Politicon.co

Makedoniyalı türklər: hazırki vəziyyət

Makedoniyalı türklər: hazırki vəziyyət

Türklər Makedoniyada sayına görə üçüncü etnik qrupdur. Bununla belə, onlar öz kimliklərini qorumağa və mütəşəkkil şəkildə qalmağa çalışırlar. Türk Demokrat Partiyasının Gənclik Qolunun Baş katibi Cemal Alindri Makedoniya türk icmasının mövcud vəziyyəti, siyasi fəaliyyətləri və hədəfləri haqqında məlumat verir

Hüseynov: İlk olaraq, bizə Makedoniyada yaşayan türk əhali haqqında ümumi məlumat verə bilərsinizmi? Türklərin sayı nə qədərdir? Onlar əsasən hansı ərazilərdə məskunlaşıblar? 

Alindri: Makedoniya türklərinin əksəriyyəti buraya 14-cü əsrdə - Osmanlı imperiyasının Makedoniyanı işğal etməsindən sonra köç ediblər. Osmanlı dövründə Makedoniyada türk əhali geniş yayılmışdı. İmperiyanın dağılması və bölünməsindən sonra Makedoniya türklərinin əksəriyyəti bugünkü Türkiyə ərazisinə yerləşdilər. 2002-ci ilin siyahıyaalma nəticəsinə əsasən, Makedoniyada 77,959 türk yaşayır ki, bu da ümumi əhalinin 3.9%-i deməkdir. Təbii ki, bu rəqəm böyük ehtimalla siyahıda göstəriləndən daha çoxdur, çünki rəsmi məlumat Avropada işləyən Makedoniya türklərini hesaba almayıb. 

Türk icması cənubi-qərb əyalətlərindən olan Sentar Jupa (Centar Župa) və Plasnitsada (Plasnica) üstünlük təşkil edir. Əlavə olaraq, Qostivar (Gostivar), Vrapçişte (Vrapčište), Skopye (Skopje), Resen (Resne), Radoviş (Radoviš), Ustrumca (Strumica), Struqa (Struga), Debre (Debar), Köprülü (Veles), Kırçova (Kičevo), Ohrid, Manastır (Bitola), Kalkandelen (Tetovo), Valandovo kimi bölgələrdə də xeyli sayda türk yaşayır. Ümumilikdə, türklər Makedoniyanın bütün şəhər və qəsəbələrinə səpələniblər və ölkənin idarəetmə struktruna uyğunlaşıblar. Struqa və Ohrid kimi populyar turizm məkanlarında xeyli sayda türk sənətkar var. 

Hüseynov: Türk icmasına qarşı Makedoniyada ümumi münasibət necədir? Türklərin makedoniyalılar və ölkənin digər müsəlman icması olan albanlar ilə əlaqələri necədir? 

AlindriMakedoniya cəmiyyəti ümumi olaraq türklərə yaxşı münasibət bəsləyir. Makedoniyalılarla və albanlarla münasibətimiz digər icmalarla olduğu kimi tamamilə yaxşıdır. Makedoniya müxtəlif xalqların bir-biri ilə sülh şəraitində yaşadığı və çalışdığı multikultural cəmiyyətə malikdir.  Buna baxmayaraq, cənubi-qərb və şərq bölgələrində bəzi insanlar digər icmalarla əlaqə qurmadan təcrid olunmuş yaşamağa üstünlük verirlər. 

Hüseynov: Makedoniyadakı türklər necə təşkilatlanıblar?

Alindri: Makedoniyada türklərin 3 siyasi partiyası mövcuddur: Türk Demokrat Partiyası (TDP), Türk Hərəkat Partiyası (THP) və Türk Milli Birlik Hərəkatı (TMBH). Bundan əlavə, Makedoniya Türk Vətəndaş Cəmiyyəti Təşkilatlar Birliyi (Makedonya Türk Sivil Toplum Teşkilatlar Birliği  - MATÜSİTEB) adlı qurum da fəaliyyət göstərir. 

Türklərin Makedoniyadakı ilk siyasi təşkilatı Türk Demokrat Partiyasıdır (TDP). 1990-cı illərin əvvəllərində Makedoniyada baş verən siyasi və iqtisadi dəyişikliklər səbəbindən, digər icmalar kimi türklər də öz siyasi hüquq və inkişaflarını qorumaq üçün təşkilatlanmağı qərara aldılar. Nəticədə, 1 iyul 1990-cı ildə Türk Demokratik Birliyi adlı siyasi təşkilatın əsasə qoyuldu. Təşkilat əsas məqsəd olaraq Makedoniyadakı Türklərin milli və mənəvi maraqlarını qorumaq fikrini müəyyənləşdirdi və bu istiqamətdə fəaliyyətə başladı. Sonrakı hadisələr isə türklərin bu təşkilatı siyasi bir partiyaya çevirməsinə imkan yaratdı. Dəyişiklik 27 iyun 1992-ci ildə Skopyedə Avni Engüllünün başçılığı altında keçirilən ikinci fövqəladə qurultayda Türk Demokratik Birliyinin Türk Demokrat Partiyasına çevrilməsi ilə tamamlandı. Yarandığı dövrdən bu yana TDP Makedoniyadakı türklərin maraqlarını qoyurur və bir çox uğurlar əldə edib. Makedoniyadakı türklərin inamını qazanmaqla partiya bu icmanın yeganə səsinə çevrilmişdir. 

Əlavə olaraq, Makedoniyada türk qəzet və jurnalları, türk teatrı da fəaliyyət göstərir. Burada həmçinin, türkcə radio və televiziya yayım kanalları da var. Türk dili və ədəbiyyatı şöbəsi də ali təhsil müəssisələrinin filologiya fakültəsində tədris olunur. Türklərin üstünlük təşkil etdiyi ərazilərdə türklər öz ana dillərində ibtidai və orta təhsil ala bilərlər. 

Hüseynov: Türk icmasının Makedoniyanın siyasi həyatındakı çəkisi və rolu nədir? Türklərin əsas siyasi məqsədləri nələrdir? 

Alindri: Makedoniyanın az əhalili kiçik ölkə olduğunu nəzərə alsaq, burada çoxlu partiya mövcuddur və hökumətlər adətən koalisiya şəklində qurulurlar. Bu baxımdan, türklərin səsləri əhəmiyyətli dərəcədə vacib sayılır. Üstəlik, türk mənşəli bir sıra siyasi xadimlər də Makedoniya siyasətində yüksək vəzifələr tuturlar. Türk Demokrat Partiyasından (TDP) olan Furkan Çako, Makedoniya hökumətində Portfelsiz nazir vəzifəsini icra edir. Parlamentdə türkləri TDP lideri Kənan Hasip (Kenan Hasip) və Enes İbrahim (THP) təmsil edir. Bundan əlavə, etnik türk olan Saleh Murad (Salih Murat) Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin üzvüdür.

Makedoniyadakı Türklərin əsas məqsədi öz siyasi hüquqlarını, milli və mənəvi maraqlarını qorumaq və inkişaf etdirməkdir. Bu baxımdan TDP-nin məqsədi Makedoniyadakı Türkləri güclü bir cəmiyyət olaraq birləşdirmək, türklərin yaşadığı hər bir yaşayış məntəqəsinə çatmaq, hüquq və mənafelərini qorumaqdır. 


DİGƏR YAZILAR