Politicon.co
Ermənistan seçkiləri - Paşinyanın davam edən mübarizəsi
İyun ayının 20-si Ermənistanda növbədənkənar parlament seçkiləri təyin edilib. Bu son 4 ildə ölkədə 3-cü parlament seçkisi və 2-ci növbədənkənar seçkidir.
Yeni seçki bir neçə ildir davamlı olaraq böhran içində olan Ermənistanda növbəti dəfə siyasi qarşıdurmaya aydınlıq gətirməlidir. Bu mənada iyun seçkiləri 2018-ci il inqilabından bəri davam edən yeni qüvvə Nikol Paşinyan və ümumi olaraq Respublikaçılar adlanan köhnə qüvvələr (Robert Köçəryan və Serj Sarkisyan) arasında həlledici mübarizə də hesab edilə bilər.
Bu iki tərəf arasında mübarizə ilk olaraq o zamanlar jurnalist olan Paşinyanın prezident Köçəryan və Müdafiə naziri Sarkisyanı tənqid etməsi ilə başlamışdı. 1998-ci ildən başlanan mübarizənin ilk mərhələsi 2018-ci ildə Paşinyanın Baş nazir Sarkisyanı küçə hərəkatı ilə istefaya məcbur etməsi ilə başa çatdı. Hadisələrin nəticəsində Paşinyan Ermənistan parlamentinin qərarı ilə dövlət aparatının ən yüksək pilləsi - Baş nazir vəzifəsinə seçildi.
Bununla belə, Baş nazir vəzifəsi mübarizəni bitirmədi, əksinə, tərəflər arasındakı mübarizənin ikinci mərhələsi başlandı. Belə ki, inqilab sonrası Paşinyan yalnızca baş nazirlik postuna sahiblənmişdi, ölkə parlamenti, digər dövlət strukturları, yerli idarəetmə orqanları, məhkəmə, media və böyük biznes 20 illik hakimiyyəti dövründə bu sahələrdə yaxşıca möhkəmlənmiş köhnə qüvvələrin və onların adamlarının əlində qalırdı.
İndi Məxməri inqilabın qarşısında qoyduğu məqsədləri reallaşdıra bilmək üçün Paşinyan ilk növbədə dövlət idarəetməsinə hopmuş 20 illik sistemi ondan ayırmalı idi. Bu mənada inqilabın gələcəyi Paşinyan və köhnə komanda arasındakı mübarizənin nəticəsindən asılı olacaqdı. Beləcə zaman köhnə qüvvələrlə Paşinyan arasında münasibətlərin kəskinləşməsini qaçılmaz edirdi.
Paşinyanın Baş nazir seçilməsi və öz hökümətini qurmasından dərhal sonra proseslərə start verildi. Əvvəlcə may ayında keçmiş prezident Sarkisyanın yaxın qohumlarına qarşı cinayət işi başlandı. Onun iki qardaşı və qardaşı oğlanları vergidən yayınma başda olmaqla bir sıra ağır cinayətlərdə ittiham edildi, onların evlərinə baxış keçirildi. Sarkisyanın yaxınları yalnız dövlətə vurduqları milyonlarla dollar zərəri ödəyəndən sonra həbsdən yaxa qurtardılar.
Bundan sonra Respublikaçılara yaxın olan İrəvan meriyasının iki vəzifəlisi həbs edildi. İyun ayında inqilab tərəfdarlarının gözləntilərini doğruldan, həmçinin keçmiş komandaya ciddi siqnal göndərən əsas hadisə deputat, istefada olan general Manvel Qriqoryanın səs-küylü həbsi oldu. Milli Təhlükəsizlik Xidmətinin onun evindəki axtarışı əks elətdirən video materialında generalın evindən qanunsuz daşınan silahla bərabər, 2016-ci ildə erməni əsgərlərinə göndərilən qidalar görüntüləndi. Bu həbs Ermənistan cəmiyyətində şok effekti yaratdı və keçmiş komandanın nüfuzuna böyük zərbə oldu.
İyul ayında Paşinyan üçün həm də şəxsi məna daşıyan və hakimiyyətə gəldiyi gündən sözünü verdiyi cinayət işi başlandı. O, şəxsən iştirakçısı olduğu və buna görə həbs edildiyi, 10 nəfərin ölümü ilə nəticələnən 2008-ci il meydan hərəkatı ilə əlaqəli istintaq başlatdı. Həmin dövrdə prezident vəzifəsini icra edən və aksiya iştirakçılarını dağıtmaq əmri verən Köçəryan uzun müddətdir yaşadığı Moskvadan İrəvan qayıtdı və məhkəmə zalında həbs edildi.
Ancaq hadisələrlə bağlı istintaqa cəlb olunmuş digər şəxslər - həmin dövr Müdafiə naziri olmuş Mixael Aruntunyan və İrəvan hərbi qarnizonunun rəhbəri Yuri Xaçaturov isə birbaşa Rusiyanın səyi ilə həbsdən yayına bildilər. Arutunyan Rusiyada yaşadığı və ikili vətəndaşlıq (Rusiya vətəndaşı) daşıdığına görə, Xaçaturov isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri olduğu üçün.
Bununla belə, Köçəryanı da həbsdə saxlamaq mümkün olmadı. 3 il ərzində Köçəryan 3 dəfə həbs edilsə də, Ermənistan Konstitusiya və Apellasiya məhkəməsi onu hər dəfə həbsdən azad etdi.
Ümumilikdə Köçəryanın məsələsi Paşinyanla köhnə komandanın daha bir qanadı - məhkəmə sistemi, xüsusilə Konstitusiya Məhkəməsi və onun sədri Hrair Tovmasyan arasında mübarizənin başlanğıcını oldu. Hrair Tovmasyan keçmiş prezident Sarkiyanın Baş nazir kimi hakimiyyətdə qalmasını təmin edən 2015-ci il refenduma çıxarılmış konstitusiya dəyişikliyinin müəllifidir. Bunun qarşılığında o 2018-ci il Konstitutsiya məhkəməsinin sədri təyin edilib.
Faktiki olaraq Konstitusiya Məhkəməsi 2008-ci il hadisələri ilə bağlı istintaqın aparılması və Paşinyanın əsas hədəfi Köçəryanın həbs edilməsinin qarşısını aldı.
2019-cu il may ayında Köçəryanın 2-ci dəfə həbsdən azad edilməsindən sonra Paşinyan tərəfdarlarını İrəvan məhkəmələrinin qarşısına çağırdı və bununla da onun Konstitusiya məhkəməsinə qarşı mübarizəsi başladı.
“Konstitutsiya məhkəməsi xalqı yox, korrupsioner Sarkisyan hakimiyyətini təmsil edir və o getməlidir” deyə Paşinyan parlament tribunasından elan etdi.
Paşinyan höküməti əvvəlcə Konstitusiya məhkəməsi sədrinin könüllü istefa verməyə çağırdı. Sonra ona qarşı iki cinayət işi açıldı. Daha sonra parlament Tovmasyanın yerinə yeni sədr seçdi, ancaq bu da işə yaramadı, onu yerindən tərpətmək mümkün olmadı. Konstitusiya Məhkəməsinin hakimləri onlara təqaüdə çıxmaq üçün böyük məbləğdə pul təklifini də qəbul etmədilər.
Bundan sonra Paşinyan böhrandan çıxış yolu kimi məhkəmə islahatı haqqında refendum çağırmaq qərarı verdi, ancaq pandemiya səbəbi ilə refendumu gerçəkləşdirmək mümkün olmadı. Nəhayət keçən ilin iyun ayında parlamentin qəbul etdiyi yeni qanunla Konstitusiya Məhkəməsinin 12 ildən artıq işləmiş 3 hakimi məhkəmədən uzaqlaşdırıldı. Yeni qanunla Hrair Tovmasyan sədrlikdən çıxarıldı, ancaq məhkəmədə hakim kimi işində qaldı.
Bununla belə işdən uzaqlaşdırılan hakimlərin yerinə gözlənilmədən keçmiş sistemə bağlı olan adamlar təyin edildi. Yeni hökümətin belə prinsipial məsələdə qarşı tərəfə kompromisə getmək məcburiyyətində qalması Ermənistan cəmiyyətində növbəti məyusluğa səbəb oldu və Paşinyan hökümətinin zəifliyi kimi qəbul edildi.
Yeni təyinatlardan sonra məsələyə münasibət bildirən Paşinyan Konstitusiya Məhkəməsi böhranının bitdiyini bildirdi və daha sonra əlavə etdi: “bu ideal konstitusiya məhkəməsi formalaşdırıldığı deməkdirmi? Yox”.
Nəticə olaraq Paşinyan hakimiyyətə gələndən bu müddət ərzində inqilabın açıqladığı hədəfləri və inqilab tərəfdarlarının gözləntilərini böyük ölçüdə doğrulda bilmədi. Bu mübarizəni öz xeyrinə dəyişə biləcək, Ermənistan tarixinin ən qaranlıq səhifələrindən biri olan 2008-ci il hadisələrinin araşdırılması və o hadisələrdə günahlandırılan şəxslərin cəzalandırılması baş tutmadı. Həmçinin özünün dediyi kimi keçmiş qüvvələrin qalığı və hələ də onları qoruyan məhkəmə sistemini də yeniləyə bilmədi.
Beləliklə, Paşinyan qanunverici orqanı köhnə qüvvələrdən təmizləmək üçün 2018-ci ilin dekabrında çağırdığı erkən parlament seçkilərindən 3 il sonra, siyasi səhnədən təmizləyə bilmədiyi qüvvələrin təzyiqi ilə növbəti erkən parlament seçkiləri çağırmağa məcbur edildi.
Qısa müddət keçməsinə baxmayaraq hazırda iki seçki arasındakı Paşinyanın vəziyyəti çox fərqlidir. Əgər 1-ci seçki ərəfəsində o inqilabla baş nazirliyə seçilmiş, erkən seçkilərdə 70%-dən çox səs qazanmış, xalqın yeniliyə və gələcəyə olan ümidi idisə, indi o inqilab sonrası verdiyi vədləri yerinə yetirə bilməyən, nüfuzu xeyli dərəcədə aşağı düşmüş və hazırda əhalinin yalnız 27%-nin dəstəklədiyi məğlub Baş nazirdi.
Əvəzində 3 il əvvəl inqilab nəticəsində siyasi səhnədən uzaqlaşdırılmış qüvvələrin Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra nüfuzu bir qədər artıb və seçkiyə hazırlaşırlar.
Köçəryan seçkilərə “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyaları ilə bir blokda gedir. Sarkisyan isə seçkiyə bu yaxınlarda onun ailə üzvlərinə qarşı cinayət işini aparan Milli Təhlükəsizlik Xidmət-nin keçmiş rəhbəri Artur Vanetisyan ilə qatılır.
2018-ci il dekabr seçkilərindən fərqli olaraq bu dəfə seçki Ermənistandakı bütün siyasi qüvvələri qarşısına almış Paşinyan üçün çətin keçəcək. Buna baxmayaraq o son anda seçki nəticələrinə təsir edə biləcək kiçik də olsa nailiyyət əldə edə bildi. Ermənistanda bütün seçkilərində yayğın olan və keçmiş qüvvələri illərdir hakimiyyətdə saxlamış səslərin satın alınmasının qarşısını almaq üçün bu ilin aprel ayında parlament Cinayət Məcəlləsinə səsverməyə məcbur etmə və səslərin satın alınmasını cəzalandırmağı nəzərdə tutan əlavə və dəyişikliklər haqqında qanunu qəbul etdi. Həmçinin Seçki Məcəlləsinə edilən dəyişikliyə əsasən yeni seçki əvvəlki kimi partiya ilə bərabər, partiya siyahısı üzrə namizədlərə səs vermə əsasında keçirilməyəcək, iyunun 20-də seçki tam proporsional qaydada keçiriləcək və seçicilər yanlız partiyalara səs verəcəklər.
Ermənistanda müstəqillik dövrü ərzində bütün seçkilər siyasi gərginlik içində keçib. Bu ilki seçki isə müharibənin nəticəsi səbəbilə ümumiyyətlə dərin böhran vəziyyətində baş tutur və onun siyasi böhranı daha da dərinləşdirəcəyi ehtimal edilir.
25 il bundan qabaq Qarabağ münaqişəsinin gələcəyi ilə bağlı peyğəmbərcəsinə öngörmə etmiş keçmiş prezident Levon Ter-Petrosyan iyun seçkisi haqqında bunları deyir: “Əgər erkən seçkilər indiki hakimiyyət tərəfindən təşkil edilsə, onlar böyük ölçüdə administrativ resurslardan istifadə etməkdən çəkinməyəcəklər. Əminəm ki, bu halda biz Ermənistan tarixinin ən biabrçı seçkisinə şahidlik edəcəyik. Və bu Ermənistan dövlətçiliyinin sonu demək ola bilər”.
- MÖVZULAR :
- Daxili işlər
- BÖLGƏLƏR :
- Rusiya və MDB