən demokratiyaya keçid prosesində yaranmağa başladı. Formalaşmaqda olan yeni siyasi mühitdə miliyyətçi qrupların başlıca hədəfləri sırasında ölkə ərazisində yaşayan müxtəlif azınlıqlar,xüsusilə etnik türklər dururdu. Hələ kommunist rejim hakimiyyətdəykən milliyyətçi qrupların təkidi ilə 1989-cu ildə ölkədə yaşayan azınlıq türk əhalinin adlarının dəyişdirilməsi prosesi hətta kommunist partiyanın daxilindən belə əks reaksiya almışdı.[1]

Bolqarıstanda populist radikal sağ partiyalar keçmiş kommunist ölkələrda müşahidə olunan bir fenomenə uyğun olaraq həm sol, həm də sağçı seçiciləri özlərinə cəlb etməkdədirlər. Son on ildə isə siyasi məkanda bu tip partiyaların çoxluğu millətçi səslərin parçalanması ilə nəticələnməkdədir. Avropadakı bir çox digər millətçi partiyalar kimi, bəzi Bolqarıstanın radikal Sağ partiyaları da açıq şəkildə rusiyayönlüdür - bu mövqe Ukraynadakı müharibə ilə daha da aşkara çıxdı və onlar Rusiyanın dəstəyinə arxalandılar.

1980-ci illərin sonlarında sağ partiyaların meydana çıxmasına neoliberalizmin yüksəlişi və sosializmin tənəzzülü kimi daha geniş qlobal tendensiyalar da təsir etməkdə idi. Bolqarların çoxu kommunist sisteminin uğursuzluqlarından məyus olmuş və yeni siyasi alternativlərin axtarışında idilər.

Həmin illərdə siyasət səhnəsində yer alan anti-kommunist qruplar koalisiya yaradaraq Bolqarıstan tarixinin ən nüfuzlu sağçı partiyalarından biri olacaq Demokratik Qüvvələrin İttifaqı (UDF) adlı partiyanı yaratdılar. Dövrün bir qrup intellektualı və dissidentləri tərəfindən əsası qoyulan, eyni zamanda keçmiş dissident olan Jelyu Jelevin başçılıq etdiyi UDF yarandığı illərdə demokratiya, bazar iqtisadiyyatı və ölkənin Avropaya inteqrasiyasını müdafiə edərək ölkənin demokratiyaya keçid prosesində öncül rollardan birini oynadı. UDF Bolqarıstanın Avropa İttifaqı və NATO kimi Avropa qurumlarına inteqrasiyasını qəti şəkildə müdafiə edən qərbyönümlü bir partiya idi. Partiya bazar iqtisadiyyatına keçid prosesində iqtisadi liberallaşma və özəlləşdirməni də təşviq etmiş, lakin islahatların sürəti və miqyasına görə tənqidlərlə üzləşmişdi. Bu tənqidlər və yanlış yürüdülən iqtisadi siyasət ölkədə böyük bir narazı kütlənin ortaya çıxmasına və sağ partiyaların formalaşmasının ikinci dalğasına gətirib çıxaracaqdı. UDF-nin hakimiyyət illəri ilə bağlı ən yaddaqalan hadisə isə 2002-ə qədər davam edən və bənzər iqtisadi çətinliklərin müşahidə olunduğu Petar Stoyanovun prezidentliyi dövründə Bolqarıstanın NATO-ya qoşulma təklifi alması idi.

Sonraki parlament və prezident seçkilərində uğursuz nəticələr əldə edən UDF son illərdə qurduğu müxtəlif koalisiyalarla keçmiş nüfuzunu yenidən əldə etməyə çalışır.

Kommunizmin ölkə ərazisində zəiflədiyi dövrdə ortaya çıxan və sonraki onilliklərdə ölkə siyasətinə təsir edəcək sağ partiyalardan bir digəri isə Daxili Makedoniya İnqilabi Təşkilatı ( VMRO)dur. Bolqarıstan tarixinin ən qədim siyasi təşkilatlarından biri olan VMRO tarixi 1893-cü ilə və Makedoniyanın Osmanlı idarəçiliyindən qurtuluşu uğrunda mübarizəyə dayanmaqdadır. Təşkilat o vaxtdan bəri müharibələrarası dövrdə terror fəaliyyətləri kommunist hakimiyyəti dövründə mədəni qorunma və 1989-cu ildə demokratiyaya keçiddən sonra siyasi partiya kimi seçki rəqabəti də daxil olmaqla çoxsaylı mərhələlərdən keçmişdir. 1990-cı illərdə VMRO geniş anti-kommunist koalisiyasını dəstəklədi və parlamentə nümayəndələr göndərdi. Xüsusən də Ataka siyasi səhnəyə çıxdıqdan sonra 2000-ci illərdə onun ritorikası getdikcə daha çox millətçi xarakter aldı. Hər seçkidə VMRO siyasi ittifaqlarını dəyişməyə başladı və onun koalisiya siyasəti olduqca fürsətçi və xaotik forma aldı. Milliyətçi olduqlarını iddia etsələr belə, millətçi ritorikadan tamamilə qaçanlar daxil olmaqla mötədil millətçilərə, spektrin həddindən artıq millətçi tərəfində olanlara qədər millətçiliklə bağlı müxtəlif baxışları olan siyasi aktyorlarla müttəfiqlik etmişdirlər.

1991-də mədəniyyət təşkilatı olaraq yaransa belə 1999-cu ildə siyasi partiyaya çevrilən “VMRO”, tarixi Daxili Makedoniya İnqilab Təşkilatının varisi olduğunu iddia etməkdədir[2]. 1991-ci ildə yarandığı zaman təşkilatın adı IMRO-Makedoniya Assosiasiyaları İttifaqı idi. Əvvəlcə Bolqarıstan siyasətinə qarışmasa da, 1994-cü ildən sonra siyasi fəaliyyətə başlayıb və Bolqarıstan parlamentinə daxil oldu. 1998-ci ildə IMRO-Bolqar Milli Hərəkatı adlandırılan təşkilat 2000-ci illərdə tədricən sağçı populist siyasi partiyaya çevrildi. Radikal sağ partiyaları içərisində VMRO ən uğurlulardan biri idi. 2014-cü ildə partiya həm Avropa Parlamentində, həm də ümummilli seçkilərdə böyük uğurlar qazanaraq, Brüsselə bir avroparlamentari, milli parlamentə isə 8 deputat göndərdi. 2017 seçkiləri üçün NFSB və VMRO Birləşmiş Vətənpərvərlər (UP) seçki koalisiyasında Atakayla birləşdi. Bununla belə, yeni parlamentdə seçki nəticələrinə görə yerlərin sayı bölüşülməsinə görə, GERB hökumət qurmaq üçün sağ alyansa müraciət etməli idi. Beləliklə, Bolqarıstanın post-kommunist tarixində ilk dəfə hökumətin tərkibində rəsmi olaraq radikal sağçı partiyası da yer aldı. 2017-ci ildə hakim koalisiyada VMRO lideri Krasimir Karakaçanov baş nazirin müavini və müdafiə naziri təyin edildi.

VMRO-nun 2017 seçkilərində ittifaqa girdiyi NFSB-də yaxın keçmişdə yaranan radikal sağ partiyalar siyahısındadır. Bolqarıstanın Milli Qurtuluş Cəbhəsi (NFSB) 2011-ci ildə Atakadan ayrılaraq ortaya çıxan bir partiyadır. NFSB bolqar mədəniyyətini, adət-ənənələrini, dilini və suverenliyini müdafiə edən vətənpərvər və təcridedici ritorikadan istifadə edir, lakin o, Atakadan daha az populist və lider mərkəzlidir. 2017 seçkiləri üçün NFSB və VMRO Birləşmiş Vətənpərvərlər (UP) seçki koalisiyasında Atakaya qoşuldu. UP 9,3% səs topladı (2014-cü il seçki nəticələri ilə demək olar eyni), bu, onların daha yüksək gözləntiləri nəzərə alındıqca bir qədər məyusedici nəticə oldu. Bununla belə, radikal sağ partiyalar ilk dəfə bir hökümətin tərkibində yer almaq fürsəti tapdılar.

2021-ci ilin aprelində keçiriləcək parlament seçkilərində isə keçmiş müttəfiqlərin hər biri təkbaşına daha yaxşı nəticə göstərə biləcəklərini düşünürdülər, lakin onlardan heç biri 4%-lik baryeri keçə bilmədilər. Bundan sonra partiyaların heç biri özünə gələ bilmədi və bu 3 partiyanın seçiciləri sonraki seçkilərdə öz səslərini Dirçəliş və digər yeni partiyalara verdi. Ukrayna və Rusiya arasında ortaya çıxan müharibə ilə birlikdə isə NFSB-nin lideri Valeri Simeonov diqqətini Ukraynadakı etnik bolqarların hüquqlarını qorumağa, onların özünüidarəetmə hüququnu və hərbi xidmətdən azad edilməsi kimi məsələləri müdafiə edilməsinə yönəltdi.

 VMRO partiyasının əsas simaları isə Aleksandr Sidi, Angel Dzhambazki və İskren Veselinov sayılmaqdadır. Avropa parlamentinə keçirilən seçkilərdə isə 2014-cü il və 2019-cu ildə parlament  yer əldə etməyə nail oldular. Onları burada təmsil edən ən əsas sima isə Angel Dzhambazkidir. Bolqarıstanlı deputat keçdiyimiz il parlamentdə nasist salamı verdiyi üçün cəzalandırılıb. Dzhambazki parlamentdə Azərbaycan əleyhinə çıxışları ilə də tanınmaqdadır. Ermənistana olan dəstəyini daim ifadə edən Dzhambazki Azərbaycanı isə Qarabağ ermənilərinə qarşı soyqırımda ittiham etməkdədir. Dzhambazkinin fəaliyyəti bununla da yekunlaşmır. Belə ki, bolqar siyasətçi 1915 hadisələrinin 100 illiyi ilə bağlı Avropa parlamentində qətnamə qəbul olunmasında da fəal rol oynamışdır. Bu məsələ də bir digər bolqar siyasətçi olan və 2 dönəm Bolqaristanda hakimiyyətə gələn “GERB” partiyasının təmsilçisi Andrey Kovaçev idi. Bunun ardınca isə aprelin 22-də Ataka üç günün sonunda müzakirəyə və səsverməyə çıxarılması üçün 1915 hadisələri ilə bağlı parlamentə yeni bir təklif təqdim etdi. Təklif o dönəm hakimiyyətdə olan GERB, İslahatçı Blok və DPS-dən ibarət hakim koalisiyadan olan deputatlar tərəfindən dəstəklənmədi. Bunun altında yatan başlıca səbəb isə koalisiya hökümətinin Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməməsi, bununla yanaşı isə Rusiyadan olan tam qaz asılılığına qarşı bir alternativ olan Azərbaycanla münasibətləri gərginləşdirməmək idi. Son illərə gəldikdə isə partiya ciddi seçici sayı itirərək parlamentdən kənarda qalmaqdadır.

Həmçinin VMRO rusyönlü mövqeyi və Rusiya ilə sıx əlaqələri ilə tanınır. Partiya rəsmiləri Rusiya prezidenti olan Vladimir Putinə simpatiyasını gizlətməməklə bərabər daim Bolqarıstanla Rusiya arasında əlaqələrin möhkəmləndirilməsinin tərəfdarı olduqlarını vurğulayırlar. VMRO Bolqarıstanın Avropa Birliyinə və NATO-ya üzvlüyünə tənqidi yanaşır, əksər vaxtlar isə Rusiyanın maraqlarına uyğun gələn formada mövqe qoyur. Partiya Rusiya ilə daha sıx iqtisadi və siyasi əməkdaşlığı dəstəkləməkdə və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qarşı çıxmaqdadır. Rusiya-Ukrayna müharibəsinin ardınca isə VMRO rəsmilərinin bəyanatları bəhs olunan yanaşmadan xeyli fərqlənir. Belə ki, Angel Dzhambazki Putini və Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə pisləməklə birlikdə, Bolqarıstanın ABŞ-dan F-16 qırıcıları almasını dəstəkləyib və Ukraynaya kömək məsələsində Avropanı kifayət qədər iş görmədiyinə görə tənqid edib. Bu cür mainstreamdə olan yanaşmaları qəbul etməsinə baxmayaraq, VMRO indiyədək seçici dəstəyini geri ala bilməyib.

VMRO ölkədə sürətlə artan miqrant axınlarına da şiddətlə qarşı çıxmaqdadır. VMRO açıq miqrant mərkəzlərinin Bağlanmasını tələb etməklə yanaşı ölkəyə olan miqrant axınlarının qarşısının alınması ilə bağlı tez-tez fikirlər səsləndirməkdədir. 2018-ci ildə hakimiyyətdə olan koalisiyanın bir parçası olan VMRO-nun deputatı Dzhambazki vurğulamışdı ki, VMRO heç vaxt Bolqarıstandan keçərək Qərbi Avropada məskunlaşan əcnəbilərin geri qayıtmasına icazə verməyəcək. Onun sözlərinə görə, mövcud hökümət belə olan halda ortaya çıxacaq ola nəticələri qarşılaya bilməyəcəkdir.

Parlament seçkiləri və nəticələri

Bolqarıstanda sağ partiyaların təşəkkül tapdığı bir digər period isə əsrin sonlarına – geniş özəlləşdirmələrin aparıldığı dövrə təsadüf etməkdədir. Ölkədə bazar iqtisadiyyatına keçidin müşahidə olunduğu bu keçid dövrü özlüyündə qazananlar və uduzanlar adlanan 2 fərqli qrupun yaranması ilə nəticələnmişdir. Bu cəmiyyətdə populist qrupların dəstək qazanmasına gətirib çıxartmış, bundan ən çox faydalananlar isə sağyönümlü partiyalar olmuşdur. Bu dövrdə yaranan partiyaları keçən əsrin sonlarında yarananlardan fərqləndirən əsas cəhət isə daha radikal olmaları idi.

2005-ci il seçkilərindən sonra populist Radikal sağ partiyalar parlamentdə təmsilçilik əldə etdilər və daimi siyasi varlıq yaratdılar. 2005-ci ilə qədər millətçi diskurs demək olar ki, tamamilə BSP tərəfindən inhisara alınmışdı ki, bu da millətçiliyin soldan idarə olunduğu bir çox keçmiş kommunist ölkələrində müşahidə olunan bir fenomendir. Bolqarıstanın etnik türk və romani azlıqları, eləcə də Avropadakı bir sıra miqrasiya böhranları millətçi ritorika və səfərbərlik üçün münbit zəmin yaratmışdır. Ortaya çıxan fiqurların bəziləri açıq-aşkar anti-elit, anti-Qərb və hətta antidemokratikdir, digərləri isə kiçik biznesi təmsil etdiklərini iddia edərək etnik qrupları ölkə maraqlarına təhdid kimi təqdim edirlər. Bunlara baxmayaraq bu partiyaların əksəriyyəti açıq şəkildə Aİ və ya NATO əleyhinə deyillər.

Radikal sağ partiyalar Bolqarıstan parlamentində və onun hüdudlarından kənarda davamlı varlıq yaratsalar da, xüsusilə yeni yaranan partiyalar olmaqla onlardan heç biri siyasi spektrdən gələn təhdidlərə tab gətirə bilməmişdir. Bir sıra populist radikal Sağ partiyalar parlamentdə və – 2017-2021-ci illər arasında, hətta hökumətdə də təmsil olunublar. Bu partiyalar içərisində VMRO, Ataka və Dirçəliş xüsusi olaraq qeyd olunmalıdır. Beləliklə, Dirçəliş bu partiyalar içərisində bugünlərdə ən üstün olanıdır.

Yaranan bu partiyalar içində fərqlənən isə keçmiş jurnalist olan Volen Siderovun yaratdığı “Ataka” partiyası idi. Ataka rifah şovinizmini və kommunist keçmişinə olan nostaljini klerikalizm və irredentizmlə qarışdıraraq təbliğat vasitəsinə çevirməkdədir. Atakanın ritorikası açıq şəkildə rusiyayönlü xarakter daşıyır, Bolqarıstanın transatlantik tərəfdaşları və Türkiyə ilə münasibətlərinə açıq şəkildə hücum edən partiya eyni zamanda Rusiya ilə sıx əlaqələri təşviq edir. Bir nöqtədə, Ataka Parlamentdə dördüncü ən böyük partiya idi və ona olan seçici dəstəyi 2007-ci ildə Avropa Parlamenti seçkilərində 14,2% səs almaları ilə zirvəyə çatdı. Bununla belə, partiya son illərdə yaşadığı daxili ayrılıqlar nəticəsində ciddi seçici sayı itirərək seçkilərdə uğursuzluğua düçar olmaqdadır.

Partiyanın yaradıcısı olan V. Siderov jurnalist olmuş və hətta 2000-ci ildə prestijli bir jurnalistika mükafatı da əldə etmişdir. Anti-semitist, anti-türk, qloballaşmaya qarşı olan Siderovun profili mübahisəli olsa belə apardığı təbliğat ilə tədricən xalq arasında müəyyən dəstək qazanmışdır. Belə ki, 2005-ci ildə isə ölkə ərazisində baş tutan parlamant seçkilərində isə Volen Siderov 5 müxtəlif milliyyətçi qrupun koalisiyası olan “Ataka” - nın vahid namizədi kimi iştirak etdi. Milliyyətçi qrupların ilk koalisiyası olan bu birlik seçki nəticələrinə görə parlamentdə yer qazansa belə seçkilər koalisiya daxilində ilk bölünməyə;- sol qrupların ayrılışına gətirib çıxartdı. Sağyönümlü qrupların bir digər seçki uğuru isə 2006-ci ilin prezident seçkilərinə təsadüf etməkdədir. Seçkilərdə koalisiyasın vahid namizədi kimi Volen Siderov ümumi səslərin 24%-ni almış və ikinci yerdə qərarlaşmışdı. “Ataka”-nın seçicilərinin böyük əksəriyyətini orta və yaşlı nəsil təşkil etməkdədir.

Bu birlikdən ayrılan Qriqor Velev və Peter Beron 2009-cu ildə “Bolqar Milliyyətçiləri üçün Bütöv Bolqar İttifaqı” adlı yeni bir milliyyətçi partiya yaradarkən bu prosesi “Ataka” koalisiyasından kənarda qalan bir sıra qrupların “Bolqar Milli Birliyi” kimi kiçik milliyyətçi partiyaların yaradılması izləməkdə idi. “Ataka” koalisiyası daxilində növbəti ayrılıq isə 2012-ci ildə yaşandı və bu partiyanın daha da zəifləməsinə gətirib çıxartdı.

Bolqarıstanın sağçı partiyalarının Türkiyə və bolqar türk azlığı ilə bağlı əsas narrativləri çox vaxt millətçi və anti-immiqrant hisslərin birləşməsi ilə xarakterizə olunur.

Ataka kimi Bolqarıstanın bəzi sağçı partiyaları Bolqarıstandakı türk azlığına tənqidi yanaşır və Türkiyədən gələn immiqrasiyaya daha sərt nəzarət edilməsini tələb edir. Bu partiyalar türk azlığının bolqar milli kimliyinə və mədəniyyətinə təhlükə yaratdığını iddia edərək, onların siyasi və mədəni təsirlərini məhdudlaşdırmağa çalışıblar. Volen Siderov,hətta əsasən türk azlıqların səs verdiyi “DPS” ilə bağlı onların bolqar parlamentində yer alan və Ərdoğana məxsus partiyas olduqlarını vurğulayıb.

Eyni zamanda, onlar Türkiyənin Avropa Birliyinə üzvlük səylərinə qarşı çıxıb və Türkiyənin üzvlüyünün regionun təhlükəsizliyi və rifahı üçün zərərli olacağını iddia ediblər. Onlar həmçinin Türkiyənin xarici siyasətini, xüsusən də Suriyadakı hərəkətlərini və İslam fundamentalizminə qəbul edilən dəstəyini tənqid ediblər.

2010-ların ortalarından etibarən “Ataka” partiyasının daha da zəifləməsi ilə Bolqarıstanda ön plana yeni bir sağ yönümlü partiya çıxmaqda idi. Bu partiya 2 Avqust 2014-cü ildə yaranan Kostadin Kostadinovun sədrliyini etdiyi “Dirçəliş” partiyası idi[3]. Qeyd edək ki, “Dirçəliş” Partiyasının Bolqarıstanda 19-cu əsrdə yayılan “Dirçəliş Hərəkatı” ilə birbaşa heç bir əlaqəsi yoxdur. Bolqarıstanın ən yeni populist radikal sağ partiyası olaraq Dirçəliş böyük səs payı toplaya bilib. 2014-cü ildə yaradılan partiya və onun mübahisəli lideri Kostadin Kostadinov 2022-ci ildən bəri yalnız millətçi, anti-AB, anti-NATO və Rusiyayönlü diskurs qəbul edib. Kostadinov siyasətdə demək olar ki, yeni deyil. O, bütün əsas radikal sağ partiyaların – Ataka və VMRO-nun icraçı vəzifələrində çalışdı və namizəd siyahılarında göründü  O, həm də sağ mərkəzçi və sol mərkəzçi partiyaların namizəd siyahılarında yer alıb. Onun ritorikası etdiyi partiya dəyişiklikləri kimi olduqca fürsətçi tərzdə dəyişdi.

COVID-19 pandemiyası Kostadinov və onun partiyası üçün geniş yayılmış məyusluq və narazılıqlardan istifadə etmək üçün əla fürsət yaratdı. Bu kontekstdə Dirçəliş, pandemiyanın mövcudluğunu inkar edərək və çoxsaylı etirazları səfərbər edərək, peyvənd əleyhinə mövqe tutdu. Hökumət subsidiyaları, həmçinin anti-vaksinasiya, anti-NATO və anti-Aİ ritorikası partiyaya sürət qazanmağa kömək etdi ki, 2021-ci ildə keçiriləcək üçüncü parlament seçkilərində o, səs bariyerini keçməyi bacardılar. Qazanılan uğur üçün qeyd olunmalı olan amillərdən bəziləri 2021-ci ildə baş verən siyasi qarışıqlıq və parlamentdəki partiyaların hökuməti formalaşdıra bilməməsi, hökumətin COVID-19 pandemiyasını zəif idarə etməsi və Bolqarıstanda anti-NATO və anti-AB mövqelərinə qarşı çevrilən açıq-aşkar rusiyapərəst münasibət idi.

Rusiya və Ukrayna arasındaki müharibə Kostadinova öz rusiyayönlü fikirlərini yayımlamaqüçün görünməmiş imkan yaratdı. Müharibə başlayandan qısa müddət sonra Dirçəliş tərəfdarları Bolqarıstanın 2022-ci il müstəqilliyini qeyd edildiyi periodda müxtəlif aksiyalar keçirərək Bolqarıstanın baş nazirinin üzünə qartopu atıb və Rusiya bayraqlarını dalğalandırdılar. Qeyd edilməlidir ki, Rusiya bayraqları Dirçəliş-in son bir neçə ildə tez-tez keçirdiyi etiraz aksiyalarının əvəzsiz atributudur. Köhnə millətçi partiyalar parlament dəstəyini tamamilə itirsə də, Dirçəliş və onun mübahisəli lideri Kostadin Kostadinov dəstəyini 2017-ci ildəki 1%-dən 2022-ci ilin oktyabrında keçirilən ən son seçkilərdə 10%-dən çox artırıb.

Rusiyanın Ukraynaya təcavüzü və Rusiyanın enerji siyasəti Bolqarıstan və Rusiya arasında güclü tarixi əlaqələri nəzərə alaraq, Bolqarıstan cəmiyyətində parçalanmaları artırdı və eyni zamanda Dirçəlişə olan dəstəyi artırdı. Kostadinov dəfələrlə Rusiya ilə əlaqədə ittiham olunub və o da bunu təkzib etməyib. Onun ictimai çıxışları və bəyanatlarının icmalı Rusiyanın maraqlarına açıq-aşkar sadiqliyini göstərir. Ondan əvvəl belə bir rol oynayan siyasi fiqur isə Volen Siderov idi.

Rus yönümlü çıxışları ilə bilinən partiyanın əsas tərəfdarları içərisində xaricdə yaşayan Bolqar diasporası da yer tutur. Belə ki, öz proqramında xaricdə yaşayan Bolqarlara da istiqamətlənən azsaylı partiyalardan olan “Dirçəliş”-in 2021-ci il seçkilərində qazandığı səslərin 7.4%-i Bolqar diasporasına məxsus idi. Ümumilikdə isə bu seçkilərdə əvvəlki seçkilərə nəzərən qazandığı səsləri 2 qatına yüksəldən “Dirçəliş” sonralar bəzi üzvlərinin yerlərindən imtina etməsinə rəğmən parlamentdə də 13 yer əldə etdi. 2022-ci ilin parlament seçkilərində isə partiya 27 mandat əldə edərək Bolqarıstanın ən nüfuzlu sağyönümlü partiyalarından birinə çevrildi. “Dirçəliş” partiyasının Aprel ayında keçirilən seçkilərdə əldə etdiyi səslərin böyük əksəriyyəti isə gənclərdən və orta yaş qrupundan gəlməkdədir. Xüsusilə, orta yaş qrupuna xitab edən partiyanın gənclər tərəfindən də getdikcə dəstək qazanmasının başlıca səbəblərindən biri də son illərdə yüksələn miqrant axınlarıdır.

Bolqarıstanın sağçı partiyalarının Türkiyə və bolqar türk azlığı ilə bağlı əsas narrativləri çox vaxt millətçi və anti-immiqrant hisslərin birləşməsi ilə xarakterizə olunur.

Ataka kimi Bolqarıstanın bəzi sağçı partiyaları Bolqarıstandakı türk azlığına tənqidi yanaşır və Türkiyədən gələn immiqrasiyaya daha sərt nəzarət edilməsini tələb edir. Bu partiyalar türk azlığının bolqar milli kimliyinə və mədəniyyətinə təhlükə yaratdığını iddia edərək, onların siyasi və mədəni təsirlərini məhdudlaşdırmağa çalışıblar. “Dirçəliş” partiyasının lideri olan Kostadin Kostadinov,hətta əsasən türk azlıqların səs verdiyi “DPS” ilə bağlı onların bolqar parlamentində yer alan və Ərdoğana məxsus partiya olduqlarını vurğulayıb.

Eyni zamanda, onlar Türkiyənin Avropa Birliyinə üzvlük səylərinə qarşı çıxıb və Türkiyənin üzvlüyünün regionun təhlükəsizliyi və rifahı üçün zərərli olacağını iddia ediblər. Onlar həmçinin Türkiyənin xarici siyasətini, xüsusən də Suriyadakı hərəkətlərini və İslam fundamentalizminə qəbul edilən dəstəyini tənqid ediblər.

 

 

Rusiya ilə əlaqələr

Yarandıqları gündən etibarən Bolqarıstanda mövcud olan sağ partiyaların demək olar ki, hər birinin Rusiya ilə yaxın əlaqələri olmuş və ya izlədikləri siyasət ölkə ərazisində Rusiyanın maraqlarının qorunmasını da ehtiva etmişdir. Özlüyündə bunun bir neçə səbəbi var. Başlıca səbəb Bolqarıstanın Rusiya ilə tarixi əlaqələridir. 5 əsrə yaxın Osmanlı dövləti tərəfindən idarə olunan Bolqarıstan ondoqquzuncu yüzilliyin sonunda çar Rusiyasının Osmanlı dövləti ilə apardığı müharibələrin nəticəsi olaraq öz müstəqillyini əldə etmiş, müstəqilliyin əldə olunduğu 3 Mart tarixi o gündən bəri xüsusi olaraq qeyd olunmaqdadır. Müstəqilliyinin qazanılması ilə bağlı tədbirlərin mərkəzi isə  hazırki Bolqar parlamentin yanında yerləşən “Xilasedici çar” abidəsidir. Rus-Bolqar münasibətləri baxımından olduqca simvolik məna daşıyan bu abidə, eyni zamanda illərdir ki, radikal sağ qrupların etirazlarının da mərkəzlərindən biri kimi rol oynamaqdadır.

Müasir Bolqar radikal sağ partiyalarının da əsas narrativləri tarixi bağlara istinad etməkdədir. Onların əsas seçici kütləsini təşkil edən gənc əhali və sovet rejiminin çöküşündün ardınca müxtəlif xarici ölkələrə miqrasiya edən qruplar yaşadıqları post-sovet eyforiyası səbəbindən Rusiyaya baxışlarına görə bu partiyalara səs verməkdədir.

Bolqar radikal sağ partiyalarının ortaya qoyduğu mövqe bir çox hallarda Rusiyanın maraqlarına uyğun formada olur. Buna ölkənin enerji təhlükəsizliyi də daxildir ki, onlar enerji sektorunda Rusiya ilə əməkdaşlığın vacibliyini tez-tez qeyd edirlər.

Bolqarıstanın həll etməli olduğu ən çətin məsələlərdən biri Rusiya qazının tədarükü ilə bağlıdır. Bolqarıstan Rusiya-Ukrayna müharibənin əvvəlində ölkənin ehtiyaclarının 77%-ni təmin edən Rusiya qazından olduqca asılı idi. Rusiya qazının tədarükünün vacibliyini və tədarük dayandırılmasının ağır nəticələrini vurğulayan və buna görə höküməti tənqid edən BSP və Dirçəliş ritorikası əhalinin böyük hissəsində aşkar narahatlıqlar yaratmaqdadır. Rus enerji şirkəti Qazprom qarşısındaki müqavilə öhdəliklərini yerinə yetirməyə davam etməsinə baxmayaraq, Rusiyanın qaz nəhəngi 2021-ci ilin aprelində qəfildən Bolqarıstana tədarükləri dayandırdı. Aİ bu qərarı pislədi və bunu şantaj kimi qələmə verdi. Nəticədə Bolqarıstan öz qaz tədarükünü sürətlə diversifikasiya etmək məcburiyyətində qaldı və Azərbaycan Bolqarıstan üçün əsas qaz tədarükçülərindən birinə çevrildi.

Rusiyanın bu partiyaların maliyyələşməsində də bir çox hallarda adı çəkilməkdədir. Bolqarıstanda sağçı partiyaların Rusiya tərəfindən maliyyələşdirilməsi ilə bağlı xəbərlər və iddialar var, lakin bunun nə dərəcədə doğru olduğunu müəyyən etmək çətindir.

Bu iddiaların içərisində ən səs gətirəni isə bolqar qəzetlərindən biri olan “ Kapital”ın araşdırmasıdır. “Kapital” qəzetinin 2019 tarixli bu araşdırmasında yazılıb ki, Volen Siderovun parlamentdəki müşaviri olan Hristo Marinov Rusiya təhlükəsizlik xidmətlərinə yaxın çevrələrlə əlaqələrə malikdir. Marinov paytaxt Moskvada  qeydiyyatdan keçmiş şirkətlə əlaqəlidir. Onun müxtəlif fəaliyyətləri var ki, bura mediada təmsilçilik də daxildir.

Marinovun adı İtaliyanın Espresso jurnalının Rusiyanın hakim millətçi Liqa partiyasını maliyyələşdirməsi ilə bağlı apardığı araşdırmada hallanıb. Onun Moskva qeydiyyatlı şirkətləri ilə bağlı məlumatlar Rusiyadan “Ataka” üçün gizli maliyyə dəstəyi ilə bağlı şübhələri ortaya çıxartmaqdadır. Marinovun Moskva qeydiyyatlı “Global Service Internationaliy” adlı şirkətdəki italyan tərəfdaşları Luka Bertoni və Dqanmateo Ferrari Lombardiya-Rusiya Assosiasiyasının katibləridir. Əsas rolu Kremlin təbliğatını yaymaq olan bu platformanı İtaliyanın baş nazirinin müavini, daxili işlər naziri və hakim Liqa partiyasının lideri Matteo Salvini ilə uzun müddətdir dostluq edən və müşaviri olmuş keçmiş jurnalist Canluka Savoini və onun Putinlə əlaqələr üzrə adamı idarə etməkdədir. Fevral ayında Espresso-nun araşdırması göstərdi ki, Salvininin partiyası yanacaq sövdələşmələrinin arxasında Moskvadan maliyyə alıb. Rosneft İtaliya şirkətlərinin aldığı yanacağın qiymətində endirim etməyə razılaşıb, razılaşma vasitəçi firmadan keçəcək və qiymət fərqi Salvininin tərəfinə keçəcək.

Espressonun ortaya qoyduğu iddialar, radiklar sağçı partiyaların (Bolqarıstan və İtaliya nümunəsində) Putin rejiminə sadiqliyini və Rusiya təbliğatını təşviq etdiklərinə və bunun üçün maliyyə dəstəyi aldıqlarına işarət edir.

Bir digər Rusiyadan maliyyələşmə iddiası isə bolqar biznesmen Tsvetan Vassilevlə bağlıdır. O, Bolqarıstanın ən böyük banklarından biri olan, hazırda fəaliyyətini dayandırmış Korporativ Kommersiya Bankının (CCB) böyük hissələrinin sahibi olan bolqar biznesmendir. 2014-cü ildə CCB likvidlik problemlərinə görə Bolqarıstan Milli Bankının nəzarəti altına alınıb və 2016-cı ildə bank müflis elan edilib.

2020-ci ildə Vasilev casusluq və çirkli pulların yuyulmasında ittiham olunub. Bolqarıstan hakimiyyəti onun gizli məlumat əldə etmək üçün Rusiya kəşfiyyatı ilə işlədiyini və çirkli pulların yuyulmasında aktiv iştirak etdiyini iddia edib. Vasilev ittihamları rədd edərək onların siyasi motivli olduğunu iddia edib.

Tsvetan Vassilev ilə Bolqarıstanın sağçı partiyaları, xüsusilə də radikal sağçı Ataka partiyası arasında münasibətlərə dair məlumatlar var. Mətbuatda yayılan xəbərlərə görə, Vasilevin “Atakanın” lideri Volen Siderovla yaxın əlaqələri olub və onun partiyaya xeyli ianə etdiyi bildirilir. Bununla belə, qeyd etmək vacibdir ki, bu hesabatlar anonim mənbələrə əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.

Partiyalar və Bolqarıstan Rusiya-Ukrayna müharibəsində

Rusiya və Ukrayna arasındaki müharibə başlayanda Bolqarıstan müxtəlif ideoloji yönümlü dörd partiyanın daxil olduğu koalisiya hökuməti tərəfindən idarə olunurdu. Bu ideoloji müxtəlifliyə və BSP-nin hakim koalisiyada olmasına baxmayaraq, Kiril Petkov hökuməti açıq-aşkar anti-Rusiya mövqe tutdu və Ukraynanı dəstəkləyən bir sıra qərarları parlamentdən keçirdi. 2021-ci ilin martında isə Bolqarıstan BSP və Dirçəlişin güclü müqavimətinə baxmayaraq, Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəklədi. Bununla yanaşı, Rusiyanın Ukraynaya təcavüzü və Rusiyanın enerji siyasəti Bolqarıstan və Rusiya arasında güclü tarixi əlaqələri nəzərə alaraq, Bolqarıstan cəmiyyətində parçalanmaları artırdı və Dirçəlişə dəstəyi artırdı.

Ukraynadakı müharibə Rusiya və Putinə qarşı bolqar cəmiyyətinin münasibətinin dərhal və köklü şəkildə dəyişməsinə səbəb olub. 2022-ci ilin fevral ayının sonlarında Alpha Research tərəfindən aparılan araşdırma belə bir nəticəyə gəlib ki, Rusiyanın Ukraynaya hücumunun ona olan dəstəyin azalması və Avropa ölkələri ilə həmrəylik fikirlərinin yüksəlişinə gətirib çıxardıb. Hesabatda bildirilir ki, Putin təkcə müharibənin ilk dörd günündə Bolqarıstan vətəndaşları arasında populyarlığının yarısını itirib. Bundan başqa, respondentlərin 63%-i Avropa İttifaqının Ukraynaya qarşı sanksiyalarını bəyəndiyini, 61%-i işğalı əsassız hesab etdiyini, yalnız 16%-i bunu haqlı hesab etdiyini, 68%-i Bolqarıstanın ukraynalı qaçqınları qəbul etməli olması ilə razılaşdığını və yalnız 16%-i buna qarşı olduğunu bildirib (Alpha). Araşdırma, 2022). Araşdırma Mərkəzi Trend (2022) tərəfindən aparılan başqa bir araşdırma göstərir ki, respondentlərin 40%-i Rusiyaya münasibətdə mənfi dəyişiklik olduğunu bildirir. Bununla belə, həmin araşdırmalar “Dirçəlişə” xalq arasında olan dəstəkdə də bir qədər artım olduğunu qeyd edirlər. 

 

Münaqişənin getdikcə uzadılması və pisləşən iqtisadi şərait 2022-ci ilin noyabrına qədər cəmiyyətin Rusiyaya qarşı olan münasibətinin dəyişməsinə səbəb oldu. 2022-ci ilin noyabrında Estat tərəfindən aparılan sorğuda bolqarların 20,7%-nin Rusiyaya (2022-ci ilin aprelində 23,6%-dən azalma) və 23,1%-nin (apreldə 32,4%-dən azalma) isə Ukraynaya simpatiyası olduğu məlum olub. Bundan əlavə, respondentlərin 67,5%-i bolqarların münaqişədə neytral mövqe tutmalı olduğunu düşünür, 19%-i isə ukraynalı qaçqınlara mənfi münasibət bəsləyir.

Bolqarıstanda millətçi əhval-ruhiyyənin və rusiyayönümlü münasibətlərin artmasına baxmayaraq, millətçi və anti-Avropa İttifaqına qarşı olan partiyalar ancaq kiçik ölçülü dəstəyə malikdirlər. Son seçkilərdə aydın olan bir şey varsa, bu, bolqarların əsasən avropapərəst olmasıdır. Seçicilər seçdikləri partiyaya görə bölünsələr də, onların əksəriyyəti Aİ-yə tərəfdardır və müharibədə Ukraynanı dəstəkləyirlər. Müharibə rusofillər və rusofoblar arasında daim mövcud olan ayrılığı gücləndirməklə yanaşı, demokratik dəyərləri və Avro-Atlantik ittifaqı dəstəkləməyə də kömək etdi. Müharibənin reaksiyaları və təsirləri müxtəlifdir və bir istiqamətli deyil.

 

[1]Todorov, A. (2013). The Extreme Right Wing in Bulgaria.

[2] Ivanov, C; Ilieva M. (2005). Bolqarıstan. Mərkəzi və Şərqi Avropada irqçi ekstremizm. s.4.

[3] Revival və ya Vazrazhdane


DİGƏR YAZILAR