Politicon.co
ATƏT-in Minsk qrupu: qərəzsiz gələcək
2020-ci ilin payızında Azərbaycanın işğal olunmuş ərazilərinin əsas hissəsinə nəzarəti bərpa etməsi ilə ATƏT-in Minsk qrupunun Azərbaycan ilə Ermənistan arasındakı Qarabağ münaqişəsinə əsas institusional dayaq kimi vasitəçi rolu oynaması məsələsi sual altında qaldı. “44 günlük müharibə” 1994-cü ildən Minsk qrupunun çətiri altında aparılan nəticəsiz danışıqların müəyyən mənada kulminasiya nöqtəsi idi. Azərbaycan tərəfi ATƏT-in vasitəçiliyi ilə münaqişənin həlli arasındakı əlaqənin zəiflədiyini çoxdan başa düşmüş və nəhayət hərbi həll yoluna üz tutmuşdu. Qarabağ müharibəsindən sonrakı dövrdə iki ölkənin gələcək danışıqlarda ATƏT-in potensial iştirakına münasibətini dəyişməsi təəccüblü deyil. Ermənistan ATƏT-in daha fəal iştirakına çağırış etdiyi halda, Azərbaycan münaqişənin birdəfəlik sona çatdığını görür və mövcud status-kvodan müəyyən dərəcədə razıdır.
Bu fonda ATƏT-in əvvəlki uğursuzluqlarının nəzərdən keçirildiyi və Minsk qrupu çərçivəsini yeni reallıqlara uyğunlaşdırmaq üçün siyasi tövsiyələrini irəli sürüldüyü keyfiyyətli müzakirələrin indidən aparıldığını görmək xoş təəssürat yaradır. Qarabağ uğrunda Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tanınmış şəxslərin yazdığı "ATƏT-in Minsk qrupu: Keçmişdən çıxarılacaq dərslər və qarşıda duran məsələlər" adlı "OSCE Insights" hesabatı bu baxımdan diqqətəlayiq bir töhfədir. Mətnin müəllifləri arasında "Carnegie" Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimi Fillip Remler, İrəvanda yerləşən Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan, Tufts Universitetinin Fletçer Məktəbinin magistr tələbəsi Marina Dolçetti Lorenzini və Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun (IMEMO) elmi işçisi Sergey Rastoltsev var. ATƏT-in Qarabağ münaqişəsində vasitəçiliyində iştirak etmiş, keçmiş Dövlət Departamenti rəsmisi Fillip Remler hesabatın əsas müəllifidir və bu cür vacib bir vaxtda belə bir vacib mövzunun müzakirəsinə öz təcrübəsini əlavə etmişdir.Hesabatda Qarabağ münaqişəsinin müxtəlif aspektlərinin dərin təhlili verilir, Azərbaycan və Ermənistanın Minsk qrupunun çətiri altında apardığı danışıqlarda istifadə etdiyi strategiyalara, ATƏT-in münaqişəyə son qoyma səylərinə, əsas iştirakçı tərəflərin məqsəd və reaksiyalarına və son olaraq, gələcəkdə sülh ehtimallarına diqqət yetirilir. Müəlliflər hesabatda əvvəlki siyasi sənədlərdən fərqli olaraq, münaqişəni regiondakı daha geniş geosiyasi gərginliyin bir parçası olaraq təqdim etməkdən çəkinirlər və münaqişənin həllində iştirakçı tərəfin roluna geniş yer verirlər. Müvafiq olaraq, Minsk qrupu formatı heç vaxt Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edəcək təsir mexanizminə malik olmamışdır. Hansı yola üz tutulmasına sonda münaqişə tərəflərinin səlahiyyətləri daxilində qərar verilmişdir. Hesabatda haqlı olaraq bildirilir ki, müharibədən sonra çoxtərəfli ATƏT və ya Rusiya-Türkiyə danışıqları çərçivəsindəki etimad tədbirlərinə cəlb olunan xarici qüvvələr ilk növbədə bu ölkələrin tarixini, mədəniyyətini və insanlarını daha yaxşı başa düşməlidir.
Müəlliflərin münaqişənin həlli prosesi ilə əlaqədar olaraq Azərbaycan və Ermənistanın motivlərinin əsas parametrlərini obyektiv şəkildə müəyyənləşdirmək kimi çətin bir tapşırığın öhdəsindən gəldiklərini də vurğulamaq lazımdır. Hesabatda hər iki tərəfdən yerli elitlərin daxili və xarici arenada müəyyən məqsədlərə çatmaq üçün münaqişədən necə istifadə etdiklərinin qısa təsviri verilir. Ermənistanın məqsədi son otuz ildə işğal olunmuş əraziləri mümkün qədər çox qorumaq olsa da, Azərbaycan mövcud vəziyyətin heç vaxt beynəlxalq səviyyədə tanınmamasını təmin etmək üçün status-kvonu dəyişməyə çalışmışdır. Hesabatda tamamilə düzgün olaraq qeyd edilir ki, Ermənistan və de-fakto Qarabağ hakimiyyəti uzun illər ərzində Azərbaycanın artan hərbi imkanlarına məhəl qoymamış və bu da nəticədə regionda dağıdıcı bir müharibəyə gətirib çıxarmışdır.
Oxucunu ən çox təəccübləndirən müəlliflərin Qarabağda müharibədən sonrakı yeniliklərə perspektivli yanaşmasıdır. Bir tərəfdən, müharibənin yaralarının hələ təzə olmasına və oradakı mövcud atmosferin qeyri-müəyyənlik ilə xarakterizə edilməsinə görə ATƏT-in alacağı potensial etimad və təhlükəsizlik tədbirlərinin hər iki tərəfdən müqavimətlə üzləşəcəyi qəbul edilir. Bu çətinliklərin öhdəsindən gələrkən ATƏT evlərin bərpası üçün humanitar yardımlarla qane olmamalı, həm də minalardan təmizləmə, rabitənin qurulması və infrastruktur, sağlamlıq, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrində zəruri əməkdaşlığın tətbiqi üçün birgə işçi qruplarının yaradılmasında da fəal iştirak etməlidir. Hesabat digər tərəfdən, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması və eyni zamanda Ermənistanla Türkiyə arasında quru sərhədlərinin açılmasını özündə cəmləşdirən regional sülh sazişinin imzalanmasının zəruriliyini vurğulayır. Regional iqtisadiyyatları birləşdirən nəqliyyat arteriyalarının yenidən açılması və inşası, şübhəsiz ki, bu yanaşmanın əsas komponenti olacaq, qarşılıqlı asılılığı və insanlar arasındakı əlaqələri artıracaq.
Buna baxmayaraq, əvvəlki cəhdlərdə də olduğu kimi, hesabatda müəlliflərin formatı və təhlilin məzmunu ilə bağlı bəzi kiçik çatışmazlıqlar var. Əvvəla, Qarabağ münaqişəsinin gələcəyi ilə bağlı hər hansı bir ciddi müzakirəyə hər iki tərəfdən mütəxəssislərin qoşulması təklifi ilə razılaşmamaq çətindir. Təəssüf ki, müəlliflər arasında Azərbaycandan heç kim yoxdur. Bu yoxluq məzmunda açıq şəkildə hiss olunmur, lakin format daha əhatəli olsaydı, hesabat davam edən hadisələrə lokal münasibətdən daha yaxşı istifadə etmiş olardı.
Təhlilin məzmununa gəldikdə, hesabatda irəli sürülən arqumentləri tamamlamaq üçün bəzi məqamlar əlavə etmək olar. Məsələn, müəlliflərin Türkiyənin müharibədən əvvəl və müharibə zamanı Azərbaycanın əsas silah tədarükçüsü roluna (Bakı bu silahları satın alırdı) xüsusi diqqət yetirməsi başa düşüləndir. Bu, bir neçə il əvvələdək heç kəsin gözləmədiyi bir şey idi. Məsələ burasındadır ki, bu cür mübahisələr çox vaxt Türkiyəni mənfi rolda göstərmək üçün istifadə olunur, Ermənistanın əsas silah tədarükçüsü olan Rusiya (əsasən kreditlə və ya bazar qiymətlərindən daha ucuz) isə diqqətdən kənarda qalır. Məlumdur ki, Rusiyanın uzun illər hər iki tərəfə silah tədarük etməsi regionda sülhün bərqərar olunmasına mane olan ən önəmli amillərdən biri olmuşdur.
İkincisi, müəlliflər Qarabağa bitişik yeddi rayona işğalçı erməni qüvvələri üçün strateji əhəmiyyətinə görə kateqoriyalaşdırma təqdim etsələr belə, ermənilərin bu ərazilərə münasibətinin "bufer zonası"ndan tədricən "vətən"ə çevrilməsinin çətin bir qeyri-bərabər oyun şəraiti yaratması və bunun fəlakətli bir müharibəyə gətirib çıxarması barədə heç nə demirlər. Ermənistanda müharibədən sonra belə hələ də Azərbaycan ordusunun azad etdiyi torpaqları "işğal olunmuş" hesab edən nüfuzlu şəxslər (siyasətçilər və mütəxəssislər) var ki, bu işlərə diqqətlə yanaşılmasa, ölkədə yeni bir revanşizm dövrünü alovlandıracaq.
Son olaraq, müəlliflərin Türkiyənin Minsk qrupu formatına həmsədr olaraq daxil ola bilmə ehtimalına mənfi yanaşması başa düşüləndir, çünki Ermənistan tərəfi belə bir vəziyyətlə razılaşmaz. Buna baxmayaraq, onlar regiondakı hazırki güc balansının 1990-cı illərin sonlarında əsası qoyulan həmsədrlik formatının reallıqlarını əks etdirmədiyini nəzərə almırlar. Azərbaycan sadəcə Ermənistanı güzəştlərə sövq edə bilməməsinə görə yox, həm də Fransa və az da olsa ABŞ kimi həmsədr ölkələrin ermənipərəst qərəzlərinə görə Minsk qrupunu ciddi bir vasitəçi kimi görmür. Buna görə də, Minsk qrupu formatında aparılan çoxtərəfli danışıqların gələcəyi haqqında irəli sürülən hər hansı bir təklif hər iki ölkənin zəruri maraqlarını nəzərə almalıdır.
Ümumiyyətlə, üstün və çatışmayan cəhətləri ilə "OSCE Insights" hesabatı ATƏT-in Qarabağda sülh quruculuğundakı rolu ilə bağlı yeni müzakirələr dalğasına dərin töhfə olaraq yüksək qiymətləndirilməlidir. Ümid edək ki, dünyanın müxtəlif yerlərindən Qarabağı müşahidə edənlər üçün keyfiyyətli məzmun təqdim edən və bütün tərəfləri təmsil edən ekspert və akademiklərin iştirakı ilə yeni birgə işlərin görüldüyü mərhələ tezliklə başlayacaq.
- ETİKETLƏR :
- Azərbaycan
- Ermənistan
- Qarabağ
- MÖVZULAR :
- Münaqişə və barışıq
- Beynəlxalq hüquq
- BÖLGƏLƏR :
- Rusiya və MDB