Politicon.co

Ermənistanda nasist kollaboratorunun şöhrətləndirilməsi

Ermənistanda nasist kollaboratorunun şöhrətləndirilməsi

2016-cı ilin iyun ayının 2-də Almaniya Bundestaqı Osmanlı dövründə törədilən erməni qətllərini “soyqırım” kimi qiymətləndirən bir qətnamə qəbul etdi. Bundan bir neçə gün əvvəl isə, İrəvanda nasist kollaboratoru Qaregin Njdeyə ucaldılmış abidənin açılışı oldu.

Erməni hərbi xadim Qaregin Njde Azərbaycan ərazisi olan Naxçıvanda dünyaya gəlmiş və 17 yaşında erməni azadlıq hərəkatına qoşulmuşdu. O, 1912-ci ildə Balkan müharibələrində Osmanlı imperiyasına qarşı döyüşmək üçün Bolqarıstan ordusu tərkibində erməni batalyonu yaratmışdı.

Birinci Dünya müharibəsi dövründə Njde yenidən türklərə qarşı silahlanmışdı, bu dəfə rus ordusunun tərkibində. Lakin, münaqişənin sonlarına yaxın o, yeni elan olunmuş Respublikaya xidmət etmək üçün Ermənistana qayıtmışdı. Bəzi tarixçilərə görə, o, hazırda Ermənistan Respublikasına aid olan tarixi Zəngəzur vilayətində yerli azərbaycanlıların etnik təmizlənməsində mühüm rol oynamışdı.

1920-ci illərdə Ermənistanın sovetləşməsi dövründə ölkədən qaçan Njde 1930-cu illəri Amerika və Avropada keçirdikdən sonra öz xidmətini Adolf Hitlerə təklif etmək üçün İkinci Dünya müharibəsində yenidən meydana çıxmışdı. Bəzi tarixçilər “Almaniya uğrunda vuruşanlar, Ermənistan uğrunda vuruşurlar” sözlərini ona aid edirlər. Onun təşkil etdiyi erməni hərbi hissə 1943-cü ildə Şərq cəbhəsinə, Krım yarımadasına göndərilmiş və Sovet qoşunlarına qarşı döyüşlərdə iştirak etmişdi.

Müharibənin sonuna yaxın Njde Sovet rəhbərliyinə Türkiyəni işğal etmək planını təklif etsə də, planı rədd, özü isə həbs edilmişdi. 1955-ci ildə həbsdə ölmüşdür. 

1983-cü ildə Njdenin qalıqları gizli şəkildə Sovet Ermənistanına köçürülür. Qəbir daşı bir neçə il sonra – 17 iyun 1989-cu ildə qoyulmuşdur; həmin tarix onun dəfn olunduğu monastırın məzarlığına hər il təkrarlanan ziyarət üçün əhəmiyyətli günə çevrilib. Ölümündən on illər sonra, 30 mart 1992-ci ildə Njde müstəqil Ermənistan Respublikasının ali məhkəməsi tərəfindən bəraət aldı.

2010-cu ilin mart ayında Njde, "Hay TV"-nin başlatdığı və Ermənistan İctimai Televiziyası (H1) tərəfindən yayımlanan "Biz ermənilərik" televiziya layihəsinin seçiciləri tərəfindən tarix boyu ermənilərin "Milli qüruru və ən görkəmli siması" seçilmişdir. 

2013-cü ildə onun həyatına həsr olunmuş "Njde" adlı film çəkilmişdir. Erməni kino tarixində rekord olan 7 milyon ABŞ dollarına malik büdcəsi ilə “Njde”nin premyerası Rusiyada baş tutdu, daha sonra digər ölkələrdə də nümayiş edildi. Hal-hazırda İrəvanda bir prospekt, böyük bir meydan və yaxınlığındakı metro stansiyası, habelə, Ermənistanın cənubdakı Sünik vilayətinin bir kənd Njdenin adını daşıyır.

İrəvanda nasist kollaboratoruna abidə ucaldılmasının beynəlxalq ictimaiyyət və mediada ya üstündən keçildi, ya da bu mövzuya səssiz qalındı. Hətta Ermənistanın ən yaxın müttəfiqi olan Rusiyada da bu hadisəyə o qədər də çox diqqət göstərilmədi. Avropa ölkələrində neo-nasist trendlər axtarıb, onlarla mübarizə aparan, İkinci Dünya müharibəsinin bəraət alan ziddiyyətli fiqurlarına görə Şərqi Avropanın bəzi ölkələrini ittiham edən Rusiya belə Krımda Sovet vətəndaşlarının öldürülməsinə səbəb olmuş erməni hərbi birliyinin yaradıcısı kimi bu qətllərə məsul olan Njdeyə abidə ucaldılmasına heç də adekvat yanaşmadı. Ukraynanı millətçi Stepan Banderanın qəhrəmanlaşdırılmasına görə günahlandıran rus mütəxəssislər Njde ilə bağlı məsələyə şərh verməkdən çəkindilər.

Son illərdə nasizm üzərində qələbə Rusiyada əsas kultlardan birinə çevrildiyi üçün Böyük Vətən Müharibəsi ilə bağlı hər bir məqam ruslar üçün olduqca həssas mövzudur. Təəccüblü deyil ki, bu yaxınlarda 2015-ci ilin noyabr ayında məhz Rusiyanın təşəbbüsü ilə BMT-də “Nasizmin şöhrətləndirilməsi: irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla əlaqəli dözümsüzlüyün müasir formalarının artmasına səbəb olan müəyyən təcrübələrin yolverilməzliyi” adlı qətnamə qəbul edildi. Maraqlıdır ki, Ermənistan qətnamə layihəsinin lehinə səs verənlər ölkələrdən biri idi.

Fakt budur ki, bir neçə həftə əvvəl 9 May Qələbə gününü qeyd etmiş Ermənistan rəhbərliyinin sözügedən abidənin qoyulmasına icazə verməsi Ermənistanın nasist kollaboratoruna olan münasibətini göstərir. Özünü Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi kimi təqdim edən Ermənistan prezidenti Serj Sərkisyan İrəvanın mərkəzində təntənəli açılış təşkil edərək, Sovet əsgərlərinə və mülki şəxslərə (ruslar, ermənilər və Sovet İttifaqının digər millətləri də daxil olmaqla) qarşı savaşmış erməni bölmələrinə rəhbərlik etmiş tarixi şəxsiyyətin abidəsini özü açdı. Buna nasist ideologiyasından əziyyət çəkmiş bir sıra ölkələr, xüsusən də Rusiya üçün əsl təxribat da demək ola bilər.

Bəziləri son hadisəni Ermənistanda artan anti-Rusiya əhval-ruhiyyəsi ilə əlaqələndirir, baxmayaraq ki, Rusiyanın Ermənistan sərhədlərini qoruyan hərbi bazası var və Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında özünü daha təhlükəsiz hiss edir. Başqa bir ölkədə baş versə idi Rusiyanı “iynələyən” bir hadisə kimi qəbul ediləcək bu vəziyyət tamamilə anti-Rusiya prossesi kimi qarşılanardı. Lakin Rusiya xarici işlər idarəsi ortaya qeyri-müəyyən bir mövqe qoydu: “…Qareqin Njdenin abidəsinin ucaldılması bizim üçün anlaşılmazdır”.

Mənfi reaksiya İsraildən, o da ekspert səviyyəsində gəldi və demək olar ki heç kim tərəfindən hiss edilmədi. Bəzi israilli politoloqlar abidənin ucaldılmasının nasistliyin açıq təbliğatı olduğunu və Ermənistanın yüksək səviyyəli rəsmilərinin açılış mərasimində iştirak etməsini özlərini Njdenin davamçıları elan etdiklərinə inanmağa əsas verdiyini qeyd etmişdir. 

Nasist ovçusu və Holokost üzrə alimi doktor Efraim Zuroff öz növbəsində Njde və onun erməni legionunun nasistlər üçün döyüşdüklərinə görə qınamaq lazım olduğunu söyləmişdir: “Heykəlin ucaldılması olduqca çirkin bir əməldir… Biz nasistlərlə birgə döyüşən və ya Üçüncü Reyxin qüvvələrinə hər hansı kömək edən şəxslərin şöhrətlənməsinə etiraz etməliyik."  

Yuxarıda qeyd edildiyi kimi, Njde ölümündən on illər keçdikdən sonra Ermənistanda qəhrəman kimi qarşılanır. Onun 20-ci əsrin əvvəllərində formalaşdırdığı milli mühafizəkar ideologiya “Tseğakron” adlanır və ermənilər tərəfindən öz tarixi yollarına hörmət etmək, qorumaq və mükəmməlləşdirmək üçün mənəvi bir əhd hesab edilir. Keçmiş baş nazir Andranik Marqaryan bu ideologiyanı "erməni irqçiliyi" kimi təsnif edirdi. 

Bununla belə, bir nasist kollaboratoruna abidə ucaldılması və Bundestaqın 1915-ci il hadisələri ilə bağlı qətnaməsi ərəfəsində Ermənistan prezidentinin iştirakı ilə təntənəli mərasimin təşkil olunması nəinki beynəlxalq ictimaiyyətə, ilk növbədə qeyd edilən qətnaməni qəbul etmiş Almaniyaya, digər ölkələrdəki oxşar hadisələri pisləyən Rusiyaya və hər yerdə nasist ideologiyası ilə mübarizə aparan İsrailə bir siqnal ötürməlidir. 

 


DİGƏR YAZILAR