Politicon.co

Müasir “Böyük oyun”: Əfqanıstanda regional əməkdaşlıq mexanizmlərinin tətbiqi nə üçün uğursuzluğa uğrayır?

Müasir “Böyük oyun”: Əfqanıstanda regional əməkdaşlıq mexanizmlərinin tətbiqi nə üçün uğursuzluğa uğrayır?

İstanbul Prosesi, Tokio Qarşılıqlı Hesabatlılıq Çərçivəsi və ya Əfqanıstandakı Beynəlxalq Əlaqə Qrupu kimi əməkdaşlıq platformaları beynəlxalq birlik tərəfindən hərbi və təhlükəsizliklə bağlı işləri tamamlayan və on illərlə Əfqanıstanda təkrarlanan zorakılıqlara qarşı sabitlik və çiçəklənməyə töhfə verən mexanizmlər kimi qiymətləndirilirdi. 

Ancaq bu cür platformalar mənalı nəticələr verə bilmədi. 19-cu əsrdə Redyard Kiplinqin tərəfindən terminalogiyaya daxil olan "Böyük oyun", Orta Asiya üçün böyük güclər arasındakı mübarizəni təsvir etmək üçün istifadə olunmuşdur və müasir dövrdə də öz məntiqini saxlayan və regional əməkdaşlıq çərçivələrində işlənən bir termin olaraq qalır. O vaxtdan bəri beynəlxalq sistem və böyük dövlətlərin mövqeləri dəyişmiş,  hadisələrin gedişatına təsir edə biləcək bölgə oyunçularının sayı artmış, bu durum da ittifaqlar sisteminin və bölgədəki ümumi vəziyyətin qarışmasına səbəb olmuşdur. Bəzi güclər arasında və müəyyən dərəcədə əməkdaşlıq üçün ümumi zəmin mövcud olsa da, hələ də əsas oyunçuların fərdi maraqlarındakı dərin fikir ayrılıqları saxlanılır, bu isə nəticədə yaranan müttəfiqliyə zərər verməkdədir.

ABŞ
2001-ci ildən bəri ABŞ-ın Əfqanıstandakı iştirakı birinci üçün baha başa gəlmiş və onu gücünü tükətmişdir. Odur ki, Obama Administrasiyası qoşunlarının İraq və Əfqanıstandan çıxarılmasını xarici siyasət prioritetlərindən biri olaraq təyin etmişdir. Bununla yanaşı, ABŞ son 15 ildə xərclərinin bəhrəsini görməyi gözləyir. Əfqanıstan Amerikanın Avrasiyadakı maraqlarını təmin etmək üçün vacibdir, lakin ABŞ bundan sonra pul xərcləməyə davam etmək istəmir. Beləliklə, regional əməkdaşlıq mexanizmləri ABŞ üçün maraqlarını birbaşa olmayan və daha az xərclə inkişaf etdirmək üçün yaxşı bir vasitədir.

2011-ci ildə o vaxtkı dövlət katibi olan Hillari Klinton Mərkəzi və Cənubi Asiya bazarlarını Əfqanıstanla birləşdirməyə və regional iqtisadiyyatın canlandırılmasına yönəlmiş Yeni İpək Yolu təşəbbüsü ilə çıxış etdi (The Diplomat, 11 Noyabr 2011). 2013-cü ildə Çinin prezindenti Si Tsinpin, İpək Yolu İqtisadi Kəməri adlı, Asiyanı multimodal dəhlizlər şəbəkəsi ilə bağlamağa yönəlmiş daha geniş bir layihə təqdim etdi. O, bir anda Yeni İpək Yolu layihəsinin iddiaçısı kimi qəbul edildi. Layihə əsasən Amerikanın bölgədəki maraqlarına zidd bir çağırış hesab edilsə də, 2015-ci ilin mart ayında ABŞ-ın dövlət katibi İpək Yolu İqtisadi Kəmərinə istinad edərək bildirmişdi: “Biz Çinin Orta Asiyada iştirakını sıfır toplamlı oyun dəyərində görmürük. Çinin Orta Asiyada infrastrukturu inkişaf etdirməsi bizim səylərimizi tamamlaya bilər" (ABŞ Dövlət Departamenti, 31 Mart 2015). Bu, bölgədəki çoxillik təcrübənin ABŞ-a öyrətdiklərinin nəticəsi idi, bu təcrübə digər maraqlı tərəflərə heç bir güzəşt edilmədən birtərəfli hərəkətlərin çox böyük vəsait tələb etdiyini və bəhrəsinin çox az olduğunu göstərmişdi. ABŞ-ın Çinin İpək Yolu İqtisadi Kəmərini rəqib bir layihə kimi qəbul etməməsi onun bölgə üçün hazırkı görüşü - ticarəti asanlaşdırmaq və bütövlükdə bölgənin iqtisadi gücünü artırmaq üçün trans-regional nəqliyyat əlaqələrini yaratmaq planları ilə üst-üstə düşür. Hər iki layihənin əsas səbəbi bu planı əhatə etdiyi üçün ABŞ Çinin irəli sürdüyü təşəbbüsü dəstəkləmək iqtidarındadır. Vaşinqtonun çevikliyi, eyni zamanda, hər iki tərəfin bəzi vacib strateji hədəfləri üst-üstə düşdüyü zaman, bölgədəki rəqibləri ilə Əfqanıstandakı məsuliyyəti bölüşməyə hazır olduğunu nümayiş etdirir. Çinlə əməkdaşlıq və müəyyən güzəştlər ABŞ-ın maraqlarını ciddi şəkildə təhdid etmir, lakin uzunmüddətli strateji hədəflərinə çatmasına kömək ola bilər.

Çin
Bu əməkdaşlıq Çini də öz məqsədlərini həyata keçirməyə təşviq edir. Çinin Əfqanıstandakı maraqları əsasən qərb sərhədlərinin güvənliyini təmin etmək və Sincan əyalətinin islam ekstremistləri üçün təhlükəsiz bir sığınacaq olmasının qarşısını almaq zərurəti ilə müəyyən edilir. Pekin nəticədə Talibanla əlaqəsi olan Şərqi Türküstan İslam hərəkatının kökünü kəsmək üçün yollar axtarır. Sincandakı sabitlik Pekinin iqtisadi quruluşu və inkişaf baxışına da uyğundur. Ənənəvi olaraq, Çinin sahil hissəsindəki bazarlar dolduqca və əmək xərcləri artdıqca, mərkəz və qərb bölgələrinə daha çox əhəmiyyət verilir. İstehsalçıların daha da ucuz işçi qüvvəsi ilə ölkə daxilinə keçməsi Çinin iqtisadi yüksəlişini qoruyacağı təqdirdə qaçılmaz bir prosesdir. Bu, həm də daxili miqrasiya probleminin həllinə öz töhfəsini verəcəkdir. Eyni zamanda, Çin-Qazaxıstan nefti və Çin-Türkmənistan qaz boru kəmərləri Sincan əyalətindən keçir, bu isə bölgəyə daha çox strateji əhəmiyyət verilməsinə və təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş tədbirlərin görülməsini daha məqsədəuyğun edir. Beləliklə, sabit və təhlükəsiz Əfqanıstan Çinin öz təhlükəsizliyini qorumaq və iqtisadi coğrafiyasını genişləndirmək üçün əlverişli şərait yaratması üçün vacibdir.

Çin, eyni zamanda, AQETK (Asiyada Qarşılıqlı Etibar və Təminat Tədbirləri Konfransı) və İstanbul Prosesi kimi regional əməkdaşlıq mexanizmlərində daha çox iştirak etməklə regional işlərdə fəal iştirak etməkdədir. Çin 2014-cü ilin may ayında Şanxayda AQETK Sammitinə ev sahibliyi etdi və hazırda bu təşkilatın sədri vəzifəsini tutmaqdadır. Çin, həmçinin 2014-cü ilin oktyabr ayında Pekində İstanbul Prosesi ilə bağlı nazirlər konfransınada ev sahibliyi etdi. Çin həmçinin, Rusiya ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatına rəhbərlik edir. Son zamanlar o, Asiya Təhlükəsizlik Konsepsiyasını ümumi, hərtərəfli, əməkdaşlıq və davamlı təhlükəsizlik prinsiplərinə əsaslanaraq geniş təbliğ etməyə başlamışdır. Bu konsepsiya Çinin bölgədəki təhlükəsizlik məsələlərinə baxışını əks etdirir və regional təhlükəsizlik əməkdaşlığının qurulmasında aparıcı tərəf olmağa hazır olduğunu və var olan qabiliyyətlərini vurğulayır. 

Çin son zamanlarda Əfqanıstandakı vəziyyətin həlli üçün çox vacib bir ölkə olan Pakistan ilə ikitərəfli münasibətləri və əməkdaşlığını nəzərəçarpacaq dərəcədə genişləndirib. Onların arasındakı ən böyük investisiya, dəyəri 46 milyard ABŞ dolları olan Çin-Pakistan iqtisadi dəhlizi meqaproyektidir (Əl-Cəzirə, 4 May 2015). Bu layihə Pakistanın cənub-qərbindəki Qvadar limanını dəmir yolları, magistral yollar və boru kəmərləri şəbəkəsi ilə Sincan əyalətinə bağlamağı və Çinin Hind okeanına çıxışını təmin etmək və iqtisadi təsirini daha da genişləndirmək məqsədi daşıyır.

Rusiya
Rusiyanın Əfqanıstandakı hədəfləri və bunun üzərindəki regional əməkdaşlıq çərçivələri çoxşaxəlidir və bəzən bunlar bir-birinlərinə zidd mövqe təşkil edir. Birincisi, Rusiyanın Suriyaya hazırki diqqətini və ölkə daxilindəki iqtisadi problemlərini nəzərə alsaq, Moskva öz mənbələrini Əfqanıstana ayıra bilmir. Sovet İttifaqının dağılması ilə Rusiya Əfqanıstana ilk növbədə fiziki çıxışı itirmiş, lakin bölgədəki tarixi strateji tutumunu qorumaq və keçmiş Orta Asiya Sovet İttifaqı respublikaları vasitəsilə Əfqanıstana nəzarət etmək məqsədini güdür. Lakin bunların hamısı heç də artıq Rusiyanın müttəfiqləri deyil. Rusiyaya qarşı getdikcə daha çox təslimolunmaz mövqe nümayiş etdirən Özbəkistan və rəsmi xarici siyasət kursu olaraq neytral mövqedən çıxış edən Türkmənistan kimi ölkələrlə sövdələşmək daha da mürəkkəbdir. Rusiya aparıcı üzvü olduğu regional təhlükəsizlik qurumlarının mövqeyini gücləndirmək və buna görə də, KTMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi regional məsələlərdə daha çox söz sahibi olmaq istəyir. Bu qurumların strateji məqsədi Avrasiya regional təhlükəsizlik mühitinin dizaynında daha çox imkanların olmasını təmin etməkdir. Rusiya, həmçinin Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinin coğrafiyasını genişləndirməyi və regional iqtisadi işlərdə daha geniş iştirakını təmin etməyi planlaşdırır. Bu, Rusiyanın Qərblə münasibətlərinin gərginləşməsi və Avrasiyaya dönüş fonunda xüsusi əhəmiyyət daşıyır. Beləliklə Rusiya digər oyunçuların öz məqsədlərini gerçəkləşdirmə ehtimalına görə regional təşəbbüslərinin tərəqqisinə şübhə ilə yanaşır. Yeni İpək Yolu və İpək Yolunun İqtisadi Kəməri kimi layihələrin icrası Rusiyanın marağında deyil, çünki bu layihələr Rusiya ərazisindən keçən malların daşınmasını asanlaşdırmaq üçün alternativ infrastruktur yaratmağa çalışır. Bu təşəbbüslərin uğuru yeni nəqliyyat marşrutları boyunca Mərkəzi Asiya ölkələrinə güc qazandıracaq, onları tranzit ölkələrə çevirəcək və bu vəziyyətdə Moskvanın Orta Asya ölkəkəri üzrə idarəsini zəiflədəcəkdir. Lakin Rusiyanın bölgədəki strateji hədəflərinə uyğun olmayan digər oyunçular tərəfindən başladılan bəzi layihələri açıq şəkildə dəstəkləyən bir qrup var.  Məsələn, 2011-ci ildə Rusiyanın o zamankı baş naziri Vladimir Putin Qırğızıstan, Tacikistan və Pakistan arasında Əfqanıstan üzərindən elektrik əlaqəsini təmin etməyə yönəlmiş CASA-1000 layihəsinin reallaşdırılması üçün 500 milyon ABŞ dolları verəcəyini vəd etmişdi (Eko-Biznes, 9 Noyabr 2011). Adi məntiq bu təşəbbüsün müvəffəqiyyətlə həyata keçirilməsinin Moskvanın xeyrinə olmadığını göstərir, çünki bu postsovet ölkələrinin Rusiyadan enerji asılılığını azaldacaqdır. Bu cür layihələrə maliyyə dəstəyi göstərmək istəyi Rusiyanın böyük əhəmiyyətə malik regional layihələrdən kənarlaşdırılmaması və onlara daha çox nəzarət etmək istəyi ilə izah edilə bilər. 

Moskvanın Çin-Rusiya əməkdaşlığını inkişaf etdirmək istəyinə Qərblə gərgin münasibətlər və Çinin rəhbərlik etdiyi regional layihələrdə iştirak etməsinin zəruriliyi aspektindən baxmaq lazımdır. Rusiya bölgədəki güclü mövqeyini qorumaq üçün Çinin Orta Asiyadakı təsirini aradan qaldırmalıdır, buna baxmayaraq, bu məqsədə çatmaq üçün iqtisadi imkanları yoxdur. Çin bir çox iqtisadi layihələr vasitəsilə Orta Asiya ilə əməkdaşlığı genişləndirir və bununla da bu ölkələr arasında daha çox nüfuz qazanır və Moskvanın nəzarət qabiliyyətini zəiflədir. 8 may 2015-ci ildə Rusiya və Çin bu iki layihəni birləşdirmək məqsədilə "Avrasiya İqtisadi Birliyi (AQB) və İpək Yolu İqtisadi Kəməri (İPYK) layihələrinin inkişafının əlaqələndirilməsi sahəsində əməkdaşlıq haqqında" birgə bəyannamə imzaladılar (Karnegi, 5 İyun, 2015). Bu, Rusiyanın Çinin rəhbərlik etdiyi təşəbbüslərin bir hissəsi olaraq qalmağa və bölgədə Çinin təsirini qəbul etməkdən başqa çarəsinin olmadığını göstərir. 

Digər tərəfdən, Rusiya, narkotiklərin qanunsuz dövriyyəsinə və hər şeydən əvvəl, sərhədlərini keçməsi təhlükəsi daşıyan və öz sərhədləri daxilində Rusiyaya ciddi başağrısı gətirən Əfqanıstandan və Orta Asiyadan gələn terrorizmə və ekstremizmə qarşı mübarizə aparmalıdır. Rus dilemması bu təhlükələrin yayılmasının qarşısını almaq üçün güc sərf etməkdə istəksiz olmaqla sabit və etibarlı Əfqanıstana sahib olmaq zərurətindən ibarətdir. Beləliklə, paradoksal olaraq bölgədə sülh və sabitliyi dəstəkləyə biləcək digər güclərin daha çox iştirakına ehtiyac duyulur ki, Rusiya öz məqsədlərini etibarlı bir mühitdə gerçəkləşdirə bilsin, eyni zamanda bu güclərin təsirini aradan qaldırmağa çalışsın. 

Pakistan və Hindistan
Pakistan və Hindistanın Əfqanıstana istiqamətli siyasəti onların münasibətlərinin xarakterindən irəli gəlir. Pakistanın strateji maraqları Əfqanıstanın taleyini müəyyənləşdirmək üçün böyük əhəmiyyətə malikdir. Adi düşüncə Əfqanıstanda sabitliyin açarının başqa yerdə deyil, İslamabadda olduğunu söyləyir. Dürant xətti adlanan məsaməli və böyük ölçüdə tənzimlənməmiş sərhəd, hər iki tərəfdən ekstremist döyüşçülərin daxil olması və yenidən toplanması üçün əlverişli şərait yaradır. Pakistan, Əfqanıstandakı xüsusi təsirini qorumaq və Sovet qoşunlarının geri çəkilməsindən və Amerikanın iki il əvvəl bölgədən geri çəkilməsindən sonra baş verənlərə bənzər NATO-nun rəhbərlik etdiyi qüvvələrin çəkilməsindən sonra təhlükəsizlik boşluğunu doldurmaq istəyir. 

Digər geniş yayılmış bir fikir Pakistanın guya Taliban döyüşçülərini dəstəklədiyini və əfqan cəmiyyətinin etnik xətt boyunca bölünməsini təşviq etməsidir (The Washington Post, 8 oktyabr 2015). Bu cür ritorika rəsmi səviyyədə də tez-tez səslənir. 2015-ci ilin əvvəlindən Əfqanıstan rəhbərliyi Pakistanı Talibana dəstək verməkdə dəfələrlə ittiham edir (Əl-Cəzirə, 10 oktyabr 2015). Mülki rəhbərliyin fikirləri və rəsmi ritorikası hərbi rəhbərliyin hərəkətləri ilə üst-üstə düşmədiyi təqdirdə Pakistanın güc strukturundakı uyğunsuzluq amilini də nəzərə almaq lazımdır (The Diplomat, 24 noyabr 2015). Pakistanın Əfqanıstan məsələsində əhəmiyyəti, Pakistanın Səudiyyə Ərəbistanı ilə birlikdə Kabildəki hökumət və Taliban arasında danışıqlar aparmaq iqtidarında olan yeganə ölkələrdən biri olması ilə dəstəklənir.

Pakistanın məqsədi Əfqanıstandakı hadisələrin gedişatına birtərəfli təsir etmək üçün öz təsirini qorumaq olduğundan, Hindistan-Əfqanıstan münasibətlərinin inkişaf etdirilməsi bu məqsədə xidmət etmir. Pakistan Əfqanıstanda dost Hindistanın imicinin təbliğ edilməsinə tamamilə qarşıdır və iki dövlət arasında münasibətlərin yaxşılaşdırılmasını özü üçün qorxulu hesab edir. Pakistan Hindistanın Əfqanıstanda iqtisadi təsirini artıra biləcəyini başa düşür və bunun qarşısını almağa çalışır. Məsələn, bunu Hindistana Əfqanıstan bazarına çıxmaq üçün tranzit hüququ verməməklə edir. 

Hindistanın marağında olan sabit və çiçəklənən Əfqanıstandır. Onun əsas məqsədi Əfqanıstan və Pakistandan gələn terrorizm və ekstremizm təhlükəsini azaltmaqdır. Hindistan təhlükəsizliklə əlaqəli yüksək risklərə baxmayaraq, Əfqanıstana investisiya yatırmaqda davam edir. Regional əməkdaşlıq formatları çərçivəsində özəlliklə iqtisadi və ticarət təşəbbüslərində fəal iştirak edir. Hindistan eyni zamanda, Əfqanıstanla güzəştli ticarət sazişi imzaladı və xaricdən gətirilən əfqan mallarına qoyulan tarifləri qaldırdı. 

Hindistanın Əfqanıstan məsələsindəki strateji mövqeyi İranla, Pakistanın mövqeyi isə Çin və Səudiyyə Ərəbistanı ilə uyğunluq təşkil edir. İran və Hindistan arasındakı əməkdaşlıq İrandakı Çabahar liman layihəsinə artan maraq və maliyyə töhfələri səbəbindən xüsusilə diqqətəlayiq oldu, hansı ki bu liman vasitəsilə Hindistan malları Pakistandan yan keçərək İrana daha sürətli göndərilə biləcəkdir (The Hindu, 27 Avqust 2015). Pakistanın Hindistanın ərazisini iqtisadi məqsədlər üçün istifadə etməsinə icazə verməməsi və beləliklə bölgədəki iqtisadi genişlənməsinin qarşısını alması Hindistan üçün nəzərə alınmalı olan vacib bir məsələdir. Bu layihə Çin-Pakistan iqtisadi dəhlizi layihəsini tarazlaşdırmaq üçün də önəmlidir. İran-Hindistan, Çin-Pakistan və Pakistan-Səudiyyə Ərəbistanı əlaqələri və irimiqyaslı layihələr üzrə əməkdaşlıq göstərir ki, Pakistan və Hindistanın maraqları arasındakı dərin fikir ayrılıqları əlverişli tərəfdaş axtarmağı və məqsədlərinə çatmaq üçün müəyyən layihələrin həyata keçirilməsini zəruri edir.

İran
İran, Əfqanıstana, xüsusən də Qərbi Herat əyalətinə təsir göstərmək imkanına malik regional işlərdə vacib rol oynayan əsas oyunçulardan biridir. Dil yaxınlığı, Əfqanıstan əhalisinin 20 faizinin İslamın şiə qoluna mənsubluğu və İranda yaşayan 3 milyona yaxın əfqan miqrantları İranın istifadə edə biləcəyi vacib kartlardan biridir. Nüvə sazişi və İrana qarşı sanksiyaların qaldırılması Əfqanıstan və bölgə ilə bağlı daha aqresiv siyasətin izlənməsinə daha çox töhfə verəcəkdir. 

Getdikcə artan mənbələr İranın qəti şəkildə inkar etməsinə baxmayaraq İŞİD-in yayılmasının qarşısını almaq üçün Talibana maddi və silah dəstəyi verdeyini iddia etməkdədir (Xarici İşlər, 21 iyun 2015). Vəziyyətin bu cür inkişaf etməsinin mümkünlüyünə İran və Səudiyyə Ərəbistanı arasında daha geniş düşmənçilik kontekstində baxılmalıdır. Bu, vəziyyəti daha da gərginləşdirə bilər və Əfqanıstanı Yaxın Şərqdə müşahidə olunan oxşar Şiə-Sünni məzhəb mübarizəsinin yeni teatrına çevirməklə təhdid edə bilər. 

Əfqanıstan ciddi bir dilemma ilə üzləşir, çünki iqtisadi səbəblərə görə İranla əməkdaşlığı dərinləşdirmək məqsədi var, bununla birlikdə Taliban üzərində böyük təsir gücünə sahib olan və onu danışıqlar masasına gətirə biləcək səudiyyəlilərlə yaxın münasibətləri saxlayır. Səudiyyə Ərəbistanı bunun qarşılığında Əfqanıstanın geniş sünni koalisiyasına qoşulacağını gözləyir, bu isə şübhəsiz ki, İranın geri çəkilməsinə səbəb olacaqdır. Beləliklə, Əfqanıstan hökuməti hər ikisi ilə münasibətdə ayıq və balanslı olmalıdır, çünki onlardan birinə qarşı meyl məzhəbçiliyə xarici dəstəyi verə bilər və ölkədə onsuz da kövrək təhlükəsizlik mühitini pisləşdirə bilər. 

Nəticə
Qlobal və regional güclərin bu fikir ayrılıqları və strateji hədəfləri, onların dəstəklədiyi layihələr və digər tərəflərlə əlaqələri Əfqanıstandakı təhlükəsizlik vəziyyətinin pozulmasına gətirib çıxarır, sabitlik və çiçəklənmə perspektivlərini boşa çıxardır. Bununla yanaşı, onlar Əfqanıstanda gərəksiz və təsirsiz olan bölgələrin bərpasına töhfə vermək üçün regional əməkdaşlıq platformalarını yaradırlar. Beynəlxalq ictimaiyyətin Yaxın Şərqə artan diqqəti və orada yaranan problemlər diqqəti Əfqanıstandan uzaqlaşdırır. Vəziyyət İran-Səudiyyə Ərəbistanının davam edən düşmənçiliyi, Taliban hərəkatının yenidən canlanması, İŞİD-in fəallaşması və bu radikal qruplara potensial xarici dəstək səbəbindən daha da gərginləşir. Bu silahlı qrupların təhlükəsizlik boşluğunu doldurmaq və mərkəzi hökumətin nüfuzuna meydan oxumaq ehtimalı olduqca yüksəkdir. NATO rəhbərliyindəki qoşunların sayının azalması artıq ölkənin təhlükəsizlik mühitində boşluq yaratdı və təhlükəsizlik qurumlarını ciddi bir sınaq vəziyyətinə gətirdi. Koalisiya qüvvələrinin tamamilə çıxarılması vəziyyəti son dərəcə pisləşdirəcək, son on ildə əldə edilmiş müsbət nəticələri, yəni ləğv edilən radikalizmi və milisliyin daha da genişlənməsi üçün əlverişli zəmin yaradacaqdır. Buna görə beynəlxalq ictimaiyyətin daha yüksək diqqəti və ilk növbədə, layihələrin daha çox əlaqələndirilməsi və qlobal və regional oyunçular arasında Əfqanıstanda vahid bir yanaşma hazırlanması əvvəllər olduğu kimi ölkənin şiddət və qeyri-sabitliyə aparan yola yenidən başlamasının qarşısını almaq üçün vacibdir.

 

İstinadlar

1. The New Silk Road? The Diplomat, November 11, 2011;
http://thediplomat.com/2011/11/the-new-silk-road/

2. An Enduring Vision for Central Asia, US Department of State, March 31, 2015;
http://www.state.gov/s/d/2015/240013.htm

3. The China-Pakistan economic corridor, Al Jazeera, 4 May, 2015;
http://www.aljazeera.com/programmes/countingthecost/2015/05/china-pakistan-economic-corridor-150502073929994.html

4. Russia to help finance Asian power line, Eco-Business, November 9, 2011;
http://www.eco-business.com/news/russia-to-help-finance-asian-power-line/

5. Eurasian Silk Road Union: towards a Russia-China consensus? Carnegie Moscow Center, June 5, 2015;
http://carnegie.ru/2015/06/05/eurasian-silk-road-union-towards-russia-china-consensus/i9kt

6. The key to solving the puzzle of Afghanistan is Pakistan, The Washington Post, October 8, 2015
https://www.washingtonpost.com/opinions/the-key-to-solving-the-puzzle-of-afghanistan/2015/10/08/1ebfa63a-6df1-11e5-aa5b-f78a98956699_story.html

7. Afghanistan's Ghani: Pakistan Needs to Do Something About the Taliban, The Diplomat, August 10, 2015;
http://thediplomat.com/2015/08/afghanistans-ghani-pakistan-needs-to-do-something-about-the-taliban/

8. Abdullah: Taliban are receiving support within Pakistan, Al Jazeera, October 10, 2015;
http://www.aljazeera.com/programmes/talktojazeera/2015/10/abdullah-taliban-receiving-support-pakistan-151009125418555.html

9. Decks cleared for India’s role in Iranian port, the Hindu, August 27, 2015;
http://www.thehindu.com/news/national/decks-cleared-for-indias-role-in-irans-chabahar-port/article7583968.ece

10. The Enemy of Iran's Enemy in Afghanistan, Foreign Affairs, June 21, 2015;
https://www.foreignaffairs.com/articles/afghanistan/2015-06-21/enemy-irans-enemy-afghanistan

11. A turning point in Afghanistan-India relations?, The Diplomat, November 24, 2015;
http://thediplomat.com/2015/11/why-afghanistan-and-india-are-about-to-transform-their-relationship/

 


DİGƏR YAZILAR