Politicon.co
Azərbaycan-Fransa münasibətləri: 30 ilin tarixçəsi
Giriş
Bu il Azərbaycan Respublikası və Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Uzun illər Azərbaycan-Fransa münasibətləri dinamik şəkildə inkişaf etsə də İkinci Qarabağ Müharibəsi zamanı ölkələr arasında yaşanmış diplomatik böhran bir çox sahədə təmasları minimuma endirmişdir. Tərəflər diplomatik böhranın həll edildiyini bəyan etsə də ikitərəfli münasibətlər hələ də müharibədən əvvəlki səviyyəyə qayıda bilməmişdir. Bu yazıda ikitərəfli münasibətlərin tarixi, pozulma səbəbləri və gələcək perspektivlər araşdırılır.
30 illik tarix
Əvvəla Azərbaycan və Fransanın 30 il ərzində birgə keçdiyi yola diqqət yetirmək lazımdır. Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və 1992-ci ildə Türkiyədən sonra Bakıda diplomatik nümayəndəlik açmış ikinci dövlət olmuşdur. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa 1993-cü ildə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul edilmiş dörd qətnamənin lehinə səs vermişdir.
İki dövləti bir-birinə “məcburi” yaxın edən amil məhz Azərbaycan-Ermənistan münaqişəsi olmuşdur. Münaqişənin aktiv fazaya keçməsi və münaqişənin üzrə vasitəçilik təşəbbüslərinin beynəlxalqlaşması prosesinin ilk günlərindən etibarən Fransa Azərbaycan və Ermənistan arasında bu və ya digər formada vasitəçilik etməyə çalışmışdır. 1992-ci ildə ATƏM (daha sonralar ATƏT) çərçivəsində vasitəçilik üçün Fransaya ilk fürsət tanınmışdır. Daha sonra Fransanın statusu ATƏT strukturunda daha da möhkəmlənmiş və Minsk Qrupunun həmsədr dövlətlərindən birinə çevrilmişdir.
Minsk Qrupunun həmsədri kimi Fransa həmçinin Avropa İttifaqını da dolayısı yolla təmsil etməkdədir. Həmsədr olaraq Fransanın diplomatik aktivlik dövrünün birinci mərhələsi mərhum prezident Jak Şirakın (1995-2007), ikinci mərhələsi isə prezident Emmanuel Makronun (2017 – davam edir) dövrünə təsadüf edir. Birinci mərhələni xarakterizə edən əsas cəhət fransız diplomatların Lissabon prinsipləri əsasında hazırlanmış təklifləri münaqişə tərəfləri ilə müzakirə etməsi və münaqişənin dinc yolla həlli naminə təşəbbüslər ilə çıxış etməsi idi. Bu baxımdan prezident Şirakın Azərbaycan və Ermənistan prezidentləri ilə sıx təmasları və hətta Ermənistana təzyiq məqsədilə Ermənistan səfərindən imtina etməsi yadda qalan hadisələrdəndir. Fransanın diplomatik aktivliyi 2006-cı ildə Rambuye (fr. Rambouillet) qəsrində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Robert Koçaryan arasında baş tutmuş görüşdə kuliminasiya nöqtəsinə çatmışdır. Ancaq bu görüşdə Dağlıq Qarabağın statusu və Kəlbəcər rayonu ilə bağlı tərəflər arasında mövcud olan fikir ayrılıqları səbəbindən heç bir nəticənin əldə olunmaması ilə diplomatik aktivlik sonrakı dövrlərdə səngimiş və sentyabr 2020-ci ilə qədər azalan xətlə davam etmişdir.
Məhz yuxarıda qeyd edilən səbəblərdən Fransa həmişə Azərbaycan üçün xüsusi önəm kəsb etmişdir. Fransada yaşayan erməni diasporunun Fransa siyasətçilərinin qərarlarına təsirindən ehtiyat edən Azərbaycan diplomatiyası üçün Fransa ilə münasibətlərin inkişafı strateji prioritetə çevrilmişdir. 1993-cü ildə prezident Heydər Əliyevin xaricə ilk rəsmi səfərini Fransaya etməsi, ardınca bu ənənənin 2003-cü ildə prezident İlham Əliyev tərəfindən təkrarlanması Fransanın Azərbaycan siyasi rəhbərliyi üçün daşıdığı əhəmiyyətin bariz nümunəsidir. 2020-ci il diplomatik böhranına qədər Azərbaycan diplomatiyası siyasi əlaqələrin iqtisadi, mədəni, elmi, humanitar xarakterli təmaslar vasitəsilə möhkəmləndirilməsi siyasi kursunu tutmuşdur. Enerji nəhəngi “Total” başda olmaqla onlarla fransız şirkətinin Azərbaycanda fəaliyyət göstərməyə başlaması, Azərbaycanın Fransanın Qafqazda ən böyük ticari tərəfdaşına çevrilməsi, fransız şirkətlərinin neft-qaz, dəmiryolları kimi strateji sahələrə milyonlarla avro dəyərində investisiya qoyması diplomatik münasibətlərin güclənməsində müsbət rol oynamışdır.
Həmçinin, qeyd edilməlidir ki, son 10 il ərzində Azərbaycan və Fransa arasında müdafiə və təhlükəsizlik sahəsində təmaslar da intensivləşmişdir. Belə ki, 2014-cü ildə “Airbus Defense and Space” şirkəti “Azersky” yer səthinin məsafədən müşahidə peykini Azərbaycana təhvil vermiş və iki dövlət arasında imzalanan müqaviləyə əsasən Azərbaycan oxşar funksiyanı həyata keçirən “Pléiades 1A” və “Pléiades 1B” peyklərindən də yüksək keyfiyyətli şəkillər əldə etmək hüququna sahib olmuşdur. Yer səthinin məsafədən müşahidə peykindən İkinci Qarabağ Müharibəsi zamanı hərbi məqsədlər üçün istifadə edilməsi rəsmi olaraq təsdiq edilmişdir. Sırf 2018-2020-ci illərdə Fransa tərəfindən Azərbaycana hərbi təyinatlı məhsulların ixrac edilməsi üçün verilmiş lisenziyaların həcmi 1.2 milyard avrodan çox olmuşdur. Mətbuatda, həmçinin, 2014-cü ildə Bakıya rəsmi səfəri zamanı Fransa prezidenti F. Hollandın Azərbaycana “SAMP/T” zenit-raket kompleksləri almağı təklif etdiyi qeyd edilir. 2018-ci ildə isə Fransanın məşhur “MBDA” şirkətinin Azərbaycana “SAMP/T” və “VL MICA” zenit-raket komplekslərinin satışını həyata keçirməyi planlaşdırdığı ilə bağlı məlumat yayılmış, şirkətin rəsmisi öz növbəsində Azərbaycan ilə hava-hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ilə bağlı danışıqların aparıldığını bildirmişdir. 2019-cu ildə Parisdə keçirilən “Paris Air Show” sərgisi zamanı isə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Fransanın “NEXTER” şirkəti arasında zirehli transpartyorların müştərək istehsalı, şirkətin Azərbaycanda regional ofisinin yaradılması ilə bağlı ilkin razılıq əldə olunmuşdur. Bütün bunlar Fransanın Azərbaycana vaxtilə silah ixracı ilə bağlı “yaşıl işıq” yandırdığının nümunəsi hesab edilə bilər.
Münasibətlərin digər bir maraq kəsb edən aspekti isə 2019-cu ildə Azərbaycan Mərkəzi Bankı ilə məşhur Rotşild maliyyə imperiyasının bir hissəsi olan “Rothschild&Cie” Bankı arasında strateji əməkdaşlıq müqaviləsinin imzalanmasıdır. Müqaviləyə əsasən Rotşild bankı Azərbaycana bankçılıq sahəsində strateji tövsiyələrin hazırlanmasını öz öhdəliyinə götürmüşdür. Elm-təhsil və humanitar sferada münasibətlərin möhkəmləndirilməsində Azərbaycanda “Fransız Liseyi”, “Azərbaycan-Fransa Universiteti (UFAZ)” kimi təhsil ocaqlarının açılması, Parisdə “Azərbaycan Evinin” yaradılması, Heydər Əliyev Fondunun Fransadakı fəaliyyətləri xüsusi rol oynamışdır.
Azərbaycan-Fransa münasibətlərinin uzun illər dinamik şəkildə müsbət yöndə inkişaf etməsinə baxmayaraq, İkinci Qarabağ Müharibəsinin başlaması ilə ölkələr arasında diplomatik böhran yaşanmışdır. Fransanın Avropa və Xarici İşlər Nazirliyi bir çox dövlət kimi təmas xəttində atəşkəsin pozulmasını pisləyib neytral bəyanat versə də daha sonra prezident Makron Riqa və Brüsseldə verdiyi açıqlamalarda Türkiyəni Azərbaycanı dəstəklədiyinə görə kəskin tənqid etmiş, müharibənin Azərbaycan tərəfindən başladıldığını və Azərbaycanın münaqişə zonasına Suriyadan muzdlu döyüşçülər gətirdiyini iddia etmiş, Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla geri almaq cəhdlərinin qəbul edilməyəcəyini bildirmişdir. Ardınca Azərbaycan Fransanı səsləndirilmiş iddialar ilə bağlı dəlillər təqdim etməyə, təqdim edilməyəcəyi təqdirdə isə Azərbaycandan üzr istəməyə çağırmışdır. Müharibənin ilk həftələrində Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında kollektiv bəyanatın yayılması cəhdinin olduğu, ancaq bu cəhdin Birləşmiş Krallıq və Qoşulmama Hərəkatının yeddi üzvü (Niger, Tunis, Cənubi Afrika, Vyetnam, İndoneziya, Sent-Vinsent və Qrenadin, Dominikan Respublikası) tərəfindən qarşısının alındığı barəsində məlumat yayılmışdır. Oktyabrın 10-da ilk humanitar atəşkəsin əldə edilməsinin ardından Azərbaycan-Fransa diplomatik qarşıdurması bir qədər səngimiş və oktyabrın 14-ü tarixində prezident Əliyev prezident Makronun Fransanın münaqişədə neytral qalacağı sözünü verdiyini, rəsmi Bakıya heç bir dəlilin təqdim edilmədiyini və bununla da, Azərbaycan-Fransa diplomatik böhranının bitdiyini bəyan etmişdir.
Ancaq ondan sonrakı dövr heç də böhransız keçməmişdir. 7 noyabr tarixində Fransa XİN bəyanat yayaraq “döyüş əməliyyatlarının Şuşi şəhəri istiqamətində irəliləməsi” ilə bağlı öz dərin narahatlığını bildirmişdir. 10 noyabr üçtərəfli atəşkəs bəyanatının ardından yayılan rəsmi bəyanatda atəşin dayandırılması alqışlansa da, detallı izaha ehtiyacın olduğunu bildirilmiş, Azərbaycan və Türkiyənin bəyanatın şərtlərinə əməl edilməsi çağırılmış və Fransanın bu çətin günlərdə Ermənistan və erməni xalqının yanında olduğunu bildirilmişdir. Münasibətlərə ən böyük zərbə isə müharibənin bitməsindən 15 gün sonra dəymişdir – Senat hökuməti “Arsax Respublikasının” müstəqilliyini tanımağa çağıran qətnamə qəbul etmişdir. Fransa hökuməti qətnamənin çağırışını isə rədd etmişdir. Ancaq Fransa qanunvericiliyinin hökumətə qətnamələrin səsverməyə çıxarılması prosesinə müdaxilə etmək imkanını yaratması və bu imkandan Fransa hökuməti tərəfindən istifadə edilməməsi faktı qətnamə layihəsinin hökumətin de-fakto razılığını aldığının göstəricisi hesab edilə bilər.
Müharibədən sonra prezident Makron Dağlıq Qarabağ və ətrafındakı mədəni-dini abidələrin qorunması naminə UNESCO ilə danışıqlara başlasa da bu danışıqların konkret nəticələrinin nələr olduğu hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. 2020-ci ilin dekabrında Parisdə erməni diasporu nümayəndələri ilə görüş zamanı prezident Makron baş nazir Paşinyanın niyə 10 noyabr bəyanatı ilə bağlı ona xəbər verməməsi barəsində gileylənmiş, Fransanın qarşısında iki yolun (ya həmsədr olaraq qalıb danışıqlar prosesinə töhfə vermək, ya da Minsk Qrupunu tərk edib Dağlıq Qarabağın müstəqilliyini tanımaq) olduğunu bildirmişdir.
Diplomatik münasibətlərin gərginləşməsinin növbəti etapı 2021-ci ilin may-iyun aylarında Azərbaycan-Ermənistan sərhədində baş vermiş atəşkəs pozuntuları ilə əlaqəli olmuşdur. Fransa 13 may 2021-ci il tarixində bəyanat yayaraq tərəfləri atəşkəsə çağırmış, Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə etmiş və Azərbaycan qoşunlarını Ermənistan ərazisindən çıxmağa çağırmışdır. Fransa həmçinin məsələnin BMT Təhlükəsizlik Şurası çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu bəyan etmişdir. Həmin dövrdə Fransanın Ermənistandakı səfiri Conatan Lakot (fr. Jonathan Lacôte) sosial mediada ictimai diplomatiya vasitələrindən aktiv şəkildə istifadə etməyə başlamışdır. O, 13 may tarixində sərhəd toqquşmaları zamanı erməni şair Hovhannes Şirazın şeirinin “biz dağlar kimi sülh içərisindəydik, sən dəli küləklər kimi gəldin” hissəsini paylaşmış, iyulda Yerasx-Sədərək istiqamətində gedən toqquşmalar zamanı isə “Yerasx oyaqdırsa, Yerevan da oyaqdır” başlıqlı növbəti bir paylaşım etmişdir.
Sərhəd toqquşmalarının fonunda Ermənistan Baş Nazirinin müavini Mher Qriqoryanın “sərhədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi düzgün olardı” çıxışı Ermənistanda geniş diskussiyalara yol açmış və bir sıra ekspertlər bunu fransız sülhməramlıların yerləşdirilməsinin mesajı kimi şərh etmişdir. Səfir Lakot isə Ermənistan hökuməti ilə Fransa-Ermənistan hərbi əməkdaşlığının perspektivləri barəsində danışıqların getdiyini bildirmişdir. Ancaq daha sonra Ermənistan Müdafiə Nazirliyi Fransadan müdafiə sahəsində əməkdaşlığa dair heç bir təklif almaqdılarını bəyan etmişdir.
Fransanın Bakıdakı səfiri Zaxari Qrossun (fr. Zacharie Gross) iyul 2021-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Şuşa şəhərinə təşkil etdiyi diplomatik səfərdə iştirakdan imtina etməsi diplomatik demarş - yəni, rəsmi Parisin “Dağlıq Qarabağın statusu yoxdur” fikri ilə razılaşmadığının əməli göstəricisi olaraq qəbul edilmişdir. Ancaq səfirin keçmiş DQMV inzibati hüdudlarına daxil olmuş Suqovuşan (keçmiş Madagiz) və Talış kəndlərinə ziyarəti özlüyündə maraqlı nüansdır. Səfir Qross 2021-ci ilin sentyabr ayında Fransanın Birinci Qarabağ Müharibəsi dövründən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının tapılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə yarım milyon avro yardım etdiyini, noyabr ayında işğaldan azad edilmiş Ağdam şəhərini ziyarət edərək, şəhərin yenidən qurulmasında Fransa şirkətlərinin köməklik göstərəcəyini bildirmişdir.
2021-ci ilin noyabr ayında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar ilə əlaqədar Fransa tərəfindən verilən bəyanat isə kifayət qədər neytral olmuş və Azərbaycana qarşı heç bir ittiham olmamışdır. Dekabrın 15-i Brüsseldə Şərq Tərəfdaşlığı Zirvə Görüşü çərçivəsində prezident Makronun Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə görüşməsi münasibətlərdə yeni səhifənin açılmasına səbəb olmuşdur. 12 yanvar 2022-ci il tarixində prezident Əliyev çıxışında bildirmişdir ki, Fransa müharibənin nəticələrini tanıyıb, səhv etdiyini [red – Ermənistanı dəstəkləməklə] başa düşüb və Fransanın münasibətləri normallaşdırmaq cəhdləri Azərbaycan tərəfindən müsbət qarşılanır.
Ancaq Fransa prezident seçkilərində namizəd xanım Valeri Pekresin (fr. Valérie Pécresse) Qarabağın Azərbaycan nəzarətindən kənarda olan hissələrinə səfəri münasibətlərdə yeni gərginlik yaratmışdır. Özəlliklə, prezident Əliyevin xanım Pekresin səfərini şərh edərkən dediyi “…yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq..” fikirlər kontekstdən çıxardılaraq xanım Pekres tərəfindən hökumətə qarşı təzyiq vasitəsi kimi istifadə edilmişdir. Xanım Pekres prezident Əliyevin dediklərini “ölüm təhdidi” olaraq tərif etmiş və Fransa hökumətini Azərbaycana cavab vermədiyinə görə “ikiüzlülükdə, qorxaqlıqda” ittiham etmişdir. 18 yanvar 2022-ci ildə Fransa parlamentində gedən debatlarda deputat Erik Siottinin (fr. Eric Ciotti) Azərbaycan hökumətinə qarşı kəskin ifadələrlə çıxış etməsi və deputatın sualına cavab verərkən onun fikirlərini dolayısı yolla dəstəkləyən Avropa və Xarici İşlər Naziri Jan İv Lö Drianın (fr. Jean-Yves Le Drian) çıxışı rəsmi Bakıda qəzəb yaratmışdır.
4 fevral 2022-ci il tarixində isə Azərbaycan, Ermənistan, Fransa dövlət başçılarının və Avropa İttifaqı Prezidentinin iştirakı ilə onlayn dördtərəfli görüş keçirilmişdir. Görüşün nəticəsi olaraq Azərbaycan 8 erməni hərbçisini azad etmiş, qarşılığında isə Ermənistan Birinci Qarabağ Müharibəsi və sonrasında itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumat vermək öhdəliyini öz üzərinə götürmüşdür.
Bu yaxınlarda Azərbaycan KİV-lərindən birinə müsahibəsi zamanı Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev isə Azərbaycan-Fransa münasibətlərini bu cür təsvir etmişdir: “Təəssüflə qeyd etmək istərdim ki, bugünkü Fransanın Azərbaycanla əməkdaşlıq üçün konstruktiv gündəliyi mövcud deyil…Ölkəmizlə mədəniyyət və incəsənət, elm və təhsil, idman və gənclərin mübadiləsi sahələrində dialoqun və əməkdaşlığın inkişaf etdirilməsinə ciddi istək yoxdur...Ölkəmizi tanımaq və anlamaq istəyi yoxdur. Ən əsası, ölkəmizə və xalqımıza münasibətdə hörmətlə yanaşma yoxdur..”.
Nədir problem?
İkinci Qarabağ Müharibəsinə qədər müsbət istiqamətdə inkişaf edən Azərbaycan-Fransa münasibətlərinin artıq bir ildən çoxdur təlatümlü vəziyyətdə olması müasir beynəlxalq münasibətlər sisteminin maraqlı keyslərindən biridir. Azərbaycan-Fransa böhranının səbəbləri daha dərinə gedir və sistematik təbiətə malikdir.
Bu səbəblərdən birincisi Fransanın müasir beynəlxalq münasibətlər sistemində rolu ilə bağlıdır. 1945-ci ildə İkinci Dünya Müharibəsindən sonra yaradılan yeni siyasi nizamda Fransa ağır itkilərə baxmayaraq “qalib” statuna sahib oldu. Fransanın bu statusu post-müharibə dövrünün nizamının (ing. Order) əsas göstəricisi olan Birləşmiş Millətlər Təşkilatının ən ali tribunasında özünü biruzə verdi – yəni, Fransa BMT Təhlükəsizlik Şurasının avtomatik olaraq daimi üzvünə çevrildi. 1949-cu ildə Şimali Atlantika Müqaviləsi vasitəsilə kollektiv təhlükəsizlik qarantiyaları alan Fransa 11 il sonra nüvə silahı əldə etməklə beynəlxalq münasibətlər sisteminin əsas aktorlarından biri olduğunu əməli formada təsdiqlədi. Ancaq müharibədə ağır itkilər yaşamış Fransanın “qalib” kimi beynəlxalq sistemə geri qayıtması “əvəzsiz” baş tutmadı. Bu qalibliyin “əvəzində” imperial Fransadan imtina edildi, Fransa Qərb qalibləri arasında (ABŞ, Birləşmiş Krallıq, Fransa) “hegemon” ola bilmədi və tam əksinə Qərb yarımkürəsində (coğrafi yox siyasi) ABŞ mərkəzli siyasi-hərbi konfiqurasiyaya tabe edildi.
Biz bir hegemon ətrafında yaradılmış siyasi konfiqurasiyaların təhlili zamanı adətən orta əsrlərdə mövcud olmuş “vassal-süzeren” münasibətlərinə istinad edildiyinin şahidi oluruq. Yəni, bu cür siyasi konfiqurasiyalarda yalnız hegemonun dediyi olmalıdır və “süzeren” heç bir sözə malik deyil. Ancaq bu yanaşmadan post-1945 dövründə yaradılmış ABŞ-mərkəzli konfiqurasiyaların izahı üçün istifadə etmək yanlışdır. Kifayət qədər geniş resurslara və manevr imkanlarına malik Fransa üçün istifadə etmək isə ikiqat yanlışdır. Fransa uzun illərdir ABŞ-mərkəzli sistemi daxildən ən çox “silkələyən” aktorlardan biridir. Fransa siyasətinin məşhur siması Şarl de Qollun (fr. Charles de Gaulle) “milli müstəqillik” siyasi kursu çərçivəsində Fransanın NATO-dan müvəqqəti çıxması, Anqlo-Sakson dominantlığına qarşı kontinental Avropa əməkdaşlığını yaratmaq üçün Qərbi Almaniya və Sovetlər ilə yaxınlaşmaq cəhdləri fransız diplomatiyasının tarixdə yadda qalan manevrlərindəndir.
1990-cı illər isə dünya üçün yeni bir dövrün başlanğıcı oldu. Qərb blokunun coğrafi sərhədləri aradan qalxdı – liberal nizam qlobal xarakter aldı. Ancaq hər bir sosial proses kimi nizamlar da qeyri-stabil olurlar. Özəlliklə, 2000-ci illərdən etibarən artmağa başlayan “çağırışlar” müasir liberal nizamı okeanda zəlzələ nəticəsində yaranmış hündür dalğalar kimi “vurmağa” başladı. Bu çağırışlara qeyri-liberal aktorların yüksəlişi (Çin, Rusiya və s.), maliyyə insitutlarında yaşanmış böhranlar, qeyri-dövlət aktorlarının (terror qrupları və s.) fəaliyyətləri, ekoloji problemlər, epidemiyalar nümunə olaraq göstərilə bilər. Həmin çağırışlar liberal nizamın çərçivəsini tam dağıtmasa da çərçivə daxilindəki sütunları yavaş-yavaş dağıtmağa başladı – beynəlxalq münasibətlər üzrə ekspertlərinin dili ilə desək, post-Soyuq Müharibə nizamının demontajına (az. sökülməsinə) start verildi.
Bu demontaj prosesindən istifadə edənlər isə təkcə qeyri-liberal aktorlar deyil. Nizamın əsas qurucuları hesab edilən liberal aktorlar da “xaos fürsətlər toplusudur” məntiqi ilə yanaşaraq demontaj nəticəsində yaranmış boşluqları maksimum dərəcədə öz mövqelərini möhkəmləndirmək üçün istifadə edirlər. Çərçivə dəyişməyib – post-1945 sisteminin vacib sütunları hələ də mövcuddur, Almaniya və Yaponiya hələ də “məğlub günahkar” statusuna malikdirlər, ABŞ-ın hegemonik statusu dəyişməyib, ancaq aktorların bu çərçivə daxilindəki statusu dəyişib, dəyişməkdədir və dəyişməkdə davam edəcək.
Avropa İttifaqı, NATO və BMT Təhlükəsizlik Şurasının daimi üzvü Fransa da özlüyündə bu şəraitdən maksimum dərəcədə “xeyirlə” çıxmağa çalışır: “Yeni qlobal Fransa” öz statusunu möhkəmləndirir və post-1945 dövründə “itirdiklərinin” hamısını olmasa da bir qismini dövrün tələblərinə uyğun olaraq geri almaq istəyir. Əlbəttə ki, burada söhbət Əlcəzair və Livanın işğal edilib Fransanın yenidən müstəmləkəsinə çevrilməsindən yox, Fransanın bir aktor olaraq Avropa, Afrika, Yaxın Şərq, geniş Avrasiya regionunda siyasi çəkisinin möhkəmləndirilməsindən gedir.
Bu prosesdə Fransa “dostlarını” və “rəqiblərini” xüsusi incəliklə seçir:
- ABŞ - strateji müttəfiqdir. ABŞ Avropanın kollektiv müdafiəsini təşkil edir və bu imkan verir ki, Fransa digər sahələrə daha çox diqqət ayıra bilsin. Ancaq ABŞ-ın Avropa üzərində hegemonluğu zəiflədilməlidir. Yəni, ABŞ Avropa siyasətində Fransanı xüsusi nəzərə almalı və Fransanın de-fakto ‘regional hegemonluğunu’ qəbul etməlidir;
- Almaniya – demilitarizasiya olunduğundan təhlükə törətmir, əksinə “yeni Almaniya” və “yeni Fransa” strateji müttəfiqlərdir. Anqlo-Sakson dominantlığına qarşı Almaniya ilə yaxın əməkdaşlığa ehtiyac var. Almaniyanın iqtisadi potensialı Fransanın geosiyasi layihələrinin həyata keçirilməsinə kömək edə bilər, əvəzində isə Fransanın hərbi-siyasi çəkisi “məğlub” Almaniyaya bir sıra geosiyasi/geoiqtisadi layihələrin həyata keçirilməsində kömək edə bilər;
- Rusiya – qeyri-liberal rəqibdir, ancaq razılaşmanın mümkün olduğu rəqibdir. ABŞ dominantlığına qarşı mübarizədə əməkdaşlıq edilə biləcək aktordur. Kontinental Avropada Fransa hegemonluğunun tanınması qarşılığında Avrasiyada Rusiya hegemonluğunun tanınması mümkündür. Rusiya ilə konfrontasiya mümkündür, ancaq Rusiyanın siyasi çəkisinə görə bu konfrontasiya ehtiyatla aparılmalıdır;
- Türkiyə - qeyri-liberal rəqibdir, onunla münaqişə fransız ambissiya maşını üçün yanacaq rolunu oynayır. Fransa üçün prioritet olan regionlarda (Yaxın Şərq, Şimali Afrika) aktivlik etməyə çalışdığından Türkiyə ilə uzlaşmaq çətindir. Fransaya görə Türkiyənin siyasi statusu “zəifdir” və buna görə də məhz Türkiyənin Fransanın şərtləri ilə uzlaşması təmin edilməlidir.
Əlbəttə ki, baş verənlər burada yazılanlar qədər “ağ-qara” deyil. Geniş resurslara malik fransız diplomatiyası üçün “rəqib” və “dost” anlayışları heç vaxt dəqiq deyil. Kontinental Avropada ABŞ dominantlığını maksimum azaltmaq üçün “Avropa muxtariyyəti” və “Avropa ordusu” kimi geosiyasi layihələrin həyata keçirilməsində məşğul olan Fransa paralel olaraq Aralıq dəniz hövzəsində, Şimali Afrikada, Yaxın Şərqdə, Sahel regionunda, Şərqi Avropada rəqibləri ilə “aktiv” mübarizədədir. Bu kontekstdə Azərbaycan-Ermənistan münaqişəsi fransız diplomatiyasının məşğul olduğu çoxsaylı münaqişə teatrlarından cəmi biridir. Müasir beynəlxalq münasibətlər sistemində Avropa anlayışınl təmsil edən Fransa üçün Avropanın qonşuluğunda baş verən münaqişələrdə söz sahibi olmaq, poetik ifadə etsək “oyun kartlarının bölüşdürülməsi zamanı yaxşı kartların bir qismini toplamaq” strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Fransa rəsmi olaraq Azərbaycan-Ermənistan münaqişəsindən əlavə Avrasiya regionunda Gürcüstan-Rusiya və Ukrayna-Rusiya münaqişəsinin tənzimlənməsində də “vasitəçi” roluna sahibdir.
Fransanın beynəlxalq münasibətlər sistemindəki roluna nəzər saldıqdan sonra İkinci Qarabağ Müharibəsinin yaratdığı reallıqlara yenidən nəzər salmaq vəziyyəti oxucular üçün daha aydın edə bilər. 27 sentyabr 2020-ci ilə qədər Azərbaycan-Ermənistan münaqişəsi üzərində ABŞ-Rusiya-Fransa “strateji kondominiumu (müştərək idarəçilik)” mövcud olmuşdur. Baxmayaraq ki, Minsk Qrupu rəsmi olaraq vasitəçilik rolu oynamışdır, bu illər ərzində münaqişənin dinc yolu ilə həlli faktiki olaraq üç dövlətin “strateji razılaşmasından” asılı hala salınmışdır. Bu həmin dövlətlərin münaqişənin dinc yolla həllinin ən tez bir müddətdə baş tutması üçün bütün diplomatik səylərini səfərbər etdiyi kimi başa düşülməməlidir. Əksinə, Minsk Qrupu xətti ilə tərəflərə təqdim edilən təkliflər sırf “strateji kondominium” səbəbindən maksimum dərəcədə detalsız olmuş və geniş şəkildə diplomatik-hüquqi jarqonlardan istifadə etmişdir. Bu cür təkliflər (məsələn, Madrid Prinsipləri) faktiki olaraq “terminlər xaosu” yaradaraq nəinki münaqişə tərəflərinə, hətta həmsədr dövlətlərə də geniş manevr, şərh imkanları yaratmış, ucu-bucağı görsənməyən danışıqlar raundlarının əsasını qoymuşdur.
İkinci Qarabağ Müharibəsinin Rusiya vasitəçiliyi ilə imzalanmış 10 noyabr üçtərəfli atəşkəs bəyanatı ilə bitməsi isə uzun illər “strateji kondominium” tərəfindən təklif edilmiş layihələrin bir çox nüanslarını faktiki baxımdan reallaşdırmış, Fransanın regional roluna ciddi zərbə vurmuş, Minsk Qrupunu marjinallaşdırmış və Fransanın iki geosiyasi rəqibinin – Rusiya və Türkiyə, müəllifləri olduğu yeni siyasi konfiqurasiya meydana çıxarmışdır. Qısacası, vaxtilə Azərbaycan-Ermənistan münaqişəsi üzərində “aparıcı rola” malik üç dövlətdən biri olmuş Fransa yeni yaranmış konfiqurasiyada heç ilk üçlüyə daxil ola bilməmişdir.
Məhz buna görə də Fransa regionda bu cür yeni situasiya yaratdığına görə Azərbaycana və bu yolda Azərbaycanı dəstəkləyən Türkiyəyə “qəzəblidir”. Fransa Azərbaycanın “Zəngəzur dəhlizi” kimi geosiyasi layihələrinə qarşı çıxır, Azərbaycanın münaqişə ilə bağlı narrativlərini – yəni, “münaqişə başa çatıb”, “Dağlıq Qarabağın statusu müzakirə məsələsi deyil”, qəbul etmir. Bu istiqamətdə Fransa ATƏT-in Minsk Qrupunun mövcudluğunun qorunmasını və “Dağlıq Qarabağın statusu müzakirə məsələsidir” narrativinin saxlanılmasını yeganə çıxış yolu olaraq görür. Ancaq biz müşahidə edirik ki, “qəzəbli” Fransanın Azərbaycana qarşı addımları bir çox hallarda deklarativ xarakter daşıyır: Senat hökuməti sadəcə Dağlıq Qarabağın müstəqilliyini tanımağa “çağırır”, Ermənistan kimi öz müdafiə sektorunu Rusiya ilə inteqrasiya etmiş bir dövlətlə hərbi əməkdaşlığın qeyri-reallığı məlum ola-ola Ermənistanla “hərbi əməkdaşlıq” müzakirə edilir (əslində sonradan məlum olur ki, heç müzakirə edilmirmiş), Şuşaya səfər etməyən Fransa səfiri keçmiş Dağlıq Qarabağın digər hissəsinə səfər edərək yenidənqurma işləri ilə tanış olur.
Hərhalda bu sirr deyil ki, beynəlxalq münasibətlər sisteminin vacib aktoru kimi Fransa Azərbaycan-Türkiyə tandeminə qarşı daha sərt “hücumlar” həyata keçirə bilərdi. O, Avropa İttifaqı və NATO daxilində Azərbaycanla bağlı bir çox layihələri bloklaya bilər, 2020-ci il statistikasına əsasən 103-cü ticari tərəfdaşı olan Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq edə və bu istiqamətdə çox da ciddi maliyyə itkisi ilə qarşılaşmaya, özü tanımasa belə öz müttəfiqlərini Dağlıq Qarabağın müstəqilliyini tanımağa vadar edə və bununla da Azərbaycan üçün çox təhlükəli bir presedentin əsasını qoya bilərdi. Belə bir ssenaridə Azərbaycan tərəfi diplomatik əlaqələri kəsib, bütün fransız şirkətlərini Azərbaycandan qovsa belə vəziyyəti öz xeyrinə dəyişdirə bilməzdi.
Fransa diplomatiyasının bu cür radikal addımlar atmamasının səbəbi bacarıqsızlıqdan çox qərarvericiliyin vacib elementi olan “risk-fayda analizi (ing. risk-benefit analysis)” ilə izah edilə bilər. Siyasi vektorunun dəyişilməsi mümkün olmayan Ermənistanın belə müstəqil dövlət olaraq tanımadığı Dağlıq Qarabağ naminə Azərbaycan və Türkiyə ilə açıq və kəskin konfrontasiyaya getmək Fransa üçün faydasızdır. Əksinə, Azərbaycan və NATO üzvü Türkiyə ilə Cənubi Qafqaz ilə bağlı bir sıra məsələlərdə “kommunikasiya qapısının” açıq saxlanılması strateji perspektivdə faydalıdır və bu Fransanın regional statusun üçün gələcəkdə kömək edə bilər. Məhz buna görə də, biz Fransanın Azərbaycan və Türkiyə ilə münasibətdə (Cənubi Qafqaz məsələləri üzrə) daha çox “diskurs cəzalandırması” yolunun seçdiyini şahidi oluruq.
Fransa siyasi elitasının müharibə dövrü və sonrasında Azərbaycan və Türkiyəyə qarşı seçdiyi diskursun tarixi kökləri bizi problemin ikinci sistematik tərəfinə aparır. Azərbaycana qarşı səsləndirilən fikirlər təkcə kağız üzərində yazılmış söz yığını deyil, o fikirlər kollektiv düşüncə sisteminin dərinliklərinə çökmüş anlayışların, qərəzlərin, stereotiplərin təcəssümüdür. Hələ imperial Fransa dövründə “katolik, ağ dərili, maskulin avropalı” elementləri əsasında qurulmuş bu düşüncə sistemi Azərbaycan anlayışını Digər (Yad) hesab edir. Bu düşüncə sistemi üçün isə Ermənistan anlayışı Qeyri-Yaddır.
Napoleon Bonapartın vəfatının 200 illiyi münasibətilə onun məzarı qarşısına əkil qoyarkən “Napoleon bizim bir hissəmizdir” deyən prezident Makron və onun komandası üçün yuxarıda qeyd edilən düşüncə sistemi özlüyündə heç də yad deyil. Təsadüfi deyil ki, əhalisinin 40%-ə yaxınının qeyri-katolik olduğu Fransa senatı “Yaxın Şərqin xristian icmalarının və ermənilərin qorunmasını” hökumətin prioritetlərindən biri hesab edir. Prezident Makronun Livanı düzəltmək üçün Beyruta dağıntılardan bir neçə müddət sonra təcili səfəri və orada “mən Livanı düzəldəcəm!” deməsi, ardınca Əlcəzair tarixi ilə bağlı danışarkən “Əlcəzair olmayıb, biz yaratmışıq” deməsi elə bu düşüncə sisteminin təzahürləridir.
Ontologiyasını yuxarıda qeyd edilən rasist, imperialist, islamafob düşüncə sisteminin tezisləri əsasında qurmuş fransız siyasətçilərinin Azərbaycanla bağlı fəaliyyətləri yeni deyil. Bunu görmək üçün sadəcə 2020-ci ildə məxlifiyi aradan qaldırılmış sənədlərdə aşkar edilən bir tarixi nümunəyə baxmaq kifayətdir – 1993-cü ilin yazında erməni qoşunları Kəlbəcəri işğal edəndən sonra BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı qətnamənin qəbul edilməsi üçün iş başlayır. Həmin dövrdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Pakistan Azərbaycanın tezislərinin qətnamə layihəsinə daxil edilməsi üçün intensiv diplomatik iş aparırdı. 1993-cü ildə ABŞ-ın BMT yanında nümayəndəliyinin başçısı olmuş, daha sonralar dövlət katibi olaraq fəaliyyət göstərmiş məşhur diplomat xanım Madlin Olbrayt (ing. Madeleine Albright) qətnamə layihəsində Ermənistan Respublikasının ‘işğalçı’ olaraq qeyd edilməsini təklif edir. Ancaq Fransanın BMT yanında nümayəndəliyinin başçısı olmuş səfir Jön Bernard Merime (fr. Jean-Bernard Mérimée) bu təklifə qətiyyətlə qarşı çıxır . O, amerikalı həmkarına qətnamədə Ermənistanın adının qeyd olunması və qətnamənin BMT nizamnaməsinin VII fəsili (aqressiya aktları) altında qəbul edilməsinə Fransanın qarşı olduğunu bildirir. Veto hüququna sahib Fransa diplomatının etirazlarının ardından terminalogiyaya dəyişiklik edilir və “yerli erməni qüvvələri (org. local armenian forces)” jarqonundan istifadə edilir. Bu jarqon uzun illər Ermənistan tərəfindən işğal amilində məsuliyyətdən yayınmaq üçün geniş istifadə edilmişdir.
Ancaq Diplomat Merimenin qalmaqallı həyatı təkcə 1993-cü il ilə yekunlaşmır. Merimenin BMT TŞ-da nümayəndə olduğu dövrdə əslən Kipr ermənisi olan və Katolikos II Qaregin tərəfindən fəxrlə “BMT-də çalışan iki ermənidən biri olaraq (digəri Movses Abelian)” qeyd edilən diplomat Baron Sevan BMT Baş Katibinin siyasi məsələlər üzrə müşaviri olaraq çalışırdı. İllər sonra məhz Merime və Sevanın İraqda Səddam Hüseyn hökumətindən BMT-nin “Oil-for-Food” proqramı çərçivəsində birlikdə rüşvət aldıqları meydana çıxır.
Bu yaxınlarda məxlifiyi aradan qaldırılmış Azərbaycanla bağlı bir sıra sənədlərdə fransız diplomatların fəaliyyətləri yenə də diqqəti cəlb etmişdir. Məlumata əsasən keçmiş Fransa Kommunist Partiyasının üzvü olmuş və 2007-2010-cu illərdə Fransa Xarici İşlər Naziri olaraq fəaliyyət göstərmiş Bernard Kuşner (fr. Bernard Kouchner) Kosovonun müstəqilliyinin Qərb tərəfindən tanınmasından daha sonra 2008-ci ildə Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov ilə söhbəti zamanı onunla təhdidedici tonda “Biz artıq [Sizdən] bezmişik. Əgər Ermənistanla Dağlıq Qarabağın statusu ilə bağlı razılığa gəlməsəz özümüz birtərəfli addım atacayıq [red – müstəqilliyini tanıyacağıq]” demişdir. Digər bir sənəddə isə məlum olmuşdur ki, 2008-ci ildə Azərbaycan BMT Baş Assambleyasına münaqişə ilə bağlı qətnamə təqdim edən zaman fransız həmsədr Bernard Fassier bir çox Avropa dövlətlərinə yaxınlaşaraq qətnamənin əleyhinə səs vermələri üçün ‘xüsusi can-fəşanlıqla’ lobbiçilik etmişdir. Azərbaycan tərəfi Fassieri dayandırmaq üçün ABŞ-a müraciət etmiş və ABŞ ilə təmaslarda bildirmişdir ki, Fassier rus həmsədr, KQB əməkdaşı Yuriy Merzlyakovun “oyunu” əsasında hərəkət edir.
Fevralın 8-i Parisdə “Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF)” tədbiri zamanı fransız siyasətçilərin səsləndirdikləri fikirlərə diqqət etməyə dəyər. Tədbirdə iştirak edən Baş Nazir Jön Kasteks (fr. Jean Castex) çıxış edərək bildirmişdir ki, “Fransa və Ermənistan iki qardaş dövlətdir”. Parisin meri, prezidentliyə namizəd Ann İdalqo (fr. Anne Hidalgo) isə çıxış edərək bildirmişdir ki: “Ermənistanın ərazi bütövlüyü pozulub, Arsax işğal edilmiş ərazidir [red – Azərbaycan tərəfindən]…Qafqazın unudulmuş hissəsində Ermənistan və Arsax mübarizə aparır. Bu mübarizə şərəf və ləyaqət mübarizəsidir. Bu mübarizə həm də bizim mübarizəmizdir”.
Nə etməli?
Göründüyü kimi, Azərbaycan və Fransa arasında illər ərzində mövcud olmuş xoş münasibətlər son iki ildir ki, gərginlik və anlaşılmazlıqlardan ibarətdir. Azərbaycan artıq uzun müddətdir ki, münasibətlərin müharibə əvvəlki səviyyəyə qaytarılmasına nail ola bilmir. Fransanın beynəlxalq münasibətlər sistemindəki xüsusi çəkisindən dolayı Azərbaycanın Fransaya qarşı manevr imkanları limitlənmiş olaraq qalmaqdadır.
İkitərəfli münasibətlərin hal-hazırki situasiyası Azərbaycanın gediş hesablama imkanlarını azaltmaqla yanaşı, atılacaq fərdi addımların riskini artırır. Belə ki, bu cür münaqişəli situasiyalar adətən üç ssenari ilə həll edilə bilir: 1) rıçaq əldə etmək üçün təzyiqi artırmaq və konfrontasiyanı dərinləşdirmək; 2) status-kvonu saxlamaq; 3) güzəştə gedərək normallaşmaq.
Əgər Azərbaycan birinci addımı atarsa və Fransaya qarşı “aqressiv diplomatik gedişlər” edərsə onda Fransa tərəfindən cavab olaraq atılacaq addımlar (retaliatory measures) Azərbaycanın vəziyyətini daha pisləşdirə və Azərbaycanı çıxılmaz vəziyyətə qoya bilər. Bu baxımdan Azərbaycan-Fransa güc balansını və konfrontasiya zamanı Fransanın itirəcəklərinin Azərbaycanın itircəklərindən daha az olacağını mütləq nəzərə almaq lazımdır. Fransa ilə konftrontasiya nəinki Azərbaycan-Fransa münasibətlərini korlaya bilər, hətta Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərində ciddi bir gərginlik yaradaraq Azərbaycanın müstəqilliyi üçün strateji əhəmiyyət daşıyan bir çox layihələrin həyata keçməməsinə səbəb ola bilər. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində manevr imkanlarının ciddi formada zəifləməsinə və beynəlxalq təcridinə gətirib çıxarda bilər.
Fransa ilə münasibətlərin güzəştə gedilərək düzəldilməsi isə Azərbaycanın İkinci Qarabağ Müharibəsi nəticəsində qazandığı hərbi-siyasi kartların itirilməsi və regionda təşəbbüsün əldən çıxması ilə nəticələnə bilər. Fransanın istədikləri münaqişənin həllində hərbi-siyasi nəticələrin yox, “üçlü strateji kondominiumun” layihələrinin rəhbər götürülməsi və Türkiyənin Cənubi Qafqazda rolunun minimallaşdırılması, Fransanın regionda söz sahibi olduğunu tanımaqdır. Ancaq məsələ bundadır ki, Fransa bu şərtlərin qarşısında Azərbaycana bütün məsələlərdə tam siyasi və hərbi dəstək, təhlükəsizlik qarantiyaları yox sadəcə İkinci Qarabağ Müharibəsinə qədər olan status-kvoya geri qayıtmaq təklif edir. Bu şərtlərinin birtərəfli qəbul edilməsi Azərbaycan üçün ən yaxşı halda yalnız deklarativ dəstəyin əldə olunması ilə nəticələnə bilər. Bu şərtlərin qəbul edilməsi Azərbaycana Ermənistanla münasibətdə yürütdüyü geosiyasi layihələrin həyata keçirilməsinə imkan verməyəcək, Azərbaycan-Türkiyə-Rusiya taktiki razılaşmasını pozaraq Qarabağ regionunda Azərbaycanın manevr imkanlarını zəiflədəcək və Azərbaycanın müttəfiqi olan Türkiyə ilə münasibətlərdə gərginliyə yol açacaq.
Münasibətlərin normallaşmasının həm aqressiv, həm də kompromis yollarla həllinin Azərbaycan üçün xalis fayda (net benefit) vermədiyini və zərərlərinin xeyirlərindən daha çox olduğunu nəzərə alaraq qısa müddət üçün Azərbaycan üçün ən optimal yolun mövcud status kvonu saxlamaq olduğunu deyə bilərik. Mövcud status kvonu saxlamaq deyəndə Fransa ilə kommunikasiya vasitələrinin açıq saxlanılması, Fransanın ‘aqressiv’ yol seçməsinin qarşısını almaq üçün onun “vasitəçi” statusunun saxlanılması nəzərdə tutulur.
Bu baxımdan üç məsələyə xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Qarabağ amili Azərbaycan-Fransa münasibətlərində xüsusi yer tutsa da bütün yeri tutmur. Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin Azərbaycan üçün strateji əhəmiyyəti daha vacibdir. Fransanın hər iki institutda xüsusi çəkiyə malik olduğunu nəzərə alaraq Fransa ilə münasibətlərin normal olaraq saxlanılmasının Azərbaycan üçün “strateji prioritet” olduğunu deyə bilərik.
İkincisi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiya monopoliyasını azaltmaq üçün çoxtərəfli (multilateral) diplomatik vasitələrin mövcudluğunun qorunmasına ehtiyac var. Avropa İttifaqının, NATO-nun və BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa dünyada liberal nizamın əsas aktorlarından biri hesab edilir və çoxtərəfli diplomatik vasitələrdə xüsusi söz payına sahibdir.
Üçüncüsü, Fransanın “diplomatik kartları” necə oynadığını müəyyənləşdirməliyik. Neoliberal xarici siyasi kurs yeridən Fransa xarici siyasəti üçün atılan addımların gətirdiyi “iqtisadi dəyər (economic value)” xüsusi əhəmiyyət kəsb edir. Bu cür dəyərin qazanılmadığı xarici siyasət addımları isə adətən deklarativ xarakter daşıyır (məsələn, Ermənistan-Fransa yaxınlaşması). Bu baxımdan Azərbaycan Cənubi Qafqazda Fransaya ən çox ‘xalis iqtisadi fayda’ qazandıra biləcək ölkə kimi özünün də fayda götürəcəyi birgə iqtisadi layihələrin həyata keçirilməsində maraqlı olmalıdır.
Ümumiyyətlə, Fransa ilə münasibətlərin nizamlanmasında nəzərə alınmalıdır ki, Fransa yalnız rasist dairələrdən ibarət deyil və Fransada Azərbaycanla xoş münasibətlərin mövcud olmasını istəyən kifayət qədər dairələr (özəlliklə, müsəlman icmalar) mövcuddur. Azərbaycanın inkişaf etmiş iqtisadiyyat, elm və təhsil sisteminə malik Fransa ilə “bilik mübadiləsindən” yalnız yararlana bilər və bu proses özlüyündə siyasi münasibətlərdən maksimum dərəcədə müstəqil aparılmalıdır.
- ETİKETLƏR :
- Azərbaycan
- Ermənistan
- Fransa
- Qarabağ
- Makron
- MÖVZULAR :
- Xarici siyasət
- BÖLGƏLƏR :
- Rusiya və MDB
- Qərbi Avropa