Politicon.co

Paşinyan sülh quşu deyil

Paşinyan sülh quşu deyil

2021-ci ilin aprelində, qarşıdan gələn seçkilərdən əvvəl formal olaraq istefa verib baş nazir səlahiyyətlərini özündə saxlayan Nikol Paşinyanın 21 iyunda qazandığı qələbə Azərbaycan daxilindəki ictimai-siyasi sahədə müzakirələrə səbəb oldu. Rusofil və oliqarxik olaraq xarakterizə edilmiş iyirmi illik “Qarabağ klanı” hakimiyyətinin üç il əvvəl xalq hərəkatı ilə devrilməsi regionda və ümumilikdə postsovet məkanındakı demokrat-liberal dissidentlər üçün bir ümid ocağı idi. Lakin Nikol Paşinyanın son üç ildə apardığı rusofob və qərbmeyilli siyasəti onun ənənəvi qərbli sülhsevər fiqur cildinə girməsinə gətirib çıxarıb.

Zəmin
Rusiya ilə Ermənistan arasındakı münasibətlərin təməli Moskvanın Qafqaz regionundakı ekspansionist siyasətinin başlanğıcı ilə qoyulur. Rus çarlığı regionda özünə dayaq yaratmaq üçün müsəlman türklər və ya əsrlərdir öz dağlı qalalarını qoruyan gürcülər əvəzinə, tarix boyu qərbindəki və şərqindəki regional güclərin önəmli bir hissəsinə çevrilmiş ermənilər ilə ittifaq bağlayır. Əsrlərdir İslam dövlətləri içərisində öz inanclarını qoruyan ermənilər xüsusilə də Osmanlı dövlətinə qarşı önəmli bir müttəfiqə çevrilir. Sovet rejimi dövründə möhkəmlənən bu əməkdaşlıq ölkə dağıldıqdan sonra da davam edir.

Ermənistanın 1990-cı illərdə Qarabağda əldə etdiyi qələbənin zamini Avropa sahillərində Qərbə qarşı mübarizə aparan Kreml idi. İllər keçdikcə bu əməkdaşlıq daha da güclənir və 1997-ci ildə iki ölkə arasında “dostluq, əməkdaşlıq və qarşılıqlı yardım” haqqında müqavilə imzalanır, Rusiya Ermənistanın faktiki olaraq qarantoruna çevrilir. Ermənistana “S-300” uzun radiuslu zenit raket sistemi, “MiQ-29”lar göndərilir. Türkiyə sərhədində bir, Azərbaycan sərhədində isə iki rus bazası salınır. 1999-cu ilin aprelində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan da daxil olmaqla altı üzvü müqavilənin şərtlərini hər beş ildən bir yeniləyən bir protokolu imzalayır, həmin ilin oktyabrında isə Ermənistanda parlamentində yaşanan terror nəticəsində Ermənistan avtokratlaşmaq yolunda daha sürətli addımlarla irəliləyir.

2008-ci ildə həm Ermənistanda, həm də Rusiyada prezident seçkiləri keçirilirdi. Hər iki seçkidə ən öndə gedənlər avtokratlar, oliqarxlar rüşvətxorlar idi. Hər iki seçkidə potensial qalib elan edilənlər əvvəlki avtokrat prezidentin siyasi dəstəyini almışdı. Köçəryan qondarma Xankəndi rejiminin keçmiş Müdafiə naziri olan Sarkisyanı, Putin isə Medvedevi dəstəkləyirdi. Həmin il seçkilərdə hərbi çevriliş cəhdi ilə devrilən Ter-Petrosyan geri dönüş etməyi planlaşdırırdı. Nəticədə, qeyri-şəffaf keçirilən Ermənistan seçkilərində rusofil Sarkisyan qələbə çalır və avtokratiyanın güclənməsi son mərhələyə çatır. Bu nəticə Ermənistanda genişmiqyaslı etirazlar dalğasına gətirib çıxarır. Eyni zamanda, qərbli milyarder Corc Soros tərəfindən dəstəklənən “rəngli inqilablar” əvvəlcə Gürcüstanda, sonra Ukraynda, son olaraq isə Qırğızıstanda uğurlu olmuşdu. Bu inqilabların özəyində demokratizm və rusofobiya dayanırdı. ABŞ və AB isə bir şəkildə postsovet ölkələrini öz tərəfinə çəkməkdə idi. Bu inqilablar dalğasını öz maraqları üçün təhlükə olaraq dəyərləndirən Rusiya başqa bir məğlubiyyətə, Ermənistanın “Qarabağ klanı” isə hakimiyyətdən getməyə hazır deyildi. Növbəti illərdə Sarkisyan öz hakimiyyətini ordu, polis və daxili kəşfiyyat xidmətlərinin hesabına qüvvədə saxlaya bilir. Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməsi və Moskva–Tehran xəttini üstün tutması onu regionda Avropa ilə birlikdə həyata keçirilən irimiqyaslı layihələrdən kənarda saxlayır. Bunun əvəzində Ermənistan iqtisadiyyatı “Qarabağ klanı”nın hakimiyyət dövründə Rusiya mərkəzli şirkətlərin monopoliyasına arxalanır. Kapital dövranı oliqarxlara həvalə edilir və qarşılığında onlara siyasi güc verilir.

Ermənistan bu illər ərzində Rusiya amili sayəsində Azərbaycanı Qarabağ münaqişəsinin hərbi həllindən çəkindirə bilir. Buna baxmayaraq, Azərbaycan öz növbəsində ordusunu gücləndirməyə davam edirdi. Devalvasiyanı nəzərə almadan müqayisə aparsaq, Azərbaycan Respublikasının müdafiə sahəsinə ayırılan məbləğ 2001-ci ildə 540 milyon Azərbaycan manatı, 2011-ci ildə isə 1 milyard 350 min manat idi.

İnqilab və sonrası
Sarkisyan hakimiyyətinin onuncu ilinə çatırdı. Bu on il ərzində bütün Ermənistan hökuməti demək olar ki, “Qarabağ klanı”nın, bilavasitə isə Kremlin nəzarətində idi. Şərqi Avropada bir çox yeniliklər baş vermişdi. Baltikyanı ölkələr Avropa İttifaqına inteqrasiya edir, Gürcüstan regionda Avropanın əməkdaşına çevrilir, Ukrayna Rusiya ilə baş tutan müharibə səbəbindən Qərbə üz tuturdu, Azərbaycan ilə Türkiyənin strateji əməkdaşlığı isə hər keçən gün daha da dərinləşirdi. Təkcə iki il əvvəl 1994-cü il Bişkek protokolundan bəri Qarabağda yaşanan ən böyük gərginlik - Dördgünlük müharibə baş tutmuşdu. Bu müharibə zamanı Azərbaycan bir neçə strateji mövqeni işğaldan azad etmiş, lakin hərbi əməliyyatları Rusiyanın müdaxiləsi ilə dayandırılmışdı. İşsizlik, yoxsulluq, korrupsiya Ermənistanı səciyyələndirmək üçün istifadə ediləcək açar sözlər idi. Ermənistan xalqı uzun illər davam edən müharibə, mitinqlər, enerji çatışmazlığı, iqtisadi qeyri-sabitlik və siyasi böhranlardan yorulmuşdu.

Avqust ayının ortalarında artıq minlərlə erməni İrəvan küçələrinə axın etmişdi. Təkcə İrəvan yox, bütün dünya erməniləri küçələrdə idi. Onların hər birinin yeganə arzusu var idi: Sarkisyanın hakimiyyətdən getməsi. Bu qarışıqlıq arasından bir fiqur fərqlənir. 2008-ci il seçkilərində Sarkisyana etiraz etmiş keçmiş jurnalist və deputat Nikol Paşinyan. Müxalifətin üzvü olduğu dövrdə Paşinyan Ermənistanın Rusiyapərəst siyasətini tənqid etmiş, Avrasiya İqtisadi Birliyinə qoşulmağın faydalarını sual altına qoymuşdu.  Aprelin 23-də Sarkisyan istefa verir və Ermənistan inqilabı dinc yolla başa çatır. Artıq olduqca populyar olan Paşinyan Respublikaçı Partiyanın (yəni, “Qarabağ klanı”nın) on illərdir qurduğu monopoliyanı dağıtmaq üçün kampaniyaya başlayır. Paşinyan öz hakimiyyət müddəti boyunca Qərblə yaxınlaşır, keçmiş hakimiyyətdən qalma rusofil kadrları təmizləyir, oliqarxları taxtlarından endirdi. Hətta Paşinyanın hədəfində Köçəryan da var idi.

Müharibəyə gedən yol
Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyev ilə birinci görüşü zamanı Qarabağ münaqişəsinin dinc yolla həlli üçün yeni addımların atılması barəsində razılıq alınır, lakin bu addımlar heç bir zaman reallaşmır. Əksinə, Ermənistan hakimiyyəti daha populist və irredentist açıqlamalar verməyə başlayır, Azərbaycan hakimiyyətini və ictimaiyyətini qıcıqlandıran addımlar atır. Paşinyan hakimiyyətə gəldikdən bir neçə həftə sonra ölkə mediası tarixən azərbaycanlıların əksəriyyəti təşkil etdiyi və Azərbaycan əhalisi tərəfindən çox yüksək qiymətləndirilən Şuşa şəhərinə ziyarət edir. 9 mayda keçirilən ziyarət Şuşa şəhərinin işğalının 26-cı ilinə təsadüf edirdi. Həmin ayın axırı Paşinyan yenə qalmaqallı bir addım ataraq öz oğlu Aşotun hərbi xidmətini Qarabağda keçirəcəyini açıqlayır və Azərbaycana qarşı ilk həmləsini edir. Azərbaycan hakimiyyəti bu addıma görə qəzəblənir və Hikmət Hacıyev açıqlamasında bunu “növbəti populizm cəhdi” adlandırır. Paşinyan növbəti il eyni tarixdə Şuşanı ziyarət edərək Cıdır düzündə rəqs edir.

Paşinyan 2019-cu ilin avqust ayında işğal altındakı Qarabağı yenidən ziyarət edir. O, bu dəfə orada “birləşmək” üçün çağırışlar edir, “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini işlədir. Bunun əvəzində Azərbaycan Prezidenti İlham Əliyev iki ay sonra Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi Valday konfransında çıxışı zamanı “Qarabağ Azərbaycandır və nida işarəsi” deyir. Əliyevin bu ifadəsi Azərbaycanda olduqca müsbət qarşılanır. Həmçinin, Paşinyanın ifadələri Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən tənqid olunur. Daha sonra Sarkisyan Paşinyanın bu hərəkətini “böyük səhv” adlandırır.

Azərbaycan hakimiyyətini qəzəbləndirməyə davam edən Paşinyan hökuməti və qondarma Xankəndi rejimi 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra Livan ermənilərini (Livanda təxminən 140 min erməni əsilli vətəndaş yaşayır) işğal altındakı rayonlara köçürməyə başladı. Qondarma Dağlıq Qarabağ Respublikasının “rəhbəri” Arayik Harutyunyan 100–150 ailəni işğal altındakı Qarabağda yerləşdirə biləcəyini deyir və onların “vətənlərinə” qayıtdıqlarını qeyd edirdi. Livanlı ermənilər təkcə keçmiş DQMV ərazilərinə yox, o cümlədən Laçın kimi müsəlman türklər və kürdlər tərəfindən qurulmuş şəhərlərə də köçürülür. Əlavə olaraq, erməni mediasında Şuşa şəhərinə köçürülən ilk livanlı erməni ailəsi haqqında başlıqlar yazılır. Bu addımlar yeni deyildi. Laçın rayonunun Zabux kəndi Qarabağ müharibəsi dövründə Ermənistan qüvvələri tərəfindən məhv edilmişdi. Sonrakı dövrlərdə orada yenidənqurma işləri aparılır və livanlı ermənilər Zabuxa yerləşdirilir. Ondan əvvəl, Suriyada vətəndaş müharibəsi zamanı 15 min nəfər Ermənistandan sığınacaq istəyir, onlardan bəziləri işğal altındakı Qarabağa köçürülür.

2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz və ətraf rayonları ilə Ermənistan sərhədində şiddətli döyüşlər baş verir. Döyüşlər “Gəncə dəhlizi” adlanan enerji koridorunda baş tuturdu. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ərzurum Boru Xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa neft kəməri kimi layihələr Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün həyata keçirilmişdi. Əlavə olaraq, həmin dəhlizdə regional nəqliyyat üçün əhəmiyyətli Bakı–Tbilisi–Qars dəmiryolu xətti keçirdi. Növbəti illərdə eks-prezidentlər Köçəryan Sarkisyan, o cümlədən Rusiya XİN Lavrov döyüşlərə görə Ermənistanı günahlandırır. Bu açıqlamalara baxmayaraq, Paşinyan hökuməti döyüşlərin Azərbaycan hərbçilərinin günorta saatlarında dövlət sərhədini keçməyə çalışması ilə başladığını bildirir. Döyüşlər zamanı Azərbaycanın enerji və nəqliyyat sahələrində yaranan təhlükəyə əlavə olaraq Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, xüsusilə də general-polkovnik Polad Həşimov döyüşlərdə şəhid olur. Dövlət sərhədindəki vəziyyət normallaşdıqdan sonra Azərbaycanın müxtəlif yerlərində müharibə çağırışı edən etiraz aksiyaları başlayır. Həşimovun müəmmalı səbəblərdən şəhid olmasına görə etirazçılar tərəfindən “Rusiya agenti” rolu irəli sürülür. Çox keçməmiş, kütlə Azərbaycan Milli Məclisinin binasına daxil olaraq binaya ziyan vurur.

Bu baş verənlərə əlavə olaraq Rusiya iyul ayında Şimali Qafqazda genişmiqyaslı hərbi təlimlərə başlayır. Təlimlərdə Ermənistan da iştirak edir. Buna rəğmən Rusiya Müdafiə naziri müavini Aleksandr Fomin bunun münaqişə ilə əlaqəli olmadığını bildirir.

Münasibətləri daha da gərginləşdirən son həmlə həmin ilin sentyabr ayının ortalarında edilir. Bu zaman qondarma Xankəndi rejimi öz “parlamentini” Şuşa şəhərinə köçürəcəyini açıqlayır. Bu addım Azərbaycan cəmiyyətində ciddi reaksiyalara səbəb olur. Hökumətin Şuşaya köçürülməsi qondarma rejimin, işğalın paytaxtının Şuşa olması demək idi. Parlamentin Şuşaya köçürülməsi şəhərin Azərbaycan irsinin tamamilə tapdalanması demək idi. Əliyev bu hərəkəti “təxribat” adlandırır, “bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər” deyir və soruşur, “onlar hesab edirlər ki, biz buna dözəcəyik”?

Paşinyanın həmlələrinin müharibəyə gətirib çıxarması Ermənistanda da müzakirə mövzusudur. Keçmiş Ermənistan Prezidenti Serj Sarkisyan 2021-ci ilin iyun ayında “BBC Rusca”ya verdiyi müsahibədə İkinci Qarabağ müharibəsinin başlanmasında Nikol Paşinyanın rolunun olduğunu vurğulayır. Sarkisyana görə, Paşinyan onsuz da münaqişəni hərbi yolla həll etməyi istəyən Azərbaycan ilə danışıqları çıxılmaz döngəyə salmış, Tovuz rayonuna ərasizində təxribat törədərək “Azərbaycanı küncə sıxışdırmış”, onu “hərəkətə keçməyə məcbur qoymuşdur”.

Nəticə
Ermənistan Baş naziri Nikol Paşinyan 44 gün davam edən müharibənin alovlanmasında böyük rol oynamışdır. Onun rusofob və demokratiya yönümlü siyasəti Paşinyanı Köçəryandan və ya Sarkisyandan daha internasionalist və ya pasifist etmir. Qarabağın işğalı Ermənistana özü ilə birlikdə iqtisadi çətinliklər və oliqarxik klanları gətirmişdi. Paşinyan öz ölkəsini köhnə, Avrasiyaçı rüşvətxor kadrlardan təmizləyir, bu da Rusiyanın köməyinin minimallaşmasına gətirib çıxarır. O, bu dövrdə Azərbaycan hakimiyyətini və cəmiyyətini qıcıqlandıran çoxlu addımlar atır, o cümlədən Azərbaycanın enerji və nəqliyyat dəhlizinə hücum təşkil edərək bir neçə yüksək rütbəli azərbaycanlı zabitin ölümünə səbəb olur. Paşinyan İkinci Qarabağ müharibəsində təslim aktını ən son anda, Xankəndi uğrunda gedən döyüşlər ərəfəsində imzalayır.

İyun seçkiləri nəticəsində Azərbaycan və Gürcüstandan sonra Moskva Cənubi Qafqazdakı dayaq nöqtəsini itirərək İrəvanı ABŞ-a təhvil verməli olur. Bundan sonra Rusiyanı Qafqaza bağlayan azsaylı amillərdən biri isə sadəcə Dağlıq Qarabağın Azərbaycana inteqrasiya prosesi olacaq.

 


DİGƏR YAZILAR