Politicon.co
Ermənilərin miqrasiyası və Fransada erməni icması (1-ci yazı)
Foto: Senatın "erməni soyqrımının" inkar edilməsinin cəzalandırılması qanununun səsverməsi ərəfəsində ermənilərin Senat qarşısında aksiyası. Paris, 23 yanvar 2012-ci il.
19-20-ci əsrlərdən etibarən ermənilərin Avropa ölkələrinə və ABŞ-a miqrasiyasi mühüm əhəmiyyət kəsb etməyə başlayır. Bu miqrasiya əsasən siyasi səbəblərdən baş verirdi. İlk dəfə ermənilərlə bağlı məsələ San-Stefano (1878, 16-cı maddə) və Berlin müqaviləsində (1878, 61-ci maddə) öz əksini tapmışdı. 19-cu əsrin ikinci yarısında Osmanlı imperiyası ərazisində erməni məsələsinin alovlanması ilə Böyük Britaniya, Çar Rusiyası, Fransa kimi güclər də bu məsələyə daxil olmuş və Osmanlı imperiyasına qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlamışlar. Məhz bu dövrdə Osmanlı imperiyası ərazisində ermənilərin siyasi fəaliyyəti, silahlı üsyanları dövlət rəhbərliyinin onlara qarşı təhlükəsizlik tədbirlərinin görülməsi ilə nəticələnmiş, bu da erməni siyasi aktivistlərinin Qərb ölkələrinə mühacirət etməsinə gətirib çıxarmışdır.
Müxtəlif hesablamalara görə, hal-hazırda dünyada 10 milyon (The Armenian Diaspora in Europe. An Introduction) erməni yaşayır. Bunlardan 3,5 milyonu - ermənilərin 54%-i faktiki olaraq Ermənistan Respublikasının vətəndaşlarıdır. Post-Sovet ölkələrində isə hal-hazırda 1,1 milyon erməni yaşayır. “Bu gün dünyadakı erməni əhalisinin təxminən 10 milyon olduğu təxmin edilir. Onlardan Ermənistan (2,9 milyon) və Dağlıq Qarabağ (146 min) daxil olmaq üzrə 7 milyona yaxını Avropada yaşayır” (The Armenian Diaspora in Europe. An Introduction). Yaxın və Orta Şərqdə (Livan, Suriya, İran, Türkiyə, İraq, Misir, Kipr, İsrail), Qərb ölkələrində (ABŞ, Böyük Britaniya, Belçika, Fransa, Almaniya, İsveçirə, İtaliya, Kanada, Meksika, Argentina, Braziliya, Avstraliya və s.) 50-dən çox erməni icması mövcuddur və öz diasporunu formalaşdırıb fəaliyyət göstərməkdədir. “Onların əksəriyyəti Qərb ölkələrində (ABŞ-da 1.4 milyon, Los Anceles də daha çox, Fransada 400 min, Argentinada 130 min) və Yaxın Şərqdə məskunlaşıb (Livanda 234 min, Suriyada 150 min), İranda isə 80 min erməni yaşayır” (Rasuly-Paleczek, Six-Hohenbalken, 2017). 1993-cü il statistikasına görə 900 mindən çox erməni ABŞ-da məskunlaşmışdı. Bu gün bu rəqəmin 1,5 milyon olduğu deyilir (Bolsajian, 2018). Qərbdə ABŞ-dan sonra erməni icmasının yaşadığı ikinci əsas ölkə Fransadır.
1. Fransa erməniləri
Dünya erməniləri say baxımından ən çox ABŞ-da, sonrakı yerdə isə Fransada yaşayır. Hətta onlar artıq bu ölkənin etnik azlığına çevrilmişlər. Erməni məsələsinin müdafiə komitəsi (Comité de défense de la cause arménienne (CDCA)) və Erməni diasporunun araşdırmalar mərkəzinin (Centre de recherches sur la diapora arménienne (CRDA)) verdiyi məlumata görə bu gün Fransada erməni icmasının 600 min üzvü var (Les Arméniens en France). Müasir dövrümüzdə Fransada ermənilərin üçüncü nəsli yaşamaqdadır. Bunlardan 400 mini Fransa ərazisində anadan olmuş ermənilərdir. Fransada erməni icması coğrafi olaraq 3 region ətrafında toplaşıb.
1. İl-de-Frans regionu (la région Île-de-France) – 200 min,
2. Provans-Alp-Kot-d’Azür regionu (la région Provence-Alpes-Côte d’Azur) – 150 min,
3. Overn-Rona-Alp regionu (la région Auvergne- Rhône-Alpes) – 150 min.
Fransada Alfrotvil şəhərini (la ville d’Alfortville) kiçik Ermənistan (la petite Arménie) adlandırırlar. Belə ki, bu şəhərin 45 min sakini var, bunlardan 7 min - 9 mini erməni əsilli Fransa vətəndaşlarıdır. Qeyd etmək lazımdır ki, Fransanın Lion, Nis, Bordo, Tuluz, Qrenobl və Monpelye və s. kimi şəhərlərində erməni etnik azlığı yaşayır. Bu ölkədəki erməni icması Erməni Qriqorian Kilsəsinə (Chrétienne orientale grégorienne) sadiq qalmışlar. Erməni Qriqorian Kilsəsi hər zaman erməni milli şüurunun, milli ideyasının ayrılmaz tərkib hissəsi kimi qalmış, əsas hərəkətverici qüvvəsi olmuşdur. Fransada erməni dilini öyrətmək üçün bir çox assosiyasiya fəaliyyət göstərir. Fransada ən azı 6 erməni məktəbi (Marseldəki lisey daxil olmaqla), yüzlərlə şənbə və bazar günləri üçün məktəblər fəaliyyət göstərir (Les Arméniens en France).
Fransa ermənilərinin yaşadıqları ərazilər
Ermənilərin Fransaya köçünü 3 tarixi dövrə bölmək olar:
1. XVII əsrdən başlamış – XX əsrin 20-ci illərinə kimi davam edən erməni köçü: Fransada formalaşmış ermənilərin birinci nəsli idi;
2. 1945-ci ildən başlamış – XX əsrin 80-cı illərinə kimi davam edən erməni köçü: Fransada formalaşmış ermənilərin ikinci nəsli idi;
3. XX əsrin 80-cı illərindən başlanan – 2000-ci illərə kimi davam edən erməni köçü: Fransada formalaşmış ermənilərin üçüncü nəsli idi;
Göründüyü kimi, ermənilərin Fransaya miqrasiyası XVII əsrdən başlamış (fərdi miqrasiya aid edilmir) və bu proses davamlı xarakter daşımışdır. Belə ki, Fransada məskunlaşmış ermənilər 2000-ci illərə kimi tarixi proses keçmiş və bu gün öz icmalarını, diasporalarını formalaşdıra bilmişlər.
1.1. Ermənilərin Fransada məskunlaşması və iqtisadi-ticari əlaqələr
Ermənilərin Fransaya ilk dəfə miqrasiyası 1375-ci ildə Kilikiya çarlığının süqutundan sonrakı dövrə təsadüf edir. Bir çox tarixçilər ermənilərin Fransaya miqrasiyasını Fransa kralı XIII Lüdovikin hakimiyyəti illərində olduğunu yazsalar da əslində bu prosesin başlanması Kilikiya Erməni krallığının süqutundan sonra baş vermişdir. Erməni əsilli fransız tarixçisi Anahide Ter-Minasyan bu barədə yazmışdır: “Ermənilərin fərdi miqrasiyası, Fransaya gəlişi XII əsrə təsadüf edir” (Ter Minassian, 1997). Səlcuq dövlətinin Anadolunu ələ keçirməsindən sonra Bizansın tənəzzülü Kilikiyada 1080-cı ildə erməni dövlətinin yaranmasına səbəb olmuşdu. Qeyd etmək lazımdır ki, bu dövlətin Qərbi Avropa ilə siyasi, mədəni, iqtisadi əlaqələri mövcud idi. XII əsrdən öncə də ermənilər digər Avropa ölkələrinə mühacirət etmişlər. Məhz tarixi faktlara əsaslanaraq ermənilərin bu tarixi aralıqda miqrasiyasını 2 mərhələyə bölmək olar:
1. 1064-cü ildən başlanan miqrasiya
2. 1375-ci ildən başlanan miqrasiya
Səlcuq dövlətinin 1064-cü ildə Ani şəhərini tutması ermənilərin miqrasiyasına səbəb olmuşdu. Ermənilər, əsasən Krım yarmadasında Qazariya, Feodosiya və Tanaya yerləşmişdilər. Onlar daha sonra Krıma, Şərqi Avropanın digər ərazilərinə və Transilvaniyaya yayılmışlar. “Bu torpaqlarda ermənilər Şərq-Qərb və Cənub-Şimal ticarət yollarında əsas tacir icmalarını təşkil edirdilər” (The Armenian Diaspora in Europe. An Introduction). Sonrakı dövrlərdə ermənilərin ticarət şəbəkəsi, kilsələri, iqtisadi və mədəni təsisatlarını təşkil edən icmaları Mərkəzi və Qərbi Avropaya kimi geniş coğrafiyaya yayılmışdı.
Səlcuq imperiyasının Anadoluya hücumundan sonra Bizansın tənəzüllü Kilikiyada eyni adlı erməni dövlətinin (1080-1375) yaranması ilə nəticələnib. Kilikiya krallığı Səlib yürüşləri dövründən başlayaraq Qərbi Avropa ölkələri ilə siyasi, mədəni və iqtisadi əlaqələrə malik olmuşdur. Kilikiya dövləti və Fransa krallığı arasında əlaqələrin yaranması həmin dövrə təsadüf edir. 1375-ci ildə Kilikiyanın Misir məmlükləri tərəfindən məğlubiyyətə uğradılması nəticəsində Kilikiya kralı Lüzinyan sülaləsinə mənsub V Levon (Léon V de Lusignan) əsir düşmüş, azad olunduqdan sonra isə Fransaya mühacirət etmişdir. Qeyd etmək lazımdır ki, V Levonun həyatının son 7 ili Fransada, Parisdə mühacirətdə keçmiş və 1393-cü ildə o vəfat etmişdir. “Sonuncu Ermənistan kralı V Levon yaxud başqalarına görə Lüzinyanlı VI Levon (Léon VI de Lusignan) 29 noyabr 1393-cü ildə Parisdə vəfat edib. O, Fransa krallarının adi iqamətgahlarından olan San Polun qarşısındakı San Antuan küçəsində Turnel sarayında yaşayırdı. Heç bir varisi olmayan bu monarx valideynlərinə, Kipr Lüzinyanlarına erməni krallığı üzərindəki hüquqlarını vəsiyyət etmişdi” (Le Chanoine, 1896).
Kilikiya krallığının süqutundan sonra ermənilər, xüsusilə də elita bir çox ölkələrə, o cümlədən Fransa, İtaliya, Kipr, Polşa, İspaniya və Niderlanda mühacirət etmişlər. Erməni miqrasiyası gələcəkdə Avropada strukturlaşmış erməni diasporunun yaranması ilə nəticələnəcəkdi.
Ermənilərin Fransaya növbəti miqrasiyası XVII əsrə təsadüf edir. Fransadakı erməni miqrantların arasında daha çox tacirlər vardı. Belə ki, Fransa kralı XIII Lüdovikin (1601-1643) hakimiyyəti dövründə erməni tacirlər Fransaya köç etmiş, burada məskunlaşmış və ticarətlə məşğul olmuşlar. Fransanın Şərq Dilləri Milli Məktəbinin (École Nationale des Langues Orientales) professoru Frederik Makler (Frédéric Macler) bu barədə yazırdı: “Ermənilər Şah Abbasın dövründə Fransaya gəlmişdilər. XIII Lüdovik, Kardinal Rişelyenin məktubu, məktubun patenti (la lettre patente) buna sübutdur. 1629-cu il noyabrın 28-də onların və Şah Abbasın müraciəti əsasında razılıq əldə olunmuşdur” (Macler, 1917). Həmin razılaşmada erməni tacirlərinin Marselə gəlməsi və Fransada ticarətlə məşğul olmasına icazə verilirdi. Venesiya arxivlərində bu tarixin 1612-ci ild olduğu qeyd edilib (Macler, 1917). Anton adlı bir erməninin və işçisi Lui Frejusun Fransaya gedişi və qayıdışını təsdiq edən 1646-cı ilə aid məktubların patenti Fransanın Eks (Aix) şəhərinin daxil olduğu vilayətin (la province de la ville d’Aix) arxivlərində var. Ümumilikdə, Şah Abbas dövründə Avropaya və Fransaya göndərilən tacirlər arasında ermənilər üstünlük təşkil edirdi. Fransa arxivlərində erməni tacirləri haqqında sənədlərə rast gəlinir. Xodca Panos adlı erməni tacirinin 1639-cu ildə Fransanın Eks (Aix) şəhərində vəfat etməsi haqqında tarixi faktlar, sənədlər mövcuddur.
Xüsusi olaraq qeyd edilməlidir ki, ilk dəfə olaraq Kardinal Rişelye ermənilərin Marseldə məskunlaşması fikrini dəstəkləmişdir. Kardinal Mazarini Marselin ticarətinə təkan verməklə onun inkişafı barədə xeyli təkid edirdi. Bu məqsədlə o, Marsel şəhərində erməni koloniyasının (une colonie arménienne) yaradılması fikirini müdafiə edirdi. “XVII əsrdə Marsel Levant ticarətinin əsas liman şəhərinə çevrilir. Burada yalnız şəhərin tacirlərinə deyil, həm də osmanlılara, ermənilərə və yəhudilərə rast gəlinir” (Zakharov et al., 2016).
1660-cı ildə kral XIV Lüdovikin fərmanından sonra Marseldəki ermənilərin sayı daha da artmağa başlayır. Fərmanın verilmə məqsədinin arxasında daha çox iqtisadi-ticari maraqlar dayanırdı. Faktiki olaraq, bu fərmanın verilməsiylə Fransanın Marsel kimi liman şəhərlərində erməni tacirlərinin sürətlə məskunlaşmağa başlaması digər liman şəhərlərinin – Genuya və Livornonun ziyanına idi. Qeyd edilməlidir ki, bu fərman 1703-cü və 1706-cı illərdə yenilənmişdi. Ermənilərin tekstil, parça idxalında rolu və iqtisadi-ticari maraqlar da nəzərə alınaraq erməni tacirlərinin dəstəkləyən belə fərmanlar verilirdi. XVII əsrin ikinci yarısından etibarən xeyli erməni tacirlər Parisdə məskunlaşmağa başlamışdı. 1669-cu ildə erməni tacirlərinin fəaliyyəti nəticəsində Marsel limanında ticarət canlanmışdı ki, krallıqda erməni tacirlər vergilərdə azad edilmişdi. Beləliklə, XVII əsrdən etibarən kiçik erməni icmaları Marsel, Monpelye və Paris kimi şəhərlərdə sürətlə genişlənməyə davam edirdi.
Ermənilərin Fransada XVII əsrdə fəaliyyətləri təkcə iqtisadi-ticari sferada deyil, həm də mədəni, elmi fəaliyyətləri əhatə edirdi. “1633-cü ilə kimi Parisin krallıq mətbəəsində milanlı rahib Francisko Rivolanın erməni-latın dili lüğətini nəşr etmişdi’’ (Mouradian, Kunth, 2010). Ermənilər Marseldə artıq XVII əsrdə milli mətbəələrini yaratmışdılar. Fransanın bir neçə şəhərində ermənilərin kafe və restoranları da ilk dəfə olaraq məhz bu dövrdə açılmışdı. 1654-cü ildə Marseldə ermənilərin ilk kafesi açılmışdı (Mouradian, Kunth, 2010) və Parisdə, Sen-Jermendə (Saint-Germain) 1672-ci ildə ermənilərin ilk sərgisi keçirilmişdi.
Kral XIV Lüdovikin (1643-1715) ölümündən sonra XV Lüdovik (1715-1774) hakimiyyətə gəlir. Onun hakimiyyətdə olduğu illərdə ermənilər Avinyon (Avignon) şəhərinə köçməyə və orada məskunlaşmağa başlayırlar. Jan Alten (Jean Althen) Avinyona gəlib orada məskunlaşan ilk erməni hesab olunur. Bu təkcə kral XV Lüdovikin dövründə deyil, eləcə də XVI Lüdovikin (1775-1789) hakimiyyəti illərində də təsadüf edir. XVI Lüdovik də sələfləri kimi erməni tacirlərə Fransada məskunlaşmağa və ticarət etməyə icazə verirdi. 1778-ci ildə Karabet qardaşlarına və Ovanes Kivorka XVI Lüdovikə müraciətlərindən sonra Fransa ərazisində ticarət etməyə icazə verilmişdi.
İqtisadi-ticari məsələlərdə ermənilərin getdikcə artan hakimliyi XIX əsrdə də davam edir. Həmin əsrdə Marsel ermənilərin sıx yaşadığı, icma olaraq formalaşdığı liman şəhərlərindən biri olaraq qalırdı. Hətta bu şəhər erməni koloniyası (une colonie arménienne) hesab edilirdi. Ermənilər Fransada ticarətlərini genişləndirərək, naviqasiya, gəmiçilik şirkəti açmışdılar. Bu, Erməni-Mərakeş şirkəti (Compagnie Arméno-Marocaine) adlanırdı. Şirkət gəmilərindən “Ermənistan” (Arménie) adlandırılanı da var idi.
Davamı olacaq...
İstinadlar
Bolsajian, M. (2018). The Armeinan Diaspora: Migration and its Influence on Identity and Politics. Global Societies Journal, 6 (1), 2018, p. 30, https://escholarship.org/content/qt51x1r30s/qt51x1r30s.pdf?t=pfwv8b
Le Chanoine, Pascal (1896) Histoire de la Maison Royale de Lusignan. Paris: Léon VANIER, Libraire-Éditeur, 1896, p.24
Les Arméniens en France. http://www.lepoint.fr/societe/les-armeniens-en-france-22-12-2011-1411512_23.php
Macler, Frédéric (1917). La France et l’Arménie à Travers l’Art et l’Histoire. Paris: Imprimerie H. Turabian, 1917, p.18
Mouradian, Claire; Kunth, Anouch (2010). Les Arméniens en France. Du chaos à la reconnaissance. Toulouse : Éditions de l’attribut, 2010, p.12
Rasuly-Paleczek, Gabriel; Six-Hohenbalken, Maria (2017) Migration and its impact on Armenia. A field practice. Vienna, Austrian Studies in Social Anthropology and Department for Social and Cultural Anthropology University of Vienna, p. 5, 2017. https://www.univie.ac.at/alumni.ksa/wp-content/uploads/ASSA-SN-2017-01_Migration-and-its-impact-on-Armenia.pdf
Ter Minassian, Anahide (1997). Histoire croisées : diaspora, Arménie, Transcaucasie, 1880-1990. Marseille: Paranthèse, 1997, p.49
The Armenian Diaspora in Europe. An Introduction.
http://europeofdiasporas.eu/sites/default/files/posts/files/A%20brief%20introduction%20to%20the%20Armenian%20diasporas%20in%20Europe.pdf
Zakharov, Victor N.; Harlaftis, Gelina; Katsiardi-Hering, Olga (2016). Merchant Colonies in the Early Modern Period. London and New York, Routledge, 2016, p. 72-73
- MÖVZULAR :
- Tarix
- BÖLGƏLƏR :
- Qərbi Avropa