Politicon.co

Ermənilərin miqrasiyası və Fransada erməni icması (3-cü yazı)

Ermənilərin miqrasiyası və Fransada erməni icması (3-cü yazı)

XVII-XIX əsrdən etibarən ermənilərin Qərb ölkələrinə miqrasiyası onların burada təşkilatlanmaları ilə nəticələnmişdir. Bu ölkələr arasında ermənilərin Fransa ilə müqayisədə daha güclü fəaliyyət göstərdikləri, siyasi və hakim elitalara təsir etmə imkanına malik olduqları ölkə İngiltərə hesab olunur. Fransa xarici işlər naziri Qabriyel Anotonun (G. Hanotaux) 1896-cı il noyabrın 3-də parlamentdəki çıxışında bunu aydın görə bilərik. Anoto ermənilərin siyasi fəaliyyət göstərdikləri, effektiv şəkildə təşkilatlandıqları ölkələrdən bəhs edərkən Fransa ilə müqayisədə İngiltərədə daha güclü olduqlarını xüsusi olaraq vurğulamışdı.

Rus-Osmanlı müharibəsi (1877-1878) və Anadoluda baş vermiş erməni üsyanları səbəbiylə 100 min erməni Cənubi Qafqaz və dünyanın digər ölkələrinə köç etmişlər. Xüsusilə 1905-1909-cu illərdə erməni qaçqınlarının və mühacirlərinin sayının artdığı, başqa ölkələrə mühacirət etdiyi müşahidə edilir. Mühacirət edən ermənilərin əksəriyyətini intellektuallar, ziyalılar, erməni partiya və təşkilatlarının üzvləri, qurucuları və fəallar təşkil edirdi. Fransada 1914-cü ildə 4000 erməni yaşayırdı ki, bunlardan da 1500-ü Parisdə məskunlaşmışdı. Fransaya mühacirət edən ermənilər İstanbul və Tiflisdən köç edən erməni burjuaziyasını təmsil edirdilər. Onlar burada fransız mədəniyyəti ilə tanış olmuş, Fransa cəmiyyətinə adaptasiya olmuşdular. Demək olar ki, əksər varlı, ziyalı, intellektual ermənilər Parisdə məskunlaşmışdılar. Erməni mühacirlərə yardım üçün erməni fəallar “Ermənilərə kömək üçün siyasi mühacirlərin komitəsi” (Le comité des réfugies pour aider les Arméniens) adlı təşkilat yaratmışdılar. Bu təşkilat 1910-cu ilə kimi Fransa ermənilərinin həyatında əhəmiyyətli rol oynayıb.

Fransada ermənilərin birinci nəsli XVII-XIX əsrlərdən başlayaraq, birinci dünya müharibəsinin sonlarına doğru və XX əsrin 20-ci illərində formalaşmışdır. Buradakı ilkin erməni nəsli məhz bu tarixi period ərzində ora mühacirət edənlər hesab olunur. Fransada ermənilərin birinci nəslinin tam formalaşması XIX əsrin sonlarında erməni üsyanlarından sonra başlayıb, 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələr, ermənilərin Suriya və Livan ərazisinə köçürülməsi, 1921-ci ildə Ermənistanın Sovet Rusiyası tərəfindən işğalı, birinci respublikanın süqutu səbəbi ilə 1922-1923-cü illərdə buraya köçən ermənilər ilə davam edib. Beynəlxalq İşçi Bürosu (Bureau International du Travail (B.I.T)) hesab edir ki, 1925-ci ildə 30 min erməni Fransaya köç etmişdir. Bu rəqəm 1925 və 1938-ci illər arasında 63 min erməni siyasi mühacirlərinin sayı hesabına artmışdır (Hovanessian Martine. Les Arméniens et leurs territoires. Paris : Autrement, 1995, p.23). 

1921-ci ildə Millətlər Cəmiyyətinin Qaçqınlar üzrə Ali Komissarlığı yaradılmışdı. Bu zaman erməni və ruslara vətəndaşlığı olmayanlara verilən apatrid statusu verilir. 1930-cu ildə Millətlər Cəmiyyəti tərəfindən yaradılan Beynəlxalq Nansen Təşkilatı (Office international Nansen pour les Réfugies) isə qaçqınlara pasport bürosu kimi xidmət edirdi. Qeyd etmək lazımdır ki, qaçqınlara beynəlxalq status yalnız 1933-cü ildə verilmişdir.

Fransada ermənilərin ikinci və üçüncü nəsli
Ermənilərin Fransada məskunlaşması, bu ölkəyə mühacirət etmələri yalnız siyasi səbəblərlə bağlı deyildi. Onlar, həm də iqtisadi səbəblərlə bağlı olaraq Fransaya mühacirət etmək məcburiyyətində qalmışlar. Söhbət buraya gələn ermənilərin Fransadakı erməni kəndlərinə - öz yaxınlarının, qohumlarının və dostlarının yanlarına köçmələrindən və orada məskunlaşmalarından gedir. Belə məskunlaşma ərazilərindən biri Parisdir. Ermənilər burada XVII-XVIII və XIX əsrlərdən etibarən məskunlaşmağa başlamış və icma olaraq formalaşmışlar. Şəhərdə onlara aid kilsələr və təşkilatlar indi də fəaliyyət göstərir. Nümunə olaraq, 1902-ci ildə Bakının erməni neft maqnatlarından olan Aleksandr Mantaşefin dəstəyi ilə Parisdə tikilən Jan Qujon  (Jean Goujon) küçəsindəki Erməni Apastol Kilsəsini göstərmək olar.

Fransada erməni diasporası 1945-ci ilə kimi Şərqdən gələn mühacirlər hesabına formalaşmışdır. Sonradan Yaxın və Orta Şərqdə baş verən hadisələr (1975-ci ildə Livanda baş vermiş vətəndaş müharibəsi və 1979-cu ildə baş vermiş İran İslam İnqilabı), siyasi sabitliyin olmaması yeni erməni axınına səbəb olur. Bu, Fransa və Avropada erməni icmaları və diasporunda dəyişikliklərlə nəticələnib. 

Mühacirət edən ermənilərin Fransada inteqrasiya məsələsi də xüsusi olaraq qeyd edilməlidir. 1947-ci ildə 7 min Fransa ermənisi Ermənistana deportasiya edilmişdi. 1945-ci ilə kimi Sovet höküməti diaspora ermənilərinin, xaricdə yaşayan ermənilərin ölkələrinə qayıtmasına icazə vermişdir. Çünki Sovet hökuməti Ermənistanda demoqrafik vəziyyətin bərpa olunmasına çalışırdı. Buna səbəb 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası idi. Bu qərardan sonra faktiki olaraq 1945-1947-ci illərdə 10 min erməni Ermənistana qayıtmışdı. 

1980-cı illərdə ermənilərin Fransaya miqrasiyası. Erməni miqrasiyasının yeni dalğası
XX əsrin 80-cı illərinin sonlarında ermənilərin Fransaya kütləvi miqrasiyasının bir neçə səbəbi var idi. Ən əsas iki səbəb kimi Ermənistanın iqtisadi və siyasi vəziyyətini göstərmək olar. Ümumilikdə, ermənilərin 1988-2004-cü illərdə Ermənistandan Fransaya miqrasiyasını 4 mərhələyə bölmək olar.

Birinci mərhələ 1988-1991-ci illəri əhatə edir. SSRİ-nin süqutu və Ermənistanın müstəqilliyini elan etməsi, sonrasında Dağlıq Qarabağ münaqişəsi yeni miqrasiya dalğasına səbəb olmuşdu. Bu proseslər nəticəsində Ermənistanda iqtisadi və siyasi böhranla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin səbəb olduğu sosial çətinliklər meydana gəlmişdi. Digər bir təkanverici amil isə 1988-ci il dekabrın 7-də Ermənistanın şimalında - Spitakda baş verən zəlzələ idi. Bu hadisə 100 minə yaxın insanın ölümünə səbəb olmuşdu. Zəlzələ nəticəsində Ermənistana böyük ölçüdə ziyan dəymişdir. Qeyd etmək lazımdır ki, Fransa ermənilərindən olan Şarl Aznavur 1988-ci ildə Ermənistana humanitar yardım üçün “Ermənistan üçün Aznavur” (Aznavour pour l’Arménie) təşkilatını yaratmışdı. “2016-cı ildə Şarl Aznavur və oğlu Nikola Aznavur  xeyriyyəçilik fəaliyyətlərini davam etdirməyə və Aznavur fondunun inkişafının üst mərhələsinə keçməyə qərara aldılar. Fondun məqsədi təhsil, sosial və mədəni proqramların inkişafı və həyata keçirilməsinin davam etdirilməsi idi” . 

XX əsrin 80-90-cı illərində ermənilərin miqrasiyası əsasən ABŞ və Avropaya idi, 1994-cü ildə isə ermənilərin xarici ölkələrə köçü pik həddə çatmışdı. Bu dönəmdə 1 milyondan çox erməni ölkəni tərk edib. Təkcə ABŞ və Avropa deyil, eləcə də Rusiyaya köç edən ermənilərin sayı kifayət qədər idi. Buraya gələn ermənilər əsasən Parisdə yerləşirdilər. Bunu köç edən ermənilərin bu regionda yaşayan ermənilərlə qohumluq bağlarının olması ilə əlaqələndirmək olar.

İkinci mərhələ 1996-2000-ci illəri əhatə edir. Bu mərhələdəki erməni miqrantların profilləri dəyişkəndir. Yəni, Fransaya köçən erməni miqrantlar əsasən erməni tələbələrdən və intellektuallardan, ziyalılardan ibarət idi. Bunun səbəbini İrəvanŞarl Aznavur Universitetinin Sosiologiya departamentinin araşdırmaçısı Hasnik Kirakosyan belə izah edir: “Qarabağ atəşkəsinin ardınca erməni cəmiyyətinin bərpasına inam xeyli azalıb. Sosial-iqtisadi böhran elmi və mədəni elitanın, kadrların miqrasiyasının genişlənməsinə səbəb olmuşdur”. Qeyd etmək lazımdır ki, artıq neçə illərdir ki ermənilərin Fransaya miqrasiyası siyasi sığınacaq və ailə birləşməsi (regroupement familial) əsasında olmuşdur. 

Ermənistandan Fransaya mühacirət edən digər bir qrupa isə gəncləri daxil etmək olar. Hasnik Kirakosyan bu barədə yazır: “İşsiz gənc adamlar hərbi xidmətə getməkdən imtina edirlər və Ermənistanı tərk edirlər”. Erməni tələbələrin Fransaya  miqrasiyası əsasən müvəqqəti və ya mövsümi xarakter daşıyır. Erməni tələbələr XIX əsrdən bu günə kimi Fransada erməni diasporasının əsas güclərindən hesab olunur. “Miqrasiyanın davamlı müşahidə sistemi”nin (Système d'observation permanente des migration) (Sopemi) 2002-ci ildəki hesabatına görə erməni tələbələrinin Fransaya köçü müvəqqəti xarakter daşıyır. Onların Fransadakı sayı 1999-2000-ci illərdə daha da artmışdır. Faktiki olaraq, Fransada 36 minə yaxın xarici tələbədən 11 mini erməni tələbələr idi. “2001-ci ildə təxminən 50 erməni tələbə Parisə gəlmişdir, hansı ki, Fransa hökumətinin təqaüdü ilə təhsil almışlar. 2002-ci ildə isə eyni təqaüd yalnız 10 tələbəyə verilmişdir”. Fransada təhsil alan erməni tələbələr təkcə təhsil almaqla kifayətlənməyib, həm də Ermənistanda yaşayan ailələrinə kömək etmək məqsədiylə Fransada işləyirdilər. Ermənilər Fransada qalıb yaşamaq və ya Ermənistana geri dönmək arasında həmişə tərəddüd etmiş, buna görə də, adətən miqrasiyaları müvvəqəti xarakter daşımışdır.


DİGƏR YAZILAR