Politicon.co
Tarix yenidən başlayır
Liberalizmin siyasi ideologiya olaraq hal-hazırda böhran vəziyyətində olması danılmaz fakta çevrilib. Bu trend artıq bir neçə illərdir ki davam edir və özünü bir çox iqtisadi, siyasi və sosial gedişatlarda büruzə verir. Avropa İttifaqı və ABŞ-da baş verən çalxalanmalar, qeyri-demokratik siyasi rejimlərin baş qaldırması, dünyada artan milliyətçilik, irqçilik və s. bu kimi proseslər liberalizmin tənəzzülünün yan təsirləridir.
Lakin bu prosesləri anlamaq üçün ilk öncə ideologiyanın nə olduğunu anlamaq lazımdır. Qısa desək, ideologiya ideya və dəyərlər sistemidir. Və hər bir ideologiya keçmişi və bu günü anlamaq üçün baxış prizması, gələcəyi dəyişmək üçün ideya və dəyərlər toplusu təqdim edir. Misal üçün, kommunizm keçmişi və bu günü daimi siniflərarası mübarizə kimi görür və gələcəkdə özəl mülkiyyətin, sosial siniflərin və dövlətin mövcud olmadığı qlobal kommunist cəmiyyətin yaranmasını arzulayır. Beləliklə, hər bir ideologiyanın özünəməxsus baxış bucağı və gələcəklə bağlı ideyaları olur.
İdeologiyaların tarixi uzaq keçmişə qədər uzansa da, 20-ci əsri həqiqətən qlobal ideologiyalar əsri hesab etmək olar. Məhz 20-ci əsrdə geniş yayılmış 3 siyasi ideologiya qlobal üstünlük uğrunda bir-birilə mübarizə apardı. İlkin etapda liberalizm və kommunizm nasizmə qarşı birləşdi və ona qalib gəldi (İkinci Dünya Müharibəsi). Sonra isə bu qaliblər 40 ildən çox bir müddət ərzində qlobal liderlik uğrunda bir-biri ilə mübarizə apardı (Soyuq Müharibə). Nəticə etibarilə, liberalizm bu mübarizədən qalib ayrılaraq qlobal üstünlüyü ələ keçirdi.
Bəs liberalizm nədir? Liberalizm fərdi azadlığı üstün tutan siyasi ideologiyadır. İqtisadi quruluculuqda azad bazar iqtisadiyyatı prinsiplərini, sosial-siyasi qurulucuqda isə bütün növ insan hüquq və azadlıqlarını əsas götürən bu ideologiya 20-ci əsrin sonunda yeganə qlobal ideologiyaya çevrilmişdir. 1992-ci ildə yapon əsilli amerikalı siyasi iqtisadçı Frensis Fukuyama hətta bu dövrü “tarixin sonu” (“the end of history”) adlandırmışdır. Onun kimi düşüncədə olan bir çoxları liberalizmin tarixin sonuncu ideologiyası olacağına və bundan sonra yeni ideologiyaların yaranmayacağına inanırdı. Ötən əsrin sonunda baş verən proseslər həqiqətən bu tip düşüncələrə əsas yaradırdı. SSRİ çökmüşdü, Avropada inteqrasiya prosesləri tam sürətlə davam edirdi, genişmiqyaslı müharibələr və böhranlar sanki bitmiş kimi görünürdü, liberal-demokratik prinsipləri özündə əks etdirən ABŞ dünyanın yeganə superdövləti idi və dünyanın gələcəyi liberal-demokrartik və firavan görünürdü.
Lakin sonraki illərdə baş verən hadisələr bu fikirləri təxirə saldı. Liberalizmi sarsıdan bir çox səbəbləri sadalamaq olar, amma aşağıdakı 3 əsas səbəb digərlərindən daha üstündür.
Birincisi, liberal ideologiyanın əsas daşıyıcı qüvvəsi və soyuq müharibənin qalibi olan ABŞ onun üzərinə düşən qlobal liderliyin öhdəsindən gələ bilmədi. Dünyada sülhün bərqərar olmasının yeganə yolunu bütün ölkələrin demokratikləşməsində görən ABŞ, güc yolu ilə liberal-demokratik ideyaları yaymağa əl atdı. Yaxın Şərqi bombalayaraq orada demokratiya qurmaq istəyən ABŞ, bu regionda xaosa səbəb oldu, liberalizmə olan inamı sarsıtdı və bütün növ ekstremist ideologiyaların yaranması üçün zəmin yaratdı. Bundan əlavə, bu tip addımlar Rusiya, Çin və digər regional güc mərkəzlərini ABŞ-dan və ümumilikdə kollektiv Qərbin inteqrasiya proseslərindən uzaqlaşdırdı.
İkincisi, 2008-ci ilin qlobal maliyyə böhranı liberal iqtisadi modelə olan inamı əhəmiyyətli dərəcədə sarsıtdı. Bu böhrana qədər iqtisadi inkişafın yeganə yolunu liberallaşmada görən dünya ölkələri, həddən artıq liberallaşmanın fəsadlarını iqtisadi tənəzzülə uğrayan və uzun müddət bu tənəzzüldən çıxa bilməyən Qərb ölkələrinin nümunəsində şahid oldular. Əlavə olaraq, böhranın nəticəsi olaraq Qərb ölkələrində artan bərabərsizlik və digər sosial-iqtisadi problemlər bu iqtisadi modelə olan daxili inamı da sarsıtmış oldu.
Liberalizmin zəifləməsinin üçüncü səbəbi isə, Çinin sürətlə güclənməsi və əhəmiyyətli güc mərkəzinə çevrilməsidir. Son 30 ildə sürətlə inkişaf edən Çin yeni qütbə çevrilərək dünyaya alternativ iqtisadi model, investisiya və əməkdaşlıq formatı təklif edir.
Beləliklə, 20-ci əsrin qalibi olan liberal ideologiya artıq 21-ci əsrin əvvələrində sarsıdılmış vəziyyətdədir. Lakin reallıq ondan ibarətdir ki, hal-hazırda liberalizmə həqiqi alternativ olacaq qlobal ideologiya yoxdur. Rusiyanın təklif etdiyi “suveren demokratiya” ideyası, Yaxın Şərqdə baş qaldıran dini ekstremizm, Çinin hibrid modeli və ya bir çox regionlarda artan miliyyətçilik ideyaları qlobal səviyyədə cəlbedici bir ideologiyaya çevrilə bilmək potensialına malik deyillər. Ayrı-ayrılıqda regional və ya lokal səviyyələrdə cəlbedici ola biləcək bu ideyalar, bəşəriyyətin qarşılaşdığı və qarşılaşacaq qlobal çağırışlara cavab verə bilməz. Bu səbəbdən, liberalizm hələ də qlobal səviyyədə dominant ideologiya olaraq qalmaqdadır və bütün dünya ölkələri sözdə də olsa, liberal-demokratik prinsiplərə öz sadiqliyini sübüt etməyə çalışır.
Lakin orta və uzun müddətli dövrdə qlobal iqtisadi sistemdə baş verəcək dəyişiklər liberalizmi tam məhv etmək potensialına malikdirlər. Məsələ ondan ibarətdir ki, liberal ideologiya bəlli bir iqtisadi zəmin üzərində ərsəyə gəlib. Sənaye inqilabından (XVIII – XIX əsrlər) sonra formalaşan iqtisadi modelin mərkəzində məhz insan (fərd) dayandığı üçün elə bu dövrdə də formalaşan liberal ideyalar insanın azadlığını ən üstün dəyər hesab edir. Sənaye iqtisadiyyatında fərd və onun bilik və bacarıqları əsas iqtisadi resurs olduğuna görə, liberal ideologiyada da fərdin rifahı və azadlıqları üstün tutulur.
Hal-hazırda isə dünya yeni iqtisadi inqilab astanasındadır. Süni intellekt, robotlaşma və avtomatlaşma prosesləri iqtisadi sistemdə insanın önəmini kiçildir. Bu isə o deməkdir ki, liberalizmin yerinə gələcək digər ideologiya(-lar) fərdə bir o qədər də önəm verməyə, onun rifah və azadlıqlarını hansısa digər ali ideyalar uğrunda qurban verməyi üstün tuta bilər.
Yekunda onu qeyd etmək istərdim ki, bəşəriyyəti qarşıda böyük çağırışlar gözləyir. Köhnə ideyalar artıq işləmir, yeni ideyalar isə tam formalaşmayıb. Fikrimcə, dünyada baş verən prosesləri məhz bu kontekstdə təhlil etmək məntiqli olar. Belə bir dövr son dərəcə turbulent dövrdür və yeni dünya nizamı və iqtisadi sistem tam formalaşana qədər dünyanı çalxalayacaq bir çox hadisələr baş verə bilər. Buna hər zaman hazır olmalıyıq. Ötən əsrin sonunda hökm sürən aparıcı ideyaları gözəl təsvir edən “tarixin sonu” konseptinə əks-arqument gətirərək növbəti sualı vermək istərdim: “Tarix yenidən başlayır?”
- ETİKETLƏR :
- Liberalizm
- MÖVZULAR :
- Nəzəriyyə