Politicon.co

Rusiyanın ilhaqından sonra Krım tatarları vəziyyəti

Rusiyanın ilhaqından sonra Krım tatarları vəziyyəti

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsi sadəcə geosiyasətə və beynəlxalq hüquqa yox, həmçinin yarımadanın yerli sakinləri olan Krım tatarlarının həyatına da təsir etdi. Bu müsahibədə millətlərarası münasibətlər, azlıqlar və yerli xalqların hüquqları üzrə ekspert professor Natalya Belitser 2014-cü ildən sonra Krım tatarlarının vəziyyətini müzakirə edir. 

 

Rusiyanın ilhaqından sonra hal-hazırda Krım tatarlarının vəziyyəti necədir? Rusiyanın onlarla bağlı yürütdüyü siyasət nəyə əsaslanır və rus hökumətinin nümayəndələri onlara necə münasibət bəsləyir? 

Krım yarımadasının Rusiya tərəfindən ilhaq edilməsindən sonra Krım tatarlarının hal-hazırkı vəziyyəti ciddi narahat doğuran bir məsələ kimi səciyyələndirilir. Minlərlə Krım tatarı, xüsusilə də, ictimai və siyasi cəhətdən aktiv olanlar, öz vətənlərini tərk edərək Ukrayna ərazisinə getməyə vadar odular. Qalanlar isə daim repressiya və təqib təhlükəsi altında qanunsuz axtarışlar, əsassız həbslər, inzibati və cinayət məcəlləsini pozmaq ittihamları, əsassız və araşdırılmamış verilən məhkəmə qərarları, işgəncə və hətta qətllərlə üzləşməli olurlar. 

Eyni zamanda Rusiya işğal olunmuş yarımadada yerli əhaliyə qarşı ikibaşlı siyasət yürüdür: o, həm növündən asılı olmayaraq yarana biləcək qarşıdurmaların önünü kəsmək üçün insanları qorxudur, həm də bu qarşıdurmalar zamanı bir çox xaini və əməkdaşı dəstəkləyir. Xüsusilə, əsasını Krım Tatarlarının təşkil etdiyi Krım müsəlmanları Rusiya qanunvericiliyində “terrorçu” qruplaşma olaraq tanınan “Hizb-ut-Təhrir”lə əlbir olduqları əsas gətirilərək həbs olunur. (zərərçəkənlərin etdikləri hər hansı səhv əmələ dair heç bir sübut olmadan).

 

Krımın 18-ci əsrdən Çar Rusiyası tərəfindən başlayan işğalı dövründə Türkiyə həmişə Krım tatarlarının müttəfiqi və ya qoruyucusu kimi görünmüşdür. Son zamanlarda baş verən Türkiyə-Rusiya yaxınlaşması Krım tatarlarının vəziyyətinə necə təsir edə bilər? 

Krımın qanunsuz ilhaqı ilə bağlı beynəlxalq sanksiyalara qoşulmasa da, Türkiyə heç vaxt bu işğalı tanımamış və mürəkkəb Türkiyə-Rusiya tarixi münasibətlərinə rəğmən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişdir. Bir sıra bəyanat və müsahibələrdə Xarici İşlər Nazirliyi və digər hökumət qurumları, xüsusilə Krım tatarları və onların əsas özünü idarəetmə orqanı olan Krım-Tatar Xalq Məclisini (Rusiya qanunvericiliyinə görə “ekstremist təşkilat'” kimi qadağan edilmişdir) hədəfə almış təqib və repressiyaları pisləmişdir. 

Onu da xatırlatmaq lazımdır ki, Krıma oradakı faktiki insan hüquqlarının vəziyyətini, xüsusən Krım tatarlarının durumunu öyrənməyə yönəlmiş ilk qeyri-rəsmi missiya Türkiyədəndi (26-30 aprel 2015). Krıma gəlməzdən əvvəl nümayəndə heyətinin üzvləri Kiyevdə Məclisin aparıcı şəxsləri ilə, sonra isə de-fakto Krım hakimiyyəti, de-fakto Krım Ombudsmanı, Məclis nümayəndələri, Krım Müftiliyinin rəsmiləri, media nümayəndələri, təhsil müəssisləri və adi Krım tatarları ilə görüşmüşlər. Görüşlər boyu nümayəndə heyəti üzvlərinin bütün hərəkətləri, hər yerdə onları müşayiət etməyə çalışan Krım hakimiyyəti tərəfindən idarə olunurdu. Buna baxmayaraq, türk nümayəndə heyətinin hazırladığı “Rusiya Federası tərəfindən Krımın ilhaq edilməsindən bəri Krım tatarlarının vəziyyəti” başlıqlı hesabatda 2014-cü ildən bəri Krım tatarlarına qarşı ciddi insan haqları pozuntuları olduğu qeyd edildi. Məruzədə, işğalçı “hökumətin” Krım tatarlarına qarşı repressiyaları daha da gücləndirərək xüsusi bir siyasət yürütdüyü və Krım tatarlarının görkəmli şəxslərilə birlikdə Məclis üzvlərini də nüfuzdan saldığı vurğulanır. Hesabata əsasən, ilhaqdan sonrakı dövrdə sərbəst toplaşma, etiraz nümayişləri keçirmək və söz azadlığı kimi fundamental hüquq və azadlıqların istifadə olunmasına ciddi səviyyədə məhdudiyyətlər qoyulmuşdur. Həmçinin, hesabatda ilhaqdan əvvəl baş verən hadisələrlə əlaqəli retrospektiv mühakimələrdən də bəhs edilir. Rusiya Federasiyasının ekstremizm, separatizm və terrorizm haqqında qanunların 18 mart 2014-cü ildən sonra de-fakto hökumət tərəfindən Krımda hakimiyyətə qarşı çıxan bütün tərəflərə, xüsusilə də Krım tatarlarına qarşı tabeedici bir yol olaraq istifadə edildiyi müşahidə edilmişdir. Krıma səfəri zamanı nümayəndə heyəti Krım tatarları arasında qorxu, qeyri-müəyyənlik və etibarsızlıq hisslərinin hökm sürdüyünü diqqətə çatdırdı. 

İşğaldan sonra Krım tatarlarının 43 QHT-nin Türkiyə tərəfindən birləşdirilərək vahid platforma yaratması Türkiyənin Krım və Krım tatarlarına qarşı siyasətinə mühüm təsir göstərmişdir. Bu səbəbdən, Krım tatarlarının 1-2 avqust 2015-ci il tarixli II Dünya Konqresinin Ankarada baş tutması təəccüb doğurmamalıdır. Tədbirdə 12 ölkədən 180 Krım tatarı QHT-si, eyni zamanda AB, ABŞ və Kanadadan gələn diplomatlar, alimlər, jurnalistlər və ictimai xadimlər iştirak etmiş, lakin Krımdan olan nümayəndələrin əksəriyyətinin yerli məmurlar tərəfindən yaradılan maneələrə görə gəlməsinin qarşısı alınmışdır. 

İşğal altındakı yarımadada Türkiyənin Krım tatarlarına hədsiz dəstəyi, Suriya-Türkiyə sərhədi üzərində Rusiya təyyarəsinin  vurulmasından sonra Rusiya-Türkiyə münasibətlərinin kəskin gərginləşdiyi dövrdə Moskvanı qəzəbləndirdi. 2016-cı ildə münasibətlərinin bərpasından sonra Rusiya və Krımda Türkiyənin Krım üzərində Rusiya hakimiyyətini tanıyacağı ilə bağlı ümid yarandı. Bununla belə, hər iki ölkədə Rusiyayönümlü siyasi güclərin və təşkilatların ciddi səylərinə baxmayaraq, Türkiyə tərəfində ilhaqın tanınması ilə bağlı heç bir irəliləyiş olmadı. Eyni zamanda, Türkiyə-Rusiya yaxınlaşması Məclis rəhbəri Refat Çubarovun əvvəllər Krımda məhkum olmuş iki müavini Axtem Çiygöz və İlmi Umerovun 2017-ci il oktyabrın 25-də azadlığa buraxılmasında mühüm rol oynamış ola bilər. Onların azadlığa buraxılmasına dair təfərrüat və ya qanuni əsas olmasa da, şübhə yoxdur ki, bu, iki prezident – Putin və Ərdoğan arasındakı razılaşmanın nəticəsi idi. 

Bunu da unutmamalıyıq ki, Türkiyədəki böyük Krım tatar diasporasının seçki dəstəyi hazırkı president Rəcəb Tayyib Ərdoğan üçün çox vacibdir. Bundan başqa, başda əfsanəvi Mustafa Cəmilev olmaqla Krım tatarlarının görkəmli liderlərinə türk hökuməti və cəmiyyətində hər zaman xüsusi ehtiram göstərilmişdir.

 

Krım tatarlarının hazırkı gündəmində hansı məsələlər durur? Məqsədləri nədir və onları həyata keçirmək üçün nə edirlər?

Sürgündən qayıtdıqdan sonra Krım tatarlarının əsas məqsədi vətənlərində öz müqəddəratını həll etmə hüququnu əldə etmək olmuşdur. Bu qərar Ukrayna hələ Sovet ittifaqının tərkibində olarkən 1991-ci ildə Simferepolda baş tutan Krım tatarlarının ikinci Qurultayında alınmışdı. 1991-ci il avqustun 24-də Ukrayna mustəqilliyini elan etdikdən sonra bütün müstəqillik dövrü ərzində Krım tatarları özlərini etnik azlıq yox, kollektiv hüquqları üçün mübarizə aparan bir xalq, bir millət kimi göstərmişlər. Bu dinc, lakin təkidli mübarizədə vacib bir məsələ, bütün xalq adından danışmaq üçün qanuni hüquqa sahib olan və demokratik seçilmiş nümayəndəlik orqanlarının - Qurultay və Məclisin mövcudluğu idi. Təəssüf ki, Krımın işğalı və ilhaqının baş verdiyi 2014-cü ilə qədər bu mübarizə uğursuz olmuşdur. 

Bu faicəli hadisələr Ukraynanın müvəqqəti hökumətini və cəmiyyətini hazırlıqsız yaxaladı (həmçinin beynəlxalq cəmiyyəti də). Ukraynanın müdafiəsiz vəziyyəti işğal altındakı ərazilərdə qalan vətəndaşlarla bağlı hər hansı bir strateji plan ortaya qoymağa mane oldu. Həmin dövrdə Verxovna Radanın (Ukrayna parlamenti) atdığı yeganə düzgün addım 20 mart 2014-cü ildə Krım tatarlarını yerli xalq, Məclis və Qurultayı isə onların özünü idarəetmə orqanı kimi tanıması oldu. Bu sənəddə Ukraynanın BMT-nin “Yerli xalqların hüququ ilə bəyannamə”sinə qoşulduğu da vurğulanırdı. 22 may 2014-cü ildə BMT Yerli Xalqların Daimi Forumunun 13-cü iclasında Ukrayna nümayəndə heyəti verdiyi açıqlamada Ukraynanın Bəyannaməni rəsmi dəstəkləyən və sənəddə nəzərdə tutulmuş fikir və yanaşmaları bölüşən bir dövlət olaraq tanınmasını istədi. 

Lakin ən vacib qanunvericilik addımları Verxovna Rada tərəfində yerli xalqlara dair iki qanun layihəsinin qəbul edilməsidir (prosses hələ də davam edir). Bunlardan biri Krım tatarları, karaitlər və krımçaklar kimi xalqları BMT-nin yerli xalqların hüquqları ilə bağlı bəyannaməsinə tam uyğun şəkildə yerli xalq kimi müəyyən edən “Ukraynanın yerli xalqları haqqında” adlı sənəddir. İkincisi “Krım tatarlarının Ukraynanın yerli xalqı kimi statusu haqqında” adlanıb Krım tatarlarının siyasi, iqtisadi və mədəni hüquqlarının qorunması vasitələri və mexanizmlərini detallı şəkildə ortaya qoyur (məs. onların nümayəndəlik orqanlarının fəaliyyət göstərməsi və milli və regional hakimiyyət orqanları və özünüidarəetmə orqanları ilə qarşılıqlı əlaqəsi), seçilmiş orqanlardakı Krım tatarları nümayəndələrinin kvotalarını müəyyənləşdirir və ümumiyyətlə onların siyasi qərar qəbuletmə proseslərində səmərəli iştirakına ciddi təminatlar verir. Bu qanun layihəsinin 1-ci maddəsi aşağıdakı kimidir: “Yerli Krım Tatar xalqı, Krım yarımadasının ərazisində formalaşmış, kollektiv etnik-mədəni kimliyini qoruyub saxlayan və sonrakı nəsillərə ötürmək istəyən, öz ana dili və mədəniyyəti, ənənəvi sosial, mədəni və siyasi institutları olan bir etnosdur. Bu xalq inkişaf etmiş özünü idarəetmə orqanlarını formalaşdırmış və özünü etnik Ukrayna xalqı kimi təqdim etmişdir. Onun Ukrayna ərazisinin hüdudları xaricində heç bir dövlətçiliyi yoxdur.” 

Bütün Krım tatar lider və aktivistləri eyni fikirləri bölüşməsə də (bəziləri Krımın 1783-cü ildə Rusiya imperiyası tərəfindən ilhaq olunarkən son qoyulmuş dövlətçilik ənənəsinin bərpası kimi daha radikal addımlara səsləyirlər), ümumilikdə Ukraynanın bu cür siyasəti Krım tatarlarının məqsədləri ilə üst-üstə düşür. Bu siyasət, həmçinin, Krımın işğaldan azad olunması strategiyasının əhəmiyyətli bir addımı kimi də dəyərləndirilə bilər.


DİGƏR YAZILAR